Fəzail Ağamalı vəzifə təklifi almayan deputatlar haqda danışdı
8-05-2018, 09:27
Aprelin 21-də təsdiq olunan yeni hökumətdə 4 deputatın yüksək vəzifələrə təyinat almaları bəzi məsələləri gündəm edib. Son 25 ildə hakimiyyətə sədaqətli olan parlament üzvləri var ki, indiyə qədər heç bir yüksək postda təmsil olunmayıblar. Ən yaxşı halda deputat mandatı alıblar.
Son təyinatlardan sonra gündəmə gələn daha bir maraqlı fakt da ondan ibarətdir ki, 1993-cü ilə qədər ölkə iqtidarına qarşı müxalif mövqedə dayanan bəzi insanlar hazırda hökumətin yüksək pillələrində vəzifə sahibidirlər. Amma hakimiyyətə daim sədaqət nümayiş etdirən (məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bitərəf deputat Zahid Oruc) şəxslər vəzifəyə təyin olunmurlar.
F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, oturuşmuş ölkədə hər şey yerində olmalıdır: “İstər icra strukturları, istər parlament, istərsə də digər sahələr olsun, peşəkarlıq həlledici əhəmiyyət kəsb edir. Bu gün Milli Məclisin bəzi üzvləri ölkə prezidenti tərəfindən icra strukturlarına təyinat aldı. Onlardan əksəriyyəti demək olar gəncdirlər, Milli Məclisdə böyük təcrübə qazanıblar. Muxtar Babayev kimi dəyərli həmkarımız həm də icra strukturunda çalışırdı. Rövşən Rzayev də vaxtilə notarius sistemində işləyib. Onun da idarəçilik sistemində təcrübəsi var. Deputat olmasa da, İnam Kərimov heç nədən ”ASAN Xidmət"i qurmaqla böyük bir təcrübə qazandı. Onun da təyinat aldığı vəzifə üçün yetəcək təcrübəsi var. Vüsal Hüseynov Prezident Administrasiyasından Milli Məclisə gəldi. İki il müddətində parlamentdə yüksək mədəniyyəti, məntiqli çıxışları və savadı ilə özünü təsdiq edə bildi. Onun da təyinatı çox doğru bir qərardır. Sizin də dediyiniz kimi, Siyavuş Novruzov, Fəzail Ağamalı kimi deputatlar əgər icra strukturlarına təyinat alsaydılar, bunun öhdəsindən əlbəttə gələcəkdirlər. Buna qətiyyən şübhə etmirəm. Lakin unutmaq olmaz ki, parlamentdə də peşəkar siyasətçilərə ciddi ehtiyac var. Özümü tamamilə kənara qoyub Siyavuş müəllim haqqında danışmaq istəyirəm ki, komitə sədridir və sanballı deputat, peşəkar siyasətçi kimi formalaşıb. Mənə elə gəlir ki, onun Milli Məclisə töhfələri daha çox özünü göstərməkdədir. Ölkə başçısı tərəfindən daim peşəkarlıq nəzərə alınır. Son təyinatlarda deputatların da yer alması tamamilə məntiqlidir. Bu, çox müsbət bir təcrübədir. Hamı tərəfindən də yüksək dəyərləndirildi".
F.Ağamalı deputat olduğu illərdə heç bir vəzifə təklifi almadığını da söylədi: “Mən 1994-cü ildə Surət Hüseynovla üz-üzə gəldim və ciddi vəziyyət yarandı. O zaman şəxsi özüm Ulu Öndərdən istefa ərizəmi qəbul etməsini xahiş etdim. Çünki vəziyyət olduqca gərgin idi. İstefaya getməməyim ölkədə vəziyyəti ağırlaşdıra bilərdi. Hətta Surət Hüseynovun tərəfdarları belə bir tələblə çıxış edirdilər ki, Fəzail Ağamalı istefa verməsə, prezident Heydər Əliyevin istefa verməsi tələbi ilə Prezident Aparatına hücum edəcəyik, orada oturaq aksiya keçirəcəyik. Bu niyyətlər var idi və bunun da arxasında birmənalı Surət Hüseynov dayanırdı. Vəziyyətin çətinləşməməsi, kritik həddə çatmaması üçün rəhmətlik Ulu Öndərdən onun köməkçisi Eldar Namazov vasitəsilə xahiş etdim ki, istefam qəbul edilsin. Həmin gün Prezident Aparatında kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilirdi, nazir əvəzi kimi həmin müşavirəyə dəvət olunmuşdum. Təkidli xahişimdən sonra ümummilli liderimiz istefamı qəbul etdi. Müşavirənin gedişində istefaya göndərilməyim barədə prezidentin sərəncamı oldu. Ondan sonra yenə də mövqeyimdə qaldım və Heydər Əliyev siyasətini birmənalı dəstəkləməkdə davam etdim. Surət Hüseynov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ulu öndərimiz tərəfindən mənə təklif olundu ki, əvvəlki vəzifəmə qayıdım. Bu mənə çox böyük etimad idi. Bunun üçün təşəkkürümü bildirdim və arzumu dedim ki, əgər Ulu Öndər məsləhət bilərdisə, dövlətimizə parlament müstəvisində xidmətimi göstərərdim. Ümummilli liderimiz bu istəyimə hörmətlə yanaşdı və parlament seçkilərinə getdim. İndiyə qədər də Milli Məclisdəyəm. Millət vəkili kimi dövlətimə, xalqıma xidmət etməkdən qürur duyuram. Bu, xidmətlərimin ən yüksək zirvəsidir. Belə xidməti Tanrı taleyimə yazıbsa, Tanrıma da minnətdaram. Deputat olduğum dönəmlərdə bu və ya digər vəzifələrə təyinat almamışam. Amma cənab prezident məsləhət bilərdisə, xidmətlərim xüsusi olaraq dövlətimiz üçün lazım olardısa, heç şübhəsiz ki, istənilən təklifi qəbul edərdim. Çünki etiraf etmək lazımdır ki, cənab prezident İlham Əliyev daha qlobal düşünür, Azərbaycan dövlətçiliyinin bu gününə və sabahına töhfələr vermək üçün hər kəsdən daha böyük məsuliyyəti çiyinlərinə götürərək, bunun üçün komandasını formalaşdırır. Ona görə də Milli Məclisdə deyil, icra strukturlarında belə bir təklif olunsaydı, oradan dövlətimizə, xalqımıza daha ciddi xidmət göstərə bilsəydim, bu potensialım, imkanım olsaydı, təbii ki, təklifləri qəbul edərdim”.