Məktəblər yeni dərs ilinə hazırdırmı - nazirlikdən valideynlərə müraciət

12-09-2020, 11:04           
Məktəblər yeni dərs ilinə hazırdırmı - nazirlikdən valideynlərə müraciət
“Müəllim və şagirdlərin hərarəti yoxlanacaq, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib”
Bir neçə gündən sonra məktəblər şagirdlərin üzünə açıq elan olunacaq. Nazirlər Kabinetinin müəyyən etdiyi qayda və qrafiklə sentyabrın 15-dən tədris başlayır. Elə bu səbəbdən kimi məktəbli forması axtarır, kimi də dərs ləvazimatları alır. Bir sözlə, valideynlər də, uşaqlar da məktəb hazırlıqlarını daha da sürətləndiriblər. Bəs görəsən, tədris müəssisələri necə, yeni dərs ilinə hazırdımı?
“Məktəblərdə sanitar qovşaqlar bərpa olunub”
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a bildirib ki, artıq ölkə üzrə bütün məktəblərdə hazırlıq işləri aparılır: “Nazirlər Kabinetinin qaydalarla bağlı qərarı oldu. Bununla bərabər, Təhsil nazirinin də müvafiq əmrinə uyğun olaraq işləri davam etdiririk. Bura həm məktəblərin hazırlanması, həm də şagirdlərin dərs cədvəlinə uyğun olaraq bölgü əsasında məktəblərə növbəli şəkildə gəlməsinin təşkili daxildir. Bilirsiniz ki, həm bölgələr, həm də Bakı, Abşeron, Sumqayıt şəhərləri üzrə qaydalar fərqlidir. Çalışırıq ki, müəllimlər bu işlərə həssas yanaşsınlar, məktəbi idarə edən məsul şəxslər hazırlıq işlərinə nəzarət edirlər. Hətta məktəbətrafı sahədə də hazırlıq işləri aparılıb. Ən vacib olan isə məktəbin daxili infrastrukturunun və sanitar qovşaqların hazırlanması ilə bağlı geniş işlər aparılıb. Hazırda Təhsil Nazirliyinin əməkdaşları tam səfərbər olunub ki, məktəblilər sentyabr ayının 15-də çox rahat şəkildə məktəbə gəlsinlər və qeyri-uyğun şəraitlə rastlaşmasınlar”.
Məktəb binasına daxil olarkən müəllim və şagirdlərin hərarəti ölçüləcək - Video
“Müəllim və şagirdlərin hərarəti yoxlanacaq”
“Birmənalı olaraq bütün məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin hərarəti yoxlanılacaq”-deyən nazirlik sözçüsü əlavə edib ki, valideynlərlə əlaqə saxlanılaraq əvvəlki dönəmdə xəstə olub-olmadıqları ilə bağlı məlumatlar alınır: “Bu həssas vaxtda valideynlər uşaqlarının əyani dərs formasında təhsilini istəmirlərsə, sənədə imza ataraq ”Tele-dərs" və ya “Virtual məktəb” layihəsi çərçivəsində dərsləri davam etdirə bilərlər".
“Dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə deyib ki, BŞTİ tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunacaq: “Pandemiya səbəbindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdən başlayaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib. Yeni tədris ilinə hazırlıq çərçivəsində də İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir. Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr və dezinfeksiyaedici maddələrlə təmin edilir, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılır, maarifləndirici lövhələr yerləşdirilir və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılır. Eyni zamanda, ümumi təhsil müəssisələrinə mövcud tibbi-profilaktik vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimati məktublar göndərilir. Onu qeyd edək ki, məktəblərin qarşıdan gələn tədris ilinə hazırlığı istiqamətində digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi də davam etdirilməkdədir. Həmçinin təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur. Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan da uğurla çıxacağını söyləməyə əsas verir”.
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Yeni tədris ilində 1 574 206 şagirdin təhsil alacağı gözlənilir
Qeyd edək ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.
Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir.
Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə ümumilikdə 434 971 şagirdin təhsil alacağı gözlənilir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 794, X sinfində 25 611, XI sinfində 19 794, XII sinfində 170 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 132 müəllim çalışır.
Dərslər sentyabrda başlayacaqmı?
“Məktəblərdə şagird sıxlığı müxtəlif üsullarla tənzimlənəcək”
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu isə bildirib ki, sinif komplektlərinin müxtəlif vaxtlarda məktəbə gəlməsi təklif olunur: “Siniflərin yarısı həftənin 3 günü, digər yarısı isə 3 günü gələ bilərlər. Məktəblərə növbəli dərs rejiminə keçmək təklif olunur. Şagirdlər hətta 3 növbədə də gələ bilərlər.
Sinifdaxili sıxlığa gəldikdə isə sinif daxilində 1,5 metr ara məsafəsi saxlanılmalıdır. Əgər bu sıxlıq həmin məsafəni qorumağa imkan verməsə, sinif qruplara bölünəcək, onların hər biri üçün ayrıca dərs cədvəli hazırlanacaq.
Bu zaman əsas sual budur ki, müəllimin dərs yükü çoxalacaqmı? Əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında yarı bölünəcək".
Afaq MİRAYİQ,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.