Baş redaktor deputatın yalanını belə ifşa etdi: Şahin İsmayılovun MM – dəki qeyri-dürüst statistkaya əsaslanan çıxışı kimlərin nəfinə işləyir?

14-09-2020, 20:31           
Baş redaktor deputatın yalanını belə ifşa etdi: Şahin İsmayılovun MM – dəki qeyri-dürüst statistkaya əsaslanan çıxışı kimlərin nəfinə işləyir?
Heç kimə sirr deyil ki, Azərbaycan aztorpaqlı ölkədir. Rəsmi rəqəmlərə görə, ölkəmizin 8,8 milyon hektar torpaq sahəsinin 4,2 milyon hektarı kənd təsərrüfatında istifadə edilir. Hazırda bunun 30 faizindən istifadə olunur. Qalan torpaqlar qışlaq örüş və biçənək sahələridir. Əkinəyararlı torpaqların isə 600 min hektarı ermənilər tərəfindən işğal olunub.

Respublikamızın torpaq ehtiyatlarının 3,5 milyon hektarı bu və digər dərəcədə eroziyaya uğrayıb. Zəif və orta dərəcədə şoranlaşmış torpaqların normal vəziyyətə qaytarılması üçün milyardlarla dollar vəsait lazımdır. Bir şeyi unutmaq lazım deyil ki, torpağı şoranlaşma prosesindən qorumaq, onu bərpa etməkdən çox asan və sərfəlidir.

Ümumdünya Ərzaq Təşkilatının əkilən sahə və məhsuldarlıqla bağlı məlumatında isə ölkəmiz dünya arenasında aqrar məhsuldarlığı az olan ölkələr sırasındadır. Nəzərə alsaq ki, Azərbaycan aqrar ölkə sayıldığından əməkqabiliyyətli adamların 48 faizi kənd və rayonlarda yaşayır, onların da 38 faizi kənd təsərrüfatı ilə məşğul olur, onda torpağın əkin dövriyyəsindən çıxması kənd yerləri üçün çox həssas sosial məsələ olan işsizlik problemini də qabardır.

Lakin torpaqların münbitliyini qorumaq və bərpa etmək məsələsi onların düzgün təsnifləşdirilməsindən, torpaq sahələri ilə bağlı statistikanın dürüst aparılmasından, onlara qoyulan maliyyə vəsaitinin təyinatı üzrə və necə səmərəli istfadə olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Daha qorxulusu bu olur, torpaqların vəziyyəti ilə bağlı statistika vicdanlı yanlışlıq səbəbindən deyil, məhz güddüyü korruptiv məqsədə görə təhrif olunur.

Beyləqan rayonunun Allahyarlı kəndinin 3500 hektar torpaq sahəsi var. Onlardan 960 hektarı islahata gedib, 2450 hektar isə bələdiyyə mülkiyyətinə verilib. Yerli özünüidarəetmə qurumu isə həmin torpaqları qanuni-qanunsuz icarəyə və istifadəyə verib. Beyləqandan Milli Məclisə deputat seçilmiş Şahin İsmayılov parlamentdə çıxış edərkən, Allahyarlı kəndinin 3500 hektar torpaq sahəsi olduğunu və həmin torpaqların şoranlaşdığını ifadə edərək, şoranlaşmanı aradan qaldırmaq üçün melorativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə vəsait ayrılmasını xahiş edib. Lakin Allahyarlı bələdiyyəsi sədrinin İmişli Regional Ədliyyə İdarəsinə verdiyi izahatında göstərilib ki, kəndə aid olan 3500 hektar ümumi torpaq sahəsinin cəmi 760 hektarı şoranlıq və qamışdıqdan ibarətdir. Bələdiyyə sədrinin verdiyi izahatından da belə qənaətə gəlmək olur ki, deputat yalan danışır. Özü də bu yalanı MM tribunasından deyir. Heç də Şahin İsmayılovin dediyi kimi, Allahyarlı kəndinin 3500 hektar torpaq sahəsi şoranlaşmayıb, əkinə yararlı sahələrdir. Ancaq kənd sakinlərindən əldə etdiyim məlumatlarda isə qeyd olunur ki, bələdiyyə sədri də 760 hektar torpaq sahəsinin şoranlaşdığını qeyd etməklə hektarı artırıb. Olsa-olsa şoran sahə 100 hektar ola ya olmaya.

Şahin İsmayılovun parlament tribunasından səsləndirdiyi fikirlərlə bələdiyyə sədrinin rəsmi izahatı arasında müqayisə apasaq, böyük bir fərqin orta ya çıxdığının şahidi oluruq. Millət vəkili Allahyarlı kəndinə məxsus 3500 hektar torpaq sahəsinin uzun müddət şor suları altında qalmasından gileylənir. Onun sözlərinə görə, bu torpaqları nə dövlət, nə bələdiyyə, nə də pay torpağına sahib olan mülkiyyətçilər istifadə edə bilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz bilgilərdən məlum olub ki, yuxarıda qeyd etdiyimiz ki, Allahyarlı kəndinin ümumi istifadəsində 3500 hektar torpaq sahəsi var. Məlum oldur ki, Şahin İsmayılovun dediklərindən bircə bu məlumat düzdür. Qalan dedikləri yalandan ibarətdir.

Belə ki, həmin 3500 hektar torpağın 960 hektarı islahat zamanı əhaliyə verilmiş torpaq sahəsidir. Yerdə qalan 2540 hektar torpaq sahəsindən 29 hektarı perespektiv inkişaf fonduna aid olan torpaq sahəsi, 364-ü bələdiyyənin mülkiyyətində, 40 hektar bələdiyyənin ehtiyat fonduna aiddir. Yerdə qalan torpaqlar isə dövlət fondu torpaqlarıdır. Az bir qisim də “görünməyən”, uçotu qeyri-dəqiq torpaqlardır ki, bu məqaləmizin qayəsinə təsir edəcək qədər ciddiyə almamaq olar.

Haqlı olaraq belə bir sual ortaya çıxır: Şahin İsmayılov ali qanunverici orqanın yüksək tribunasından yalan məlumat səsləndirməklə hansı məqsədə qulluq edir? Bu suala cavab axtararkən, ilk olaraq o məqama diqqət yetirmək lazımdır ki, şoranlaşmanın qarşısının alınması üçün ayrılası pullar kimlərin sərəncamına veriləcək. Cənab deputatın açıqlaması və xahişi həmin qurumların nəfinə işləyəcəksə, 2740 (3500-760) hektar ərazinin şoranlaşmasının aradan qaldırılması üçün meliorativ tədbirlər kağız üzərində həyata keçiriləcək, pulu isə təyinatından yayındırılacaq. Sonra gəl inan ki, həmin vəsaiti mənimsəyəcək qurumlar millət vəkilinə yalnız quru “sağ ol” deyəcəklər.

RAMİN MƏHƏMMƏDOĞLU,

RealMedia.az saytının baş redaktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.