Ağdaşda yük maşınlarının qənimi olan DYP işçisi kimdir?
29-01-2016, 00:13
Alı Yusubov: «Razi adlı inspektor bizdən pul almaq üçün incidir»
Ağdaş rayonunda yükdaşıma ilə məşğul olan sürücülərin qənimi peyda olub. JAM.AZ xəbər verir ki, həmin «qənim kəsilmiş şəxs» isə DYP əməkdaşıdır.
Alı Yusibov adlı rayon sakini yazır ki, xeyli müddətdir «Şachman» markalı yük maşını sürür. O qeyd edir ki, Ağdaş rayonunda bütün yük maşınlarının sürücülərini incidirlər və süründürməçiliyə məruz qoyurlar. «Bakıdan mişar daşını alaraq, 300 km yol sürüb, gəlirik. 4 stasional post keçirik, hamısında saxlayıb, sənədlərimizi yoxlayıb, incitmədən buraxırlar. Lakin Ağdaşda yerli DYP əməkdaşı, 99YP 553 dövlət nömrə nişanlı xidməti maşını idarə edən Razi adlı inspektor bizə qənim kəsilib».
Alı Yusibov bildirir ki, Razi adlı DYP əməkdaşı müxtəlif bəhanələrlə onları saxlayır. «Məsələn, deyir ki, yükün normadan ağır olmasından şübhələnir. O zaman tələb edirik ki, tərəzini göstərsin və məsələdə bununla həllini tapsın. Amma Ağdaş rayonu ərazisində tərəzi mövcud deyil. Belə olan təqdirdə, Razi bizdən tələb edir ki, 50 km aralıda, Yevlaxa yaxın yerdə tərəzi var, maşın da gərək ora sürülə. Bu isə bizim üçün əlavə xərc deməkdir».
Ağdaş sakini bildirir ki, DYP əməkdaşı Razinin bu qədər əmin-arxayın olmasının dəqiq səbəbləri məlum deyil. Amma hər işdə Ağdaş YPX-nin rəisi Namiq müəllimin adını çəkir. «Razi deyir ki, guya, Namiq müəllim yüksək çinli məmurlardan birinin qohumudur və bu səbəbdən də kimsə ona bir şey edə bilməz. Ona görə də, rahatlıqla, bizi incidərək pul almaqla məsələ «həll» edir. Bu gün rayonda onlarla yük maşını sürücüsü adını çəkdiyim şəxsin əlindən əziyyət çəkir. Biz də kiçik sahibkarıq. Dövlət başçısının qəti tapşırığı var ki, sahibkarlıqla məşğul olanlara maneçilik törədilməməlidir. Lakin görünən odur ki, həmin tapşırığın Ağdaş YPX-ya heç bir aidiyyatı yoxdur».
Qarşı tərəfi də dinləməyə hazırıq.
teref.az