Tibbi maska, sosial məsafə və dezinfeksiya vasitələri…
12-06-2020, 00:16

Hazırda dünyada koronavirusun ikinci dalğası yayılmaqdadır. Azərbaycanda da bu mərhələni mümkün qədər yüngül başa vurmaq üçün ciddi tədbirlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 9-da modul tipli üç xəstəxananın açılışı mərasimində də bir daha vurğuladı ki, ölkə rəhbərliyinin qarşısında duran əsas vəzifə insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir.
Dövlət başçısı yoluxma sayının artdığı bir vaxtda insanlarımızı məsuliyyətli olmağa çağırdı və bildirdi ki, bunun üçün çox şey lazım deyil, cəmi üç amilə əməl etmək lazımdır: tibbi maska taxmaq, bir yarım–iki metr məsafə saxlamaq və dezinfeksiya vasitələrindən istifadə etmək. Prezident deyib: “Bu amillər insanları, həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.
Qeyd etməliyəm ki, Azərbaycanda tibbi maska qıtlığına çoxdan son qoyulub. Artıq iki tibbi maska müəssisəmiz fəaliyyətdədir. Tibbi maskaları xaricdən də idxal edirik. Dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar da artıq Azərbaycanda istehsal olunur. Ona görə də sadəcə məsuliyyətli olmaq, tələblərə əməl etmək lazımdır.
Şübhəsiz ki, biz həkimlər infeksiyadan qorunmağın ən yaxşı yolu kimi insanlara güclü immun sisteminə malik olmağı məsləhət görürük. Yorğunluq, halsızlıq, taqətsizlik hissi, il ərzində 7–8 dəfə hər hansı yoluxucu xəstəliklə üzləşmək və həmin xəstəliklərin uzunmüddətli müalicə tələb etməsi immun sisteminin zəifliyini göstərir.
İmmunitetin möhkəmləndirilməsi üçün bəzi vacib məsləhətlər var. Qidalanma zamanı meyvə-tərəvəzlərə üstünlük verilməsi, gün ərzində 2–3 litrə qədər maye qəbul edilməsi immun sistemini formalaşdırmağa kömək edir. Bununla yanaşı, idmanla məşğul olmaq, fiziki hərəkətlər etmək də immun sisteminin möhkəmlənməsinə kömək edir. Ən vacib elementlərdən biri C vitaminidir. Ona görə də portağal, naringi, limon kimi sitrus meyvələrindən, yaşıl və qırmızı bibər, cəfəri, Brüssel kələmi, gül kələm, noxud və pomidor kimi tərəvəzlərdən çox istifadə etmək lazımdır.
Vacib məsələlərdən biri də şəxsi gigiyena qaydalarına əməl etməkdir. Əllər azı 1 dəqiqəyə qədər sabunla yuyulmalı, çirkli və yuyulmamış əllərlə ağız, burun və gözə toxunulmamalıdır. Çirkli və işlənmiş maskalardan ikinci dəfə istifadə edilməməlidir. Heyvan mənşəli məhsulların çiy və kifayət qədər yaxşı bişirilməmiş qəbul edilməsi də təhlükəli ola bilər.
Bütün bunlardan əlavə, TƏBİB-in mütəmadi olaraq açıqladığı məsləhətlərinə əməl etmək lazımdır. Bu tələblərə ciddi yanaşılsa, yoluxmaların sıfıra enməsi mümkündür.xalqqezeti/