Qarabağda “ilişən” muzdlu jurnalistlər – Azərbaycan onlara güzəşt etməlidirmi?
8-11-2020, 07:16

Ermənistanın uzun illərdir Azərbaycana qarşı apardığı informasiya müharibəsində xarici mətbuatın heç bir peşə norma və əxlaqına riayət etməyən, satılmış, pul xatirinə hər şeyini satmağa hazır olan nümayəndələrindən gen-bol istifadə olunub. Müharibə başlayandan sonra isə xeyli müddətdir ölkəmizə qarşı uzaqdan çamur atmaqla məşğul olanların və onların təmsilçilərinin bir qismi necə deyərlər, daha yaxına gəliblər və Qarabağdakı terror yuvasına toplaşaraq, həmişəki çirkin təbliğat və informasiya savaşını buradan sürdürməyə çalışıblar.
Lakin Azərbaycanın şanlı və müzəffər Ordusu erməni quldur birləşmələrilə yanaşı bu “şər xidmətçiləri”ni də mühasirəyə alıb. İndi onlar da terrorçular kimi çıxılmaz vəziyyətə düşüblər və sözün əsl mənasında qondarma rejimin əlində girova çevriliblər. Bəli, “Sərhədsiz Reportyorlar” təşkilatı öz “Twitter” səhifəsində yazıb ki, Qarabağda 80 jurnalist ilişib qalıb, onlar Ermənistana gedə bilmirlər – Laçın-Şuşa və Vardenis-Kəlbəcər yolları bağlıdır. Bu sayın nə dərəcədə reallığı əks etdirdiyini demək çətindir. Ancaq 80 nəfər olmasa da, müəyyən sayda xarici reportyorun ermənilər tərəfdə, döyüş zonasında qaldığı şübhəsizdir. Artıq alov çəmbərinin ortasında qalan bu dəstədə bircə Vladimir Solovyovun və onun “xor ansamblı”nın Rusiya telekanallarındakı digər “bülbüllər”inin yeri əskikdir. Yeri gəlmişkən, görəsən Ermənistanın “şərəf ordeni”ni alan “qəhrəman” V.Solovyovun özü niyə indi Qarabağda, “qardaşları”nın yanında deyil?...
İndi müxtəlif beynəlxalq jurnalist təşkilatları, media qurumları, QHT-lər və s. bu şəxslərin taleyinə görə narahat olmağa başlayıblar. Ancaq bu qurumlardan soruşan yoxdur ki, bəs indiyə kimi haradaydılar? Niyə bu şəxslərin Azərbaycan sərhədlərini qanunsuz yolla keçmələrinə, ölkəmizə qarşı vuruşan terror təşkilatının təbliğatını aparmalarına, Azərbaycana qarşı açıq çağırışlar etmələrinə və s. cinayət məsuliyyəti yaradan hərəkətlərinə göz yumurdular, səslərini çıxarmırdılar? Yoxsa onlar da Azərbaycan Ordusunun qısa müddətdə Qarabağı üzük qaşı kimi əhatəyə alacağına və terrorçuları çıxdıqları deşiklərə qədər qovacaqlarına inanmırdılar? Yəqin ki, doğrudan da inanmayıblar, yoxsa bugünkü çıxılmaz duruma düşməzdilər və nə Azərbaycan sərhədini bir addım belə keçməyi, nə də döyüş zonasında günlərlə, aylarla qalmağı heç ağıllarının ucundan da keçirməzdilər. Bəs, Azərbaycan tərəfi Qarabağda terrorçuların siçan yuvalarında ilişib qalan həmin bu satılmış reportyorlar dəstəsilə necə davranmalıdır? Sözsüz ki, çox tezliklə terrorçuların yerləşdiyi alov çəmbəri daha da daralacaq və onsuz da mühasirədə qalan əcnəbi “müxbirlər”in getməyə, qaçmağa yeri qalmayacaq. Nəticədə bu şəxslər ya Azərbaycan Ordusunun zərbəsinə tuş gələ, ya ermənilər tərəfindən qəsdən öldürülə, ya da terrorçularla birgə təslim ola bilərlər.
Məsələ ondadır ki, artıq erməni terrorçularının girovuna çevrilmiş və onların həndəvərində sülənən bu reportyorların döyüş zonasında həlak olması ehtimalı getdikcə artır. Ermənistan tərəfinin istədiyi də elə budur ki, həmin şəxslərdən bir neçəsi həlak olsun və bundan Azərbaycana qarşı öz mənfur təbliğatında istifadə etsin. Hətta bunun üçün həmin şəxslərin elə ermənilərin özləri tərəfindən qətlə yetiriləcəyi ssenarisini belə istisna etmək olmaz. Bütün bunlar Azərbaycan hökumətinin vaxtında müəyyən tədbirlər görməsini vacib edir. Doğrudur, artıq Azərbaycan Baş Prokurorluğu “Wargonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Peqova qarşı cinayət işi açıb. Prokurorluq özünü və havadarlarını artıq çoxdan ifşa etmiş bu üzdənirağa qarşı CM-nin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açaraq, Rusiyanın səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərib. Yaxşı olar ki, eyni addım döyüş bölgəsində ermənilərin alətinə çevrilən və xüsusi aktivlik göstərən digər tiplərə qarşı da atılsın. Ümumilikdə isə Azərbaycanın icazəsi olmadan həmin ərazidə yerləşən xarici media mənsublarının hər birinə qarşı ən azı 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsilə cinayət işi açmağa və buna uyğun digər hüquqi addımlar atmağa Azərbaycanın tam haqqı var. Bu hüquqdan istifadə edilməli və həmin şəxslərə qarşı heç bir güzəştə yol verilməməlidir. Çünki onların fəaliyyətinin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur və əməlləri terrorçuluğa xidmətdən başqa bir şey deyil.
Bununla yanaşı, bütün beynəlxalq jurnalist təşkilatlarına rəsmi məlumatlar və bəyanatlar ünvanlanaraq, Azərbaycan tərəfinin həmin şəxslərin gələcək taleyinə görə cavabdeh olmadığı, məsuliyyət daşımadığı vurğulanmalıdır. Xüsusilə də bu reportyorların çalışdıqları xarici media orqanlarının rəhbərlərinə birbaşa müraciət edilməli və əməkdaşlarının Azərbaycan ərazisində cinayət məsuliyyəti yaradan fəaliyyətlə məşğul olduqları, sərhədlərimizi qanunsuz keçdikləri və gələcəkdə onların həyatı ilə bağlı baş verəcək hər hansı hadisəyə görə məhz özlərinin və erməni tərəfinin məsuliyyət daşıdığı qeyd olunmalıdır. Eyni müraciət onların vətəndaşlığını daşıdıqları ölkə hökumətlərinə də ünvanlanmalıdır.
Doğrudur, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev həmin jurnalistlərə dair açıqlama verərək, onların taleyilə bağlı məsuliyyətin erməni tətəfinin üzərundə olduğuna işarə vurub: “Bununla əlaqədar bildiririk ki, Xankəndi ilə Ermənistan arasındakı “Laçın dəhlizi”ni bağlayan məhz Ermənistandır...” Bu, o deməkdir ki, vaxtında rədd olub gedəydilər və indi də yol axtarmayaydılar. İndi onların döyüş bölgəsindən uzaqlaşdırmaq isə Ermənistanın problemidir.
Hər halda, yenə də Azərbaycan hökumətinin müvafiq strukturlarının erməni tərəfinin alət və girov kimi istifadə etdiyi jurnalistlərin ölümündən, yaxud yaralanmasından ölkəmizə qarşı istifadə etməsinin qarşısını almaq üçün lazımi hüquqi və diplomatik addımları atmasında, real durumu bir daha beynəlxalq ictimaiyyətə çatdırmasında fayda var.
Ümumilikdə isə bu gedişlə, özləri də bilmədən Qarabağdakı erməni terrorçularının əsirinə çevrilmiş muzdlu reportyorlar vaxtında Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfə keçməsələr, onları da həmin terrorçuların aqibəti gözləyəcək. Yəqin ki, bunu artıq özləri də dərk etməyə başlayıblar...
C.Məmmədov
“AzPolitika.info”