Tramp Bakını nişan verdi – ABŞ-ın məqsədi

31-05-2018, 09:40           

ABŞ regionda ən əhəmiyyətli, regional partnyor, tərəfdaş kimi Azərbaycanı görür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə Prezident İlham Əliyevə ünvabladığı məktubunu şərh edərkən deyib. O bildirib ki, ümumiyyətlə, bu, Trampın Xəzərlə bağlı artıq 3-cü məktubudur:

“Son vaxtlar Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında çox mühüm rol oynayır. Ölkəmiz eyni zamanda dünyada enerji təhlükəsizliyinə təhdidin qarşısını almaqda əhəmiyyətli dövlətlərdən hesab olunur. İstər AB, istərsə də ABŞ bunu yüksək qiymətləndirir. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi ilə bağlı tədbirdə Tereza Meyin nümayəndəsinin Azərbaycan haqqında dediyi sözlər, Tereza Meyin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rolu ilə bağlı göndərdiyi müraciəti də bu baxımdan çox təqdirəlayiq idi”.

Politoloq vurğulayıb ki, böyük iqtisadi layihələrin həyata keçirilməsində ən mühüm amil regional təhlükəsizliyin təminidir:

“Bu gün Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması həmin təhlükəsizliyə təhdiddir. Buna görə də Trampın istər indiki, istərsə də bundan əvvəlki məktubunda Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə planlarının olmasını qeyd etməsi çox əhəmiyyətli hal kimi qiymətləndirilə bilər”.

Politoloqun sözlərinə görə, bu gün Gürcüstan və Ermənistan karbohidrat ixracatçıları kimi regionda elə də əhəmiyyət kəsb etmir:

“Tramp bilir ki, Azərbaycanda stabilliyin olması bu məsələdə xüsusi rol oynayır. Azərbaycan strateji partnyor kimi istər enerji layihələrində, istər NATO-nun sülhməramlı missiyalarının həyata keçirilməsində özünü təsdiq edib. Digər tərəfdən, Azərbaycan Suriya və digər məsələlərdə heç bir siyasi bloka qoşulmayaraq, öz balanslı siyasətini yürütməyə davam edib. NATO-nun üzvü olan Türkiyə ilə də bizim yaxın partnyorluq əlaqələrimiz ABŞ-ın diqqətindədir. Bütün bunlar nəzərə alaraq, Trampın məktubu Azərbaycanı partnyor kimi eyni müstəvidə qəbul etdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev də dünən Səngəçalda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində öz çıxışında həm AB-yə, həm ABŞ-a göstərdikləri dəstəyə görə öz minnətdarlığını bildirib”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda Tramp İlham Əliyevi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.