“İndi görünür ki, maliyyə qaynaqları əvvəlki kimi effektli deyil və televiziyanı saxlamaq mümkünsüz olub”
19-06-2020, 10:31

Bir neçə gün öncə “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edildi. Belə ki, Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasına baxılıb. Məhkəmə iddianı təmin edib.
Xatırladaq ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.
İlkin vaxtlarda «Lider» TV əsasən klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez bu kanalda görmək olurdu.
«Lider» TV ilk dəfə bu ilin mart ayının 10-da saat 22:01-də yayımını dayandırıb. MTRŞ sədri o zaman açıqlama verərək bildirdi ki, telekanalda texniki problemlər yarandığına görə yayım dayanıb. Martın 11-də telekanalın və radionun fəaliyyəti bərpa edildi. Mayın 3-də isə “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.10-cu maddəsinin tələbləri pozulduğuna görə televiziyanın yayını 7 may tarixində 1 saatlıq dayandırılıb.
16 iyunda isə şirkət müflis elan olundu.
Bəs “Lider” TV-nin aqibəti niyə bu cür oldu? Ümumilikdə hazırda Azərbaycan telekanallarının vəziyyəti nə yerdədir? Artıq hər şeyin internetə, sosial mediaya indeksləndiyi, qlobal televiziyalar dövrünün bitdiyi bir zamanda Azərbaycanda televiziyalara sərmayə qoyulmasına dəyərmi?
Mövzu ilə bağlı tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Q.Məhərrəmli ilk olaraq “Lider” TV-nin müflis elan olunmasına münasibət bildirib: “Müflis olduğunu elan etmək o deməkdir ki, həmin struktur fəaliyyətini dayandırır, işçilər qarşısında heç bir maddi öhdəlik daşımır və hüquqi baxımdan o artıq mövcud olmayacaq.
Niyə bu cür oldu? Ümumiyyətlə, hər bir televiziyanın öz yaranma tarixi, inkişaf dövrü var, o cümlədən də “Lider”in də. İlkin dövründə “Lider” faydalı bir televiziya kanalı idi. Xüsusən də onun “Azərbaycan” redaksiyası Azərbaycan kino sənətinin, sənədli kinonun, araşdırma filmlərinin yaranmasında çox ciddi önəmli rolu olmuşdur.
Lakin sonra “Lider” ideoloji silaha çevrildi, bayağı təbliğati verilişlər hazırlandı, o cümlədən “Kuklalar” kimi cəmiyyətdə nifrət yaradan proqramlar təqdim etdi və sairə. Yəni son illərə qədər özünü birtəhər dolandırırdı. Amma indi görünür ki, onun maliyyə qaynaqları əvvəlki kimi effektli deyil və televiziyanı saxlamaq mümkünsüz olub, ona görə də müflisləşdiyini elan edir".
“Bu gün televiziyalara sərmayə qoymağa dəyərmi” sualımıza isə Qulu Məhərrəmli bu cür cavab verdi: “Ümumiyyətlə, televiziya sosial şəbəkələrin, internet mediasının mövcudluğuna baxmayaraq, müəyyən dərəcədə özünün rolunu saxlaya bilir. Avropa, Amerika təcrübəsi də göstərir ki, maraqlı, yaxşı televiziyaların fonunda sosial şəbəkələr o qədər də aktiv və cəmiyyətə təsirli deyil. Ona görə də yaxşı televiziyaya hər zaman ehtiyac var. Bu gün Azərbaycanda yaxşı televiziya dedikdə ilk olaraq ağlımıza çox az televiziya gəlir. Məsələn, İctimai TV-ni cəmiyyətin yaxşı televiziyası edə bilərik. Onun işartıları, maraqlı layihələri, yeni ictimai müzakirə proqramları, formatları var. Bu cür televiziyaların olması çox önəmlidir. Cəmiyyətin etimad göstərdiyi, güvəndiyi, inandığı bir neçə televiziya kanalının olması vacibdir. Ona görə də dövlətin media, televiziya siyasətində bu məsələlər nəzərə alınmalıdır. Bu gün diqqət edəndə görürük ki, çoxlu sayda şayiələr, informasiya siyasəti ilə bağlı ciddi əyrintilər var. Bəzən cəmiyyəti səfərbər etməyə ciddi ehtiyac olur. Bu halda bizə nə sosial şəbəkələrə, nə hansısa oliqarxın, siyasi partiya tərəfdarı olan televiziya deyil, cəmiyyətin televiziyası lazımdır. Son dövrdə televiziyalar cəmiyyət qarşısındakı məsuliyyətini dərk edir və bundan çıxış edərək, müəyyən yeniliklər, dəyişikliklər etməyə çalışır və hətta bu dəyişikliklər bəzən kosmetik olsa belə tamaşaçılara xoş gəlir. Bundan başqa mahiyyəti ifadə edən bəzi verilişlər də var.
Qeyd edim ki, xüsusən də rayonlar, alternativ informasiya mənbələri olmayan yerlərdə tamaşaçıya xoş gələn verilişlər var. Koronavirus dalğası onu göstərdi ki, insanların inandığı və güvəndiyi informasiya mənbələrindən ən birincisi məhz televiziyadır. Araşdıranda məlum olur ki, insanlar televiziyalardan verilən məlumatlara ehtiyac duyurlar. Ona görə də güclü informasiya kanalını həmişə diqqət mərkəzində saxlamaq lazımdır. Bəzi ekranlarda müəyyən canlanma görünür. Lakin bunlar bir dalğa kimi getmədi. ATV-də müəyyən proseslər gedir, maraqlı verilişlər ortaya çıxartmağa çalışırlar, ictimai müzakirə proqramlarının sayı sanki artıb, hansı ki, əvvəllər belə proqram yox idi. Düşünürəm ki, bu dalğa davam etməli, tamaşaçı marağı öndə getməlidir. Bir də televiziyaların müstəqilliyi artmalıdır. Bəzən görürük ki, hansısa televiziya bir məmurun göstərişinə bağlı olur".
“Yeni Müsavat”