Bakıda bağlanan obyektlərin sayı sürətlə artır - FOTOLAR
29-10-2015, 20:33
Bakıda bahalı geyim mağazaları, bəzi yerlərdə isə gözəllik salonu, kafe, çayxana kimi social yönümlü obyektlərin bağlanması prosesi davam edir.
Virtualaz.org saytı bu problem barədə əvvəlki saylarında da məlumat verib.
Xəbər verdiyimiz kimi, Rəsul Rza, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi mərkəzi küçələrdəki bahalı geyim mağazaları, elit butiklər, brend dükanlar, Azadlıq prospekti, Rəşid Behbudov, Süleyman Rüstəm küçələrindəki müxtəlif iaşə obyektləri fəaliyyətini davam etdirə bilmədiyinə görə onların hamısının üzərində icarəyə verilməsinə dair elanlar vurulub. Sahibkarların və icarədarların sözlərinə görə, obyektlərin əksəriyyəti 3-4 aydan çoxdur ki, boşdur, amma onlara müştəri çıxan yoxdur.
Bənzər hal şəhərin digər ərazilərində də müşahidə olunur.
Məsələn, virtualaz.org saytının reportyorları Ceyhun Hacıbəyli küçəsində (əvvəlki Fabritsius) vəziyyətin daha fərqli olduğunu müşahidə edib. Görünən odur ki, proses bu dəfə xırda və orta sahibkar təbəqəsini əhatə edir.
Belə ki, bu küçədə 10-dan artıq obyekt fəaliyyətini dayandırıb. Bunlar gözəllik salonu, kafe, mağaza, maşın salonu və s. obyektlərdir.
Həmin obyektlərin qonşuluğunda fəaliyyət göstərən digər obyektlərin işçilərinin sözlərinə görə, onların hamısı son bir neçə ayın içində işləyə bilmədiyindən, müştəri qıtlığından bağlanıb.
Qapısının üstündən “İcarəyə verilir” elanı asılmış obyektlərdən birinin yaxınlığındakı marketin satıcısı deyir ki, bura əvvəl kafe olub: “Əvvəllər bura “Ovçular” adlanan kafe idi, sonra işləri yaxşı getmədi deyə bağlandı. Eşitdiyimə görə, kafeni başqa adam alıb, təmir etdirib, indi də icarəyə verir. Amma icarə pulunu çox - 1500 manat istədiyinə görə heç kim yaxın durmur. Bu kafe artıq bir neçə aydır bağlanıb”.
Sahibkarlardan onu da öyrənirik ki, indi ya satışa çıxarılan, ya da icarəyə verilən bu obyektlərin bağlanmasına səbəb olan əsas amillərdən biri müştəri qıtlığı və manatın fevraldakı devalvasiyasından sonra yaşanan iqtisadi çətinliklərdir. Onların hamısı bu səbəbdən bağlanır.
Xatırladaq ki, obyektlərin, deməli, həm də iş yerlərinin son vaxtlar az qala kütləvi şəkildə bağlanması hökumət səviyyəsində də müzakirə mövzusudur. Bu məsələ hətta prezident İlham Əliyev tərəfindən də ciddi problem kimi qaldırılıb. Dövlət başçısı ilin 9 ayının yekunlarına dair Nazirlər Kabinetinin iclasındakı çıxışında son vaxtlar ölkədə 30 min iş yerinin bağlanması məsələsinə toxunmuş, bu neqativ prosesin qarşısını almaq üçün müvafiq dövlət qurumlarına tapşırıqlar vermişdi.