Gürcüstanın daxili işlər naziri Tbilisidə etirazçılarla görüşüb
14-05-2018, 09:00
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüşdən sonra onların qarşısında üzr istəyib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, G.Qaxariya həmçinin aksiya iştirakçılarına müraciət edərək onları təhqir etdikləri polis əməkdaşlarından üzr istəməyə çağırıb.
“Mən yalnız öz adımdan üzr istəmirəm. Əgər DİN-nin hər hansı bir nümyəndəsi siz və sizin təhlükəsizliyinizə risk yaradıbsa, onların yerinə də üzr istəyirəm”, - deyə nazir bildirib.
***
23:46
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya və etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri arasında keçirilmiş görüş başa çatıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, görüşdən sonra hərəkatın lideri Beka Tsikarişvili aksiya iştirakçılarına müraciət edərək onları sakit olmağa çağırıb. O bildirib ki, görüşün vacib nəticələri olacaq.
G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib.
***
22:53
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya Tbilisinin mərkəzində aksiyaların davam etdiyi Rustaveli prospektinə gəlib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nazir cümə günü gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyanın təşkilatçıları olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüş keçirir.
Görüş Gürcüstan parlamentinin binasında keçirilir.
***
22:19
Tbilisinin mərkəzində aksiyaların davam etdiyi parlament binasının qarşısında vəziyyət gərgin olaraq qalır.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, etiraz aksiyasına cavab olaraq keçirilən aksiya iştirakçıları parlament qarşısına keçməyə çalışırlar. Rustaveli prospektinə su şırnağı texnikası daxil edilib.
Hadisə yerinə xüsusi təyinatlılar da cəlb olunub.