"Erməni əsilli alsın, bizə catanda satışa cıxarılsın?" - Jurnalistlərin binası ilə bağlı ETİRAZ

14-09-2020, 16:40           
"Erməni əsilli alsın, bizə catanda satışa cıxarılsın?" - Jurnalistlərin binası ilə bağlı ETİRAZ
"Erməni əsilli alsın, bizə catanda satışa cıxarılsın?"
Bir neçə gün öncə jurnalist Seymur Teymurov jurnalistlər üçün tikilmiş üçüncü binanın faizsiz kreditlə satışa çıxarılması barədə təklif irəli sürdü. Jurnalist təklif edirdi ki, binanın tikilməsinə çəkilən xərci nəzərə alıb, həmin evləri müsabiqə yolu jurnalistlərə faizsiz ödənişlə və ödənişləri 20-25 illik müddətə bölərək satsınlar.

"Müsabiqə şəffaf olsun, yalnız jurnalistlər iştirak etsinlər. Müəyyən iştirak meyarları da müəyyən edilməklə. Satışdan əldə olunan vəsait isə yönləndirilsin yenə jurnalistlərə dəstək üçün proqramlara, digər müsabiqələrə, peşə vərdişlərinin artırılması layihələrinə və s.", - deyə S.Teymurov bildirirdi.

Maraqlıdır, digər jurnalistlər bu təklifi necə dəyərləndirir? Həmkarlarının bu fikri ilə razıdırlarmı, yoxsa başqa təklifləri var? Dominant.az bu suallara cavab tapmaq məqsədilə media nümayəndələri arasında sorğu keçirib. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Əntiqə Rəşid: "Niyə? Erməni əsilli alsın, bizə catanda satışa cıxarılsın? Dünya bu haqsızlığa susur?"

Əzizə İmayılova: "Çıxarsınlar satışa. İmkanlı əmilər alsın, versin kirayə. Kiminsə bazarı üçün bu dəqiqə ən ideal məkan və tikilidir, onun satışa çıxarılması lotereyada cek pot udmaq kimi bir şeydir. Maşallah, PR-nı pis başlamayıblar. Bir yerdən tutdumu, corab hörgüsü kimi gedəcək. Dəstək olun hamınız bu istəyə. Onların arzusu təmin olunmalıdır, yazın, arzuları ürəklərində qalmasın".

Tural Tağıyev: "Olmazmı ki, əvvəlki iki binadan mənziə sahib olan kimi bir il ərzində satanlar və ya heç vaxt köçməyib indi satışa çıxaranlara daha çox diqqət ayrılsın. Yeni bina hələ bomboş durub orda, şərtlər falan da bəlli deyil, biri deyir, jurnalislərə verilməsin, başqa həssas təbəqəyə paylansın, biri deyir, ipoteka. Əvvəlki jurnalistlər binalarını sosioloq, ermənioloq, yazıçı, katibə, aşıq, qaşıqla dolduranlar getdisə də, hələ ki, yeni binanın "bəxti" və qapısı normal şəkildə açılmayıb. Elə evsiz jurnalistlərin də...".

İlkin Nəcəfzadə: "Vallah kirayə evlərdən gördüm satış məsələsini. 60 minlik ev 180 minə gəlib çıxır. Ondansa kirayə qalıram da. Belədə ki, Əzizə demiş, imkanlı əmilər alıb yenidən bizə kirayə verəcəklər. O binadan satışa çıxarılan evləri mən tapıram. Bax həmin evlər "jurnalist"in əlindən alınsın, kreditlə verilsin və vəsait büdcəyə köçürülsün".

Vəfa Fərəc: "Müəllif indi niyə yadına düşüb bu "ağıllı" təklif, 2010-cu ildə, "jurdom"la bağlı ilk sərəncam veriləndə niyə cuşa gəlmədi, daha sonra hər iki binada "evsiz"lərə ev veriləndə niyə demədi, "ayıbdı, abrınız - həyanız olsun". İndi yaman təklif verir".

Fərqanə Allahverdiqızı: "Həmkarımın təklifini mən də bəyəndim. Mənzillər ancaq bir şərtlə jurnalsitlərə satıla bilər. Qiymətlər bazar qiyməti, zona əmsalı, dəniz mənzərəsi prinsipi ilə deyil, real xərclərə əsasən müəyyən olunsun. Nə qədər xərc çəkilibsə, onu illərə, aylara bölüb ödəyək. Mən razıyam. Zatən həmin xərclər bizim hesabımıza formalaşan büdcə vəsaiti ilə tikilib. Heç kimin cibindən 1 manat çıxmayıb. Ancaq burada da kommersiya maraqları olacaqsa, digər "sosial" layihələr kimi biznes alətinə çevriləcəksə, Əzizə İsmayılovun dediyi variant alınacaq".

Naibə Qurbanova: "Ən yaxşısı birinci və ikinci binada yaşayış olmayan evləri satışa çıxarmaq ya da mənizli onlardan alıb evsizlərə verməkdir".

Ramilə Qurbanlı: "Ona çatacaq ömrü qalmayanlar neynəsin bəs? İşıqlı ümidlə bir vicdanlının gəlib ədalətli bölgü edəcəyinə inanıb evsiz-eşiksiz yaşlananalar var. Və kim deyirsə ki, "indiyə qədər ev ala bilməyibsə, öz günahıdır", səhv edir, Azərbaycanda maaşla ev ala biləcək jurnalist yoxdur, reket ola bilər".

Elnarə Abbasova: "Məncə, bu haqsızlıqdır. İllərlə külüng dőyən jurnalistlərə olan hőrmətsizlikdi bu. Xüsusi komissiya yaradaraq (sözsüz ki, KIV-ə yaxından bələd olan) jurnalistlərə verilməsi daha doğru olardı. Bu binanın başqa binalardan fərqi, özəlliyi nə oldu ki. Bu bağışlanmaz təklifdi. Haqqı olana qismət olsa, ədalət prinsipləri də műzakirə olunmaz".

Samirə Səfərəliyeva: "Yenə imkanı, pulu olanlar alacaqlar da. Razı deyiləm".

İltifat Hacıxanoğlu: "Nə oldu, bizə çatanda belə olur. Biz də alaq sonra".

Şəmsiyyə Kərimova: "Saxta yollarla jurnalistikaya qazanc mənbəyi kimi baxan və gələnlər var ki, haray-həşir salırlar ki, mən də jurnalistəm. Bax, əvvəlki binalardan ev alanların çoxu onlardan oldu. Bu dəfə isə belə olmaz. Canını, ömrünü jurnalistkada qoyanlara verilsin".

Sualımıza qeyri-jurnalitlərin də münasibətini öyrəndik.

Zaur Əliyev: "Satışa niyə çıxısın? O qədər evsiz jurnalistlər var versinlər onlara. Media sahəsində olmayıb ordan ev alanlar isə uzaqlaşdırılsın".

Əhməd Rəhmanov: "Əgər bu gün büdcə mənim kimi sadə vətəndaşın vergisindən formalaşırsa, mən bir vətəndaş kimi kiməsə mənim hesabıma pulsuz verilən evin tam əleyhinəyəm. (Əgər Vətən qarşısında xüsusi xidməti yoxdursa). Jurnalist də hamı kimi işləyir, buna görə də əmək haqq, qonorar alır. Nəyə gorə məktəb müəllimlərinə, poliklinika həkimlərinə pulsuz ev verilmir, onlara verilir? Xoşu gəlməyən işləməsin. Kimisə məcbur jurnalist işlədən var?!"

Tərlan Eyvazov: "Niyə məhz evsiz jurnalistlər? Evsiz alim, ixtiracı, rəssam, bəstəkar yoxdurmu? Niyə yalniz jurnalistə havayı ev verilməlidir? Kim bilməsə də siz yaxşı bilirsiz, məhz sosial səbəblərdən, evsizlikdən istedalı gənc alimlər elm sahəsini tərk edirlər? Bina dovlətə aiddir. Dövlət özü qərar qəbul edib onu daha uyğun insanlara paylaya bilər. Biabirçılıqdır. Kiçik bir respublikada tək jurnalist zümrəsinə 4 iri həcmli bina vermək. Heç zabitlərə bu qədər mənzil ayrılmır. Təklif etdik, heç olmasa, o binaların zirzəmisini, ya damını rəssamlara emalatxana kimi versinlər. Onu da Əli Həsənovun "Kaspi" firmasi məngirlədi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.