AFFA-ya asan sual: 50 min manatın hesabını kim verəcək?

31-05-2020, 00:00           
AFFA-ya asan sual:
Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki toplantısında çoxdan gözlədiyimiz açıqlamanı eşitdik. Artıq açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib. Deməli, klublarımız da iyunun ilk günündən məşqlərə başlayacaq. Yaxın 2-3 həftə ərzində Azərbaycan Premyer Liqası qaldığı yerdən davam edəcək.

Azərbaycan Premyer Liqasının 20-ci turdan sonrakı oyunları keçirilməyib. Qarşıda bizi çempionatın səkkiz turu və ölkə kuboku uğrunda mübarizənin həlledici mərhələsi gözləyir. Premyer Liqayla vəziyyət elə də mürəkkəb deyil. “Qarabağ”ın növbəti çempionluğunu bayram edəcəyinə şübhəsi olanlar azdı. İşbaz menecerlərin “Neftçi”yə caladığı italyan Roberto Bordindən canını qurtaran “xalq komandası” “Qarabağ”dan düz 8 xal geridədi. Qalan turlar ərzində bu fərqin əriyəcəyi inandırıcı deyil. Komandanın “vuran ayağı” Baqali Dabo artıq ayağının birini Cənubi Kiprə qoyub. Fransız hücumçu mövsümün sonuna qədər “Neftçi”də qalsa belə çempionatı yola verməklə məşğul olacaq.

“Keşlə”nin “Neftçi”ylə arasındakı 7 xallıq fərqi qapada biləcəyi də inandırıcı görünmür. Deməli, ilk “üçlük”də hansısa dəyişiklik gözlənilmir. Mükafatçılar indiki ardıcıllıqla mövsümü bitirəcək və avrokuboklara hazırlaşmağa başlayacaqlar. Əsas məsələ qitə kuboklarına yollanacaq dördüncü komandanın kim olacağıdı. Bu vəsiqəyə də “Zirə”ylə “Sumqayıt” iddia edir. Düzdü, “Qəbələ” kubok yarışında yer alır, hadisələrin xoş axarı onların da yolunu aça bilər. Lakin indiki halda “Sumqayıt” buna daha şanslı görünür. Biz də zamanı qabaqlamayaq. Heç bu günkü yazımızın da mövzusu o deyil.

Xüsusi karantin qaydalarının tələbləri, pandemiya qorxusu bəzi qadağaları qaçılmaz edir. Sosial məsafənin qorunması, dezinfeksiya işləri, qarşılaşmaların azarkeşsiz keçirilməsi bu qəbildəndi. Ən əsası isə futbolçuların, məşqçilərin və hakimlərin koronavirus testindən keçmələri, onların “təmiz” olduğunun həkimlər tərəfindən təsdiqlənməsi. Necə deyərlər, Kərəmi də burda ağlamaq tutur. Çünki hər nə qədər təmasdan qaçılsa da, sosial məsafə saxlanılsa da, bir nəfərin koronavirusa yoluxması kifayət edər ki, elita təmsilçilərinin futbolçuları, məşqçilər və hakimlər də daxil olmaqla bu xəstəliyə tutulsunlar. Hələ mən oyunlar zamanı stadionda yer alacaq polis əməkdaşlarını, öz işini yerinə yetirməli olan jurnalistləri və operatorları demirəm. Meydana ayaq basacaq, texniki zonada əyləşəcək hər kəs testdən keçirilməli, yalnız bundan sonra məşqlər başlamalıdı. Amma bir şərtlə ki, testlərdən sonra bütün heyət, o cümlədən hakimlər karantində saxlanılmalı, ətraf aləmdən təcrid olunmalıdı.

Mayın 14-də Elxan Məmmədovun rəhbərliyi ilə Klublar Komitəsinin videokonfrans şəklində toplantısı oldu. Orda AFFA klublara testdən keçməklə bağlı “tovsiyyə verdi”. “Qəbələ”dən başqa hamı bu tövsiyyəni canla-başla yerinə yetirdi. 7 klubun futbolçularıyla yanaşı elitadan fit çalan, bayraq qaldıran hakimləri də testdən keçirdilər. Rəsmi rəqəm açıqlanmasa da, AFFA-nın bu testlərə görə hər bir kluba 5 min manat ayrıldığı haqda təkzibedilməyən informasiyalar aldıq. Deməli, 40 min manat elita klublarına verildi və bundan 35 mini elə həmin vaxt da xərcləndi. Təxminən 10 manat da hakimlərin testinə görə hansısa klinikaya ödənildi.

Test verən futbolçular sonradan öz işlərinin, gəzməklərinin arxasınca yollandı, heç kim onları karantinə cəlb etmədi. Şəxsən bizim sayt klublara sorğu yolladı, heç bir klub məşqlər başlamadan, futbolçular karantinə alınmadan verilən testlərin nəyə yaradığını izah edə bilmədi. Sözsüz ki, burda “ağa deyir sür dərəyə” prinsipi işə düşmüşdü. AFFA pul verib, “testdən keçin demişdisə”, hamı buna əməl etməliydi.

İndi üzümü AFFA-ya tutub deyirəm, havaya sovrulan 50 min manatın hesabatını kim verəcək? Klubların yenidən test verməsi üçün pul lazımdı. Olmazdımı tövsiyyənizdə tələsməyəydiz? İndi klublar məcburdular ki, öz büdcələrindən pul ayırsınlar, futbolçuları yenidən testdən keçirsinlər. O pullar konkret havaya sovruldu. Allah sizi də, bizi də koronavirusdan qorusun! SPORT7.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.