Qazilərimiz toliklərin ümidinə qalanda...
20-11-2020, 20:15

Tolikin döyüşdə qolunu itirən qaziyə kirayə ev tutması videosuna baxdım, qazinın yoldaşına deyir, "bacı aç bax, hər şeyini qoymuşam, yorğanın və s. Açır o da baxır, təşəkkür eləyir. Bayraq asıb divarından, qaziyə deyir, dur bayrağın qabağında xalqa ürək sözüvü de. Ay.... "
Əsəbimdən hönkür-hönkür ağlamışam. Səhərəcən yuxum ərşə çəkildi. Bu xalqın düşməni uzaqda deyil e. Pulu belələrinin əlinə verib xalqı alçaldan, alçaltmaqdan zövq alan bu cür debillərə meydan verənlərdir. Bu yaxşılığı eləyirsənsə, elə mətbuata verəcəyin bircə informasiya bəs idi. Onu detalları ilə çəkib xalqın qəhrəmanlarını bu xalqın balalarının gözü qabağında niyə alçaldırsan axı? Axı səfasını sənin çəkdiyin Vətənin cəfasını çəkən sənə niyə minnətdar olmalıdır?
Qazinin də, şəhidin də, şəhid ailəsinin də tək sahibi dövlət olmalıdır. Hər yoldan ötənin qazilərə, şəhid ailələrinə yardım eləyib, elədiyi yardımı bu cür urvatsız gözə soxmasını şiddətlə qınayıram. Bu nə bəladır, düşmüşük? Dövlət belələri haqqında ciddi ölçü götürməlidir! Dövlətin nüfuzuna da xələl gətirir belələri.
Dövlətin sahib çıxmadığını gördüyün halda, razıyam, çək problemini, işıqlandır, qınaq obyektinə çevir. Məcbur elə dövlət sahib çıxsın vətəndaşına. Amma onu özünə minnətçi salmaq nə deməkdir?
Polad Həşimovun anası nümunə olmalı idi hamımıza beləsinin hədiyyə elədiyi kondisioneri ədəb-ərkanla başına çırpmağı ilə. Nə bilim e, guya burda yazıb 3-5 nəfərə nəsə deməklə özümüzü sakitləşdiririk. Toliklərin səsi elə çıxır ki, hamımızın səsini batırır.
Qazilər, şəhid ailələri, yalvarıram, imkan verməyin sizinlə bu cür davransınlar.
Milli qürur deyilən ifadə var e, əsrlərdir, türkü ayaq üstə saxlayan şey odur. Qürur qarın doyurmur, deyənlərə, deyilənə görə, erməni lobbisi doyurur, buyurun, gedin.
Könül Alıyeva
dominant.az