Terrorçu rəsmilə terrora çağırış: Məsuliyyət yaradır?
17-07-2018, 16:58
Əsabəli Mustafayev: ”Terrora dəstək verirlərsə, çağırışlar edirlərsə, o zaman onlar terrorçuluq ittihamı ilə məsuliyyətə cəlb olunmalıdır”
Gəncədə yüksək vəzifəli məmurun güllələnməsi, ardınca polis əməkdaşlarının qətli, ictimaiyyət arasında xof yaratmaq və dövlətə qarşı narazılıqları artırmağa yönəlik cəhdlər son günlərin ən çox müzakirə edilən mövzularıdır. Baş verənlərin arxasında dayanan gizli əllərin aşkarlanması üçün əməliyyat tədbirlərinin keçirildiyi bir vaxtda hələ də sosial şəbəkələrdə terrora gizli çağırışların şahidi oluruq. Belə yanaşmalardan biri də terrorçu hesab olunan birinin təbliğatıyla bağlıdır. Bu təbliğat özünü müxtəlif formalarda göstərə bilər və göstərir.
Açıq və ya dolayı şəkildə terrorçuya dəstək verən, ona qarşı simpatiyasını gizlətməyən insanlara qarşı hüquq necə davranır? Bu, hüquq pozuntsu hesab edilə biləcək tutarlı faktdırmı? Açıq dəstəklə bağlı fikirlər, ideya və mövqeyi təbliğ etməyə dair məhkəmədə sübut sayıla biləcək faktların sırasına məsələn, terrorçu hesab edilən şəxsin fotosunun profil şəkli edilməsi də daxildir? Bu, cinayət məsuliyyəti yaradırmı?
Belə ki,son günlərin diqqətçəkən məqamlarından biri Gəncə şəhər İcra Hakimiyyətinin başçısını güllələyən Yunis Səfərovun sosial mediada təbliğatının aparılması, ona qarşı simpatiyasını gizlətməyənlərin aktivləşməsidir. Passiv təəssübkeşlik edənlər də sosial şəbəkələrdəki profillərinə məhz terrorçunun şəklini əlavə edirlər. Dövlət məmuruna qarşı terror etmiş Yunis Səfərovu sanki qəhrəmanlaşdırmağa cəhd edərək, sanki bununla cəmiyyətə açıq mesaj verməyə cəhdlər var. Bu niyyət açıqca görünür.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan vəkil Əsabəli Mustafayev bildirib ki, əgər terrorçuya və terrora açıq çağırış varsa, o zaman, bu, cinayət məsuliyyəti yaradır : “Mən də şahidi olmuşam, şərhlərdə “əhsən, maşallah, davamı gəlsin” kimi sözlər yazırlar”.
Lakin hüquqşünas hesab edir ki, istənilən hadisəyə hüquqi qiymət verəndə onun motivini dəqiq müəyyən etmək lazımdır, çünki yalnız bu halda hüquqpozmalara dəqiq qiymət vermək olar: “Hər bir cinayətin məqsədi və motivi var. Biri var bunu deyən adam doğrudan da terror aktının davamını istəyir, insanlara bu barədə çağırışlar edir. Digər bir qisim isə sadəcə olaraq hissiyyata qapılıb belə sözlər işlədir. İctimaiyyət də bu məsələdə bir qədər tərəddüddə qalır. Amma hökumət nümayəndələri olayın başından müxtəlif versiyalar irəli sürdülər. Gah dedilər ki, kriminal hadisədir, sonra bildirdilər ki, qisasçılıq zəminində törədilən hadisədir. Deyirdilər ki, icra başçısı cinayətkarın hamilə bacısını söyüb, təhqir edib. İstər-istəməz insanlarda da bu hadisəyə qarşı müəyyən fikir, nifrət və qəzəb formalaşdı. Ona görə də məsələnin motivini araşdırmaq lazımdır ki, cinayət hansı məqsədlə törədilib”.
Vəkil hesab edir ki, terrorçuluq ittihamı ilə kiminsə məsuliyyətə cəlb olunması üçün həmin şəxsin baş verənlərə münasibətini öyrənmək lazımdır:”Doğrudan da terrora dəstək verirlərsə, ölkədə çaxnaşma düşməyini istəyirlərsə, bu cür sui-qəsdlərin sayının çoxalmasına çağırışlar edirlərsə, o zaman terrorçuluq ittihamı ilə məsuliyyətə cəlb olunmalıdırlar”.