Hökumət kiçik və və orta sahibkarlığı unudub: - “İşsizlik artacaq”
10-09-2020, 15:46

Pandemiyanın dünya iqtisadiyyatına vurduğu və vurmaqda olduğu ziyan qlobal işsizlik probleminin artmasına səbəb olub.
Xüsusən sərt karantin tədbirləri çərçivəsində kiçik və orta sahibkarlıq sahələrinin qapadılması bu sahənin zərərini daha çox artırıb. Hazırda bu sahənin bəzi müəssisələri müəyyən şərtlər altında fəaliyyət göstərsə də, xüsusən turizm kimi sahələr durğunluq dövrünü yaşayır.
Maraqlıdır, pandemiya dövründə kiçik və orta sahibkarlığa nə qədər zərər dəyib?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, pandemiyadan ən çox ziyan görən sahə kiçik və orta sahibkarlıqdır:
“Mövcud reallıqlarla bunu dəqiq hesablamaq çətindir. Çünki kiçik və orta sahibkarlığın böyük əksəriyyəti dövriyyədən vergi verən, VÖEN-lə çalışanlardır. Bəzilərinin isə real dövriyyələri ilə leqal dövriyyələri arasında böyük fərqlər olur. Ona görə də bunun rəqəmsal olaraq hesablanması çox çətindir. Amma ümumilikdə götürəndə, ölkədə qapadılan sahələrin istiqamətinə baxdıqda görürük ki, kiçik və orta sahibkarlıq uzun müddət karantin rejimində qapalı qaldı. Əsasən də turizm sahəsi, ictimai iaşə, kafe və restoranlar, lojistik şirkətlət qapalı oldu. Bundan əlavə qeyri- ərzaq ticarəti də xeyli zərər çəkib. Kiçik və orta sahibkarlıq bu sahələrdə öndə olduğu üçün onların uzun zaman qapalı qalması və gəlirlərinin olmaması sözügedən sahibkarlıq sahələrinə ciddi təsir göstərib. Kiçik və orta sahibkarlıq pandemiyadan ən çox zərər görən sahələrdir”.
Ekspert qeyd edib ki, kiçik və orta sahibkarlığın dövlət büdcəsinin formalaşmasında payı az olduğu üçün bu sahə hökumətin diqqətindən kənarda qalıb:
“Kiçik və orta sahibkarlığın zərər görməsi ilə bağlı kənardan baxdıqda Azərbaycanı ayrıca ölkə kimi dəyərləndirmək olmaz. Bütün dünyada iqtisadi araşdırmalar onu göstərir ki, pandemiya dövründə kiçik və orta sahibkarlıq ən çox ziyan görən sahələrdir. Azərbaycan da bundan kənarda qalmayıb. Ona görə də kiçik və orta sahibkarlığı dirçəltmək üçün xüsusi proqrama ehtiyac var. Biz bunu Türkiyədə gördük. Orada hökumət əsnafa dəstək məqsədi ilə xüsusi proqram qəbul etdi. Azərbaycanda təəssüf ki, bu sahəyə ayrıca diqqət yoxdur. Çünki dövlət büdcəsinin formalaşmasında bu sahənin çox payı yoxdur. Amma bu sahənin iş yerlərinin yaradılmasında çox böyük rolu var. Sanki büdcənin yaradılmasında bu sahənin payı az olduğu üçün hökumətin diqqətindən kənarda qalmasına səbəb olub. Lakin bu gedişat da işsizliyi artıracaq. Hökumət proqramları daha çox böyük şirkətlərin, dövlət şirkətlərinin problemlərini həll etmək istiqamətində yönəldi. Təkcə AZAL-a son 5 ayda dəstək olaraq 100 milyon vəsait ayrılıb. Əgər kiçik və orta sahibkarlığa dəstək olmasa, onların dirçəlməsi, ayağa qalxması, yenidən aktiv iqtisadi proseslərə qoşulması çətin olacaq. Nəticədə isə iş yerlərinin itirilməsi artacaq”.