YAP-ın ÜMİDİNƏ QALAN MOLLAZADƏ... - Sabah Avropa Məhkəməsi qərar çıxaranda necə olacaq?!
2-02-2020, 21:58
“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm, amma məni özümdən xəbərsiz Asim Mollazadənin partiyasından müşahidəçi yazıblar. Belə şey olar? Bu nə dərəcədə doğrudur?”
Bu sözləri 104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsinin seçicisi, Gədəbəy rayon Şahdağ kəndinin sakini deyir...
Demokratik İslahatlar Partiyası (DİP) da növbədənkənar parlament seçkilərində iştirak edir. Sədr Asim Mollazadə parlamentin buraxılmasını razılıqla qarşılayan millət vəkillərindəndir.
DİP-in bir neçə dairədən namizəd irəli sürdüyü bildirilsə də, sədr qarışıq heç biri aktiv seçki təbliğatı aparmır. Görünür, Gədəbəy sakini demiş, partiyanın seçki fəaliyyətini inzibati orqanlar müəyyənləşdirdiyindən Asim Mollazadənin hərəkət etməsinə ehtiyac qalmır. O, yenidən, 5-ci dəfə deputat mandatı alacağına olduqca əminlik nümayiş etdirir.
DİP sədri hazırda deputat olduğu 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. Ümumilikdə bu dairədən 12 namizəd seçki prosesinə qoşulub. Hakim partiya Asim Mollazadənin xətrinə buradan “seçiləcək” namizəd irəli sürməyib. Azərbaycan Tibb Universitetinin Məhkəmə Təbabəti Kafedrasının professoru Vüqar Məmmədov isə bu seçki dairəsinin favorit namizədi sayılır. Professor həm mediada, həm sosial şəbəkələrdə, həm də dairə ərazisində aktiv seçki kampaniyası aparır. Asim Mollazadə bu təbliğat-təşviqatın fonunda icra qurumlarının xala xətrin qalmasın görüşləri ilə olduqca sönük görünür. Seçicilərin cənab Mollazadəyə bu münasibəti təsadüfi deyil. Deputat olduğu onilliklərdə heç kimə yardımı toxunmayıb, müraciətləri icra qurumlarına yönləndirməklə kifayətlənib.
Ümumiyyətlə, DİP sədri seçicilərin onun yanına şikayətə gəlməsini hiddətlə qarşılayıb, çox vaxt “deputat problem həll edən deyil, gedin, aidiyyatı qurumların qapısını döyün” deməklə onları qovub.
A.Mollazadə dairədə seçicilərin özünə münasibətini yaxşı qiymətləndirir, ona görə, başqa həmkarları kimi seçicilərin qarşısına çıxıb hal-əhval tutmaq, foto çəkdirmək niyyətində deyil. Ehtiyatlanır ki, yaxasından tutub “indiyə qədər haradaydın” deyəcək seçicilərin əlindən çətin xilas ola bilər.
DİP sədri həm də müxalifət partiyasının nümayəndəsi kimi Azərbaycanı Avropa Şurasında təmsil edir. Son illər onun çıxışları ancaq Azərbaycanı insan haqlarının, medianın, siyasi azadlıqların vəziyyətinə görə tənqid edən avropalı siyasətçilərə “tutarlı cavab” vermək üzərində qurulub. Əvvəllər bir-iki kəlmə senzuradan kənar ifadələr işlətsə də, daha belə cümlələri dilinə gətirmək istəmir. Deputat seçilmək şanslarını tamamilə hakimiyyət qurumlarına həvalə etdikcə, cəmiyyətin yox, bir qrup məmurun sözçüsünə çevrilir.
Müşahidələr göstərir ki, Azərbaycanı beynəlxalq qurumlarda təmsil edən deputatlar əhatəli seçki kampaniyası aparmağa çalışırlar. Onların görüşləri kütləvi keçir, mediada yaxşı işıqlandırılır, habelə seçiciləri maraqlandıracaq təşiqat alətlərinə müraciət edirlər. Bu, kifayət qədər zəhmət və maliyyə tələb edir. Mandat alacaqlarına nə qədər arxayın olsalar da, özlərində məsuliyyət hiss edirlər. Ən azı halal seçki görüntüsü yaradıb qalib olmaq istəyirlər ki, beynəlxaq qurumlardakı fəaliyyətlərinə mənfi təsir göstərməsin.
Amma Asim Mollazadə istisnadır. O, Azərbaycanı Avropa Şurasında təmsil etsə də inzibati resurslar hesabına, heç bir təbliğat-təşviqat aparmadan deputat olmağı özünə ar bilmir. Onu qətiyyən narahat etmir ki, əsas rəqibinin mandatını əlindən almaq sabah Avropa Məhkəməsinin Azərbaycanı cərimələməsi ilə nəticələnə bilər. O zaman Avropa Şurasındakı kürsüdə rahat əyləşəmək mümkün olmayacaq...
“AzPolitika”