Gəlin, insan həyatının bu qədər ucuzlaşdığı zamanda hər şeyi pula çevirib, pulla ölçməyək, xalqın pulunu ehtiyacı olanlara qaytarın

25-06-2020, 18:10           
Gəlin, insan həyatının bu qədər ucuzlaşdığı zamanda hər şeyi pula çevirib, pulla ölçməyək, xalqın pulunu ehtiyacı olanlara qaytarın
Teref.az yazır ki, əhaliyə və sahibkarlara yardımların ödənilməsi məsələsinə hökümətin adekvat yanaşması yoxdur. Hesab edirəm ki, belə yanaşmanın ortalığa qoyulması üçün böyük ağıl lazım deyil. Sadəcə ədalətli olmaq yetər. Diqqət edin:
Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının adı “Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması" adlanır. Nazirlər Kabinetinin Tədbirlər Planı da ordan irəli gələn vəzifələrin həlli üçün nəzərdə tutulub. Təbdirlər Planının 2-ci bölməsinin 4-cü maddəsi də Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi adlanır. Deməli, söhbət pandemiyanın təsirlərinin aradan qaldırılmasından və işsiz kimi qeydiyyata alınan şəxslərə yardımdan gedir. Onda nədən prezident sərəncamı və Nazirlər Kabinetinin qərarını baş nazir özü pozur? Heç olmazsa öz qərarlarınızı, prezidentin sərəncamlarını oxuyun və ona əməl edin. Harda yazılıb ki, işsizlərə sosial yardım karantin rejimi tətbiq edilən şəhər və rayonlar üçündür? Hətta belədirsə, onda həmin şəhər və rayonlarda fəaliyyəti dayandırılmış fərdi (mikro) sahibkarlara və muzdlu işçilərə nədən ödənişlər edilmir? Tədbilrər Planında konkret olaraq DMX orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslər nəzərdə tutulduğu halda nədən həmin statusu olan on minlərlə işsiz 190 manatlıq proqramdan kənarda qaldı? Suallar çoxdur, getdikcə də artacaq. Bu hakimiyyətə və onun dəyirmanına su tökənlərə bir sual da ünvanlayım bu hissəni bitirirəm.
Kim mənə izah edər ki, Gəncə DMX orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslə Qazax DMX orqanlarında işsiz kimi qeydiyyata alınan şəxsin arasında sosial statusuna görə hansı fərq vardır. Əgər fərq yoxdursa, ondan nədən biri 190 manatı 3-cü ayda da olmalıdır, o birisi yox. Karantin rejiminin necə olmasının işsizə nə dəxli var ki? Hər iki halda onsuz da onlar işləmirlər. Bəs, onda işsiz statusu almaq nəyə yarayır ki?
Yekunda sadə iki misal çəkim, təsəvvür edin ki, rayon toylarında müqənnilik etməklə pul qazanan və vergi ödəyicisi olan xanəndə toyların qadağan olunmasına görə 4 aydır ki, qazancını itirib, yalnız 1 ay 250 manat alıb. Bəs onda belə adamlar 4 aylıq xərclərini nəylə ödəməlidir?
Cənablar, gəlin insaflı olaq, ədalətli qərar qəbul edək. İnsan həyatının bu qədər ucuzlaşdığı zamanda hər şeyi pula çevirib, pulla ölçməyək. Özümüzü heç olmazsa bir dəfə pandemiya dövründə işsiz qalanların yerinə qoyaq və fikirləşək ki, yaşam şərtlərinin ağırlaşdığı hazırkı şəraitdə onlar nəylə dolanırlar. Müqayisə edək görək başqa dövlətlər sosial ehtiyacı olan vətəndaşlarının həyatda qalması üçün nələr edir və biz nələr edirik. Bu qədər görməməzlikdən gəlməyin!
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.