Azərbaycan səfirinin Şah İsmayılla bağlı fikirləri qalmaqal yaratdı

13-01-2017, 10:19           

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının üzvü, tarixçi alim Dilavər Əzimli Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai haqqında söylədiyi fikirlərinə etiraz edib.

D.Əzimli Ölkə.Az-a açıqlamasında deyib ki, Şah İsmayıl Xətainin 1501-ci ildən sonra ermənilərin Naxçıvana və Qərbi Azərbaycana yerləşdirilməsi barədə iddialar doğru deyil.

“Səfir Hidayət Orucov bu günlərdə verdiyi müsahibələrin birində deyir ki, guya Şah İsmayıl Xətai 1501-ci ildən sonra ermənilərin Naxçıvana və Qərbi Azərbaycana yerləşdirib. Bunun bir dövlət rəsmisinin adından yayılması ciddi məsələdir. Əgər səfirimiz bu məsələni dərindən bilmirsə, görün o biri məsələlərdə hansı səhvlərə yol verə bilər. Heç olmasa ölkə başçısının ermənilərlə bağlı söylədiklərini izləsin. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun saytına daxil olsun, əlaqə saxlasın və informasiyala malik olsun. Ölkə rəhbəri ermənilərlə bağlı məsələlərdə birmənalı şəkildə bəyan edir ki, ermənilər Qafqaza 1828-ci ildən sonra gəlməyə başlayıb”.

D.Əzimli söyləyib ki, əvvəllər burada olanlar erməni olmayıb:

“Buna görə də onların iddiaları yanlış və saxtadır. Tarixdən bəllidir ki, sonradan gələn haykazalar erməni adını bütövlükdə götürüblər. Onlar Finikiyadan, yəni Balkanlardan gələn tayfa olubdur. Yəni, Finikiyadan gələrək, Van gölü ətrafında məskunlaşıblar. Sayları da təqribən min nəfərə yaxın olub. Sonradan gəlib burada erməni adına sahib çıxıblar. Həmin ərazi isə tarixi Ərməniyyə ərazisi olubdur. Ərməniyyənin 90 faizi isə türklər olubdur. Sonradan Sasanilər və ərəblər dövründə Azərbaycanı, Arranı və Ərməniyyəni bir canişin idarə edirdi. Onları dini bunları fərqlər ayırdı. Bu da düşmənçiliyə gətirib çıxardı. Sonradan bura gələn həmin haykazlar bundan istifadə etdilər və bütün Ərməniyyəni öz adlarına çıxdılar. Bu ərazinin insanları eyni kökə malik olan tayfalar olubdur”.

Tarixçi alim Hifayət Orucova da müraciət edib:

“Ay Hidayət Orucov, siz bunları yaxşı bilməlisəniz, axı! Axı siz səfirsiniz! Bilmirsinizsə, heç olmasa bu barədə tarixçilərə müraciət edin də! Bu gün ölkə rəhbərliyi də bəyan edir ki, ermənilər tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdə köçürülüblər. Bu tarixi sənədlərdə də öz əksini tapıb. Bununla bağlı Tarix İnstitutu müxtəlıif dillərdə yüzlərlə elmi əsər dərc edib. Hamısı da mənbə və arxiv materaillarına söykənir. Onların içərisində “Real tarix” siz səfirlərin stolüstü kitabı olmalıdır. Səkkiz dilə tərcümə olunubdur. Bir də sizin bu açıqlamalarınız ermənilərə yeni şans verir. Rəsmi bir adam deyir ki, indiki bu ermənilər 600 ildir ki, Naxçıvanda və Qərbi Azərbaycanda yaşayır. Sizcə, mən haqlı deyiləmmi?”.

Xatırladaq ki, səfir Hidayət Orucov 1501-ci ilədək nə Naxçıvanda, nə də Zəngəzurda erməni yaşamadığını bəyan edib:

“Həmin dövrdə Qərbi Azərbaycanda Qafqaz Albaniyasından qalan xristian əhali olub. Ancaq həmin xristianlar İslam dinini qəbul etmişdi. Böyüklərin faciəsi doğrudan da böyük olur. Allah Şah İsmayıl Xətaiyə rəhmət etsin. 1501-ci ildən sonra Şah İsmayıl Xətai erməniləri Qərbi Azərbaycana və Naxçıvana köçürməyə başlayıb. Əslində, Səfəvi şahı erməniləri ölkənin bir ərazisindən digər ərazisinə köçürüb. Bundan sonra həmin bölgədə erməni icması formalaşmağa başlayıb. Qafqaz Albaniyasından qalan xristianlar da ermənilərin içərisində qarışıblar. Sonralar isə ermənilər burada öz kilsələrini də yaradaraq, Qafqaz Albaniyasından qalan kilsələrin hamısını qriqoryanlaşdırıblar. Erməniləri bu addımları Naxçıvanda, İrəvanda, Zəngəzurda və digər ərazilərdə həyata keçiriblər. Bütün bunlardan geniş formada bəhs edən kitabım var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.