Dövlətin qaziyə verdiyi avtomobilin sənədi yoxa çıxıb - Bərdədə qanunsuzluq...

13-06-2020, 09:55           
Dövlətin qaziyə verdiyi avtomobilin sənədi yoxa çıxıb - Bərdədə qanunsuzluq...
II qrup Qarabağ əlili Nəsrəddin Qurbanovun Azərbaycan Prezidenti İlham Əliyevə və Vitse-prezident Mehriban Əliyevaya dəfələrlə etdiyi müraciət cavabsız qalıb
Qaziler.az bildirir ki, Qarabağ əlilinin sözlərinə görə, DİN əməkdaşı, tədqiqatçı Rəşad İsmayılzadə onu rüşvət verməyə məcbur edir.

N.Qurbanov başına gətirilənləri müxbirimizə danışıb: "2018-ci ildə Bərdənin Alaçadırlı adlanan ərazisində mənim də olduğum avtomobil qəzası baş verdi. Əraziyə gələn hüquq-mühafizə orqanı əməkdaşları həmin qəzada məni günahlandıraraq 560 manat cərimə yazdılar və Prezident tərəfindən mənə verilən maşınımı cərimə meydançasına apardılar. Mən cəriməni ödədikdən sonra hadisə ilə bağlı video-görüntülər əlimə keçdi və hadisənin heç də mənim günahımdan baş vermədiyini anladım. Lakin cəriməni artıq ödəmişdim. Bununla belə maşınımı cərimə meydançasına aparan tədqiqatçı maşının şəhadətnaməsini də hadisəni protokollaşdırmaq adı ilə aldı və indiyə qədər qaytarmayıb. İtirdiyini söyləyir. Maşın da cərimə meydançasında çürüyür. Məsələnin bu qədər uzanması isə ondan başladı ki, tədqiqatçı Rəşad İsmayılzadə məndən 200 manat rüşvət istədi. Bildirdi ki, bu, Bərdə prokurorunun tapşırığıdır. Qeyd edim ki, qəzanı törədən də elə keçmiş prokurorun qohumudur".

N. Qurbanov bildirir ki, hadisə baş verdiyi tarixdən başlayaraq pandemiya dövrünə, yəni martın əvvəlinə qədər hər həftə Prezidentə və Vitse-prezidentə faks vasitəsilə müraciət göndərib, lakin heç bir cavab ala bilməyib. "Çünki həmin məktubları cırıb atırlar, Prezidentə vermirlər. Qarabağ qazilərinə ögey münasibəti fərarilər yaradır. Mən rüşvət istəyən tədqiqatçıya dedim ki, Prezident tərəfindən verilən maşınımı hansı əsasla 2 ildir ki, saxlayırsınız? Mən güllə qabağında indi kiməsə rüşvət vermək üçün durmamışdım. Biz qazilərə elə ögey münasibət göstərirlər ki, müdafiə etdiyimiz doğma Vətənimizi tərk etmək məcburiyyətində qalaq. Müharibə dövründə qaçıb gizlənənlər bu gün burada ağalıq edə bilməzlər" - deyə qazi bildirib.

Qaziler.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.