“Vətəndaşın bütün ilkin ehtiyaclarını ödəməli, kommunal xidmətləri pulsuz etməlisiniz” NATİQ CƏFƏRLİ

21-06-2020, 00:00           
“Vətəndaşın bütün ilkin ehtiyaclarını ödəməli, kommunal xidmətləri pulsuz etməlisiniz”
“Nədən yenə eyni səhvi təkrar edirsiniz?”

“Etiraf belə olmur, səhv qərarı etiraf etmək yaxşıdı, amma ardınca üzr istənilir və qərar verənlər istefaya gedir. Şənbə-bazar analoqu olmayan sərt karantin rejiminə görə polis-vətəndaş qarşıdurması yarandı, insanlar əsəb keçirdi, biznes ziyan etdi, yüzlərlə vətəndaşa cərimə yazıldı.

Yaxşı, bunun cavabını kim verəcək?! Anlayıram ki, camaata dovşan kimi baxırsız, eksperimentlər aparırsız, amma bu yanaşmanın çox təhlükəli olduğunun fərqindəsinizmi?!” Hurriyyet.org xəbər verir ki, bu sualla REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli çıxış edib.

“SMS məsələsinin də bir xeyri olmayıb”

“Yaxşı, əvvəl də SMS-lə evdən çıxma qaydası gətirmişdiniz, 40 gündən çox bu mənasız qayda qüvvədə oldu. Bu qərarın hüquqi əsası olmadığını bilirəm, amma heç hüquqi məsələləri bir kənara qoyuram. Yaxşı, sonra məlum oldu ki, SMS-lə evdən çıxma da effekt vermədi. Çünki tətbiq edilən gün 78 nəfər yoluxmuşdu, ləğv edilən gün isə 113 nəfər. Deməli, SMS məsələsinin də bir xeyri olmayıb. Bəs, bunu nədən etiraf edib, üzr istəmirsiniz?! Nədən yenə eyni səhvi təkrar edirsiniz? ”,-deyə Cəfərli yenə sual edir.

“Vətəndaşın bütün ilkin ehtiyaclarını ödəməli, kommunal xidmətləri pulsuz etməlisiniz”

N.Cəfərli qeyd edib ki, dövlət olaraq biznesə işləmək yasağı gətirə bilərsiniz: “Amma bunun hesabını da ödəməlisiniz, vətəndaşa “evdə qal” deyə bilərsiniz. Bunun üçün vətəndaşın bütün ilkin ehtiyaclarını ödəməli, kommunal xidmətləri pulsuz etməlisiniz. “Devlet Baba” məhz belə addım atmalıdır, daha vətəndaşlarına üzərində təcrübə aparılan canlılar kimi yanaşmamalıdır.

Xub, anlayıram ki, bu ölümcül və axmaq xəstəlik böyük təhlükədir, razıyam ki, insanların kütləvi toplaşma yerlərini məhdudlaşdırmaq lazımdır, amma dünən qərar verənlərin əlində statistik məlumat bazası varmı ki, məsələn, son 15 gündə yoluxanların neçə faizinin ictimai nəqliyyatda yoluxduğu ehtimal olunur?! Neçə faizi “Mall”arda yoluxub?! Nə qədər insanın kafe-restoranlarda yoluxduğu bilinir?! Son 15 gündə yoluxanların kimlərlə təmasda olduğu modelləşdirilibmi?! Elmi yanaşma belə olur, modellər məhz belə qurulur, virusla mücadilə məhz belə təşkil edilir”.

“600 min nəfərə yenidən 2 ay 190 manat ödənilməlidir”

“Yaxşı, bir daha nə etməli sualına cavab verməyə çalışaq: 1) Əgər 15 gün karantin rejimi yenidən elan olunursa və ümumın karantin rejimi avqustun 1-nə qədər uzadılırsa mütləq iyun-iyul aylarında da əhaliyə maddi yardım edilməlidir, heç olmasa 600 min nəfərə yenidən 2 ay 190 manat ödənilməlidir, 2) Kafe-restoranlar, qapadılan sahələr artıq icarə pulunu da veriblər, onların hamısına əlavə böyük yardım paketi açıqlanmalıdır, qapadılan biznes sahələri 2021-ci ilin yanvarın 1-nə qədər bütün növ vergi ödənişlərindən tam azad edilməlidirlər, 3) Təcili iqtisadiyyatın post-pandemiya dövrünə hazırlıq paketi işlənib qəbul edilməlidir. Hökumət anlamalıdır ki, hətta sabah virus tam gündəmdən çıxsa da iqtisadiyyatın çarxları həmən dönməyə başlamayacaq, buna böyük zaman və investisiya lazım olacaq”,-deyə iqtisadçı əlavə edib.

“Vətəndaşlara davranış qaydaları öyrədilməlidir”

N.Cəfərli hesab edir ki, SMS ləğv edilməlidir: “Əgər yuxarıda dediklərimiz həyata keçiriləcəksə, (ödənişlər, kompensasiyalar) avqustun 1-nə kimi ərzaq və apteklərdən başqa bütün hər yer qapadılmalı, ictimayi nəqliyyatın hərəkəti dayandırılmalı, vətəndaşlar isə açıq havada fiziki məsafə gözləməklə, istədikləri qədər piyada gəzə bilməlidirlər.

Bu zaman kəsimində kütləvi test aparılmalı, azı 2 milyon vətəndaş təsadüfi seçmə üsulu ilə testdən keçirilməklə, nəticələr təhlil edilməlidir. Alınan nəticələrə görə kollektiv immunitetin yaranıb-yaranmadığı haqqında statistik məlumatlar əldə edilərək növbəti addımların yol xəritəsi hazırlanmalıdır.

Avqustun 1-nə qədər səhiyyə siteminə böyük yatırımlar qoyulmalı, ələva təcili yardım maşınları, avadanlıqlar alınmalıdır. Paralel olaraq cəmiyyətdə sözü keçən, nüfuzu olan insanlar hər gün saatlarla TV-lərdə insanlala işləməli, inandırıcı təbliğat bağı qurulmalı, vətəndaşlara davranış qaydaları öyrədilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.