Dərsliklər mərhələli şəkildə yenilənəcək

4-12-2020, 09:05           
 Dərsliklər mərhələli şəkildə yenilənəcək
Dərsliklər mərhələli şəkildə yenilənəcək
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Hərbçilərimizin qanı, canı bahasına əldə olunan qələbəmiz onu deməyə əsas verir ki, növbəti ildə dərsliklərdə də köklü dəyişiklik edilsin. Düzdür, son günlər dərsliklərdəki dəyişikliklərlə bağlı müzakirələr aparılır. Bəs görəsən, bu sahədə son qərar verildimi? Gələn il dərsliklərdə hansı dəyişikliklər olacaq? Qarabağ işğaldan azad edilibsə, dərsliklərdəki matəm ovqatlı yazılar da dəyişəcəkmi? Bu və digər suallarla ekspertlərə müraciət etdik.

Millət vəkili Musa Qasımlı “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirib: “44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə heç şübhəsiz, həm orta, həm də ali məktəblərin müvafiq, xüsusən tarix dərsliklərində öz əksini tapmalı, ərazilərimizin təcavüzkar Ermənistanın işğalından azad edilməsinə, ordumuzun və xalqımızın qəhrəmanlıq şücaətlərinə həsr edilmiş ayrıca mövzular olmalıdır. Lakin bu, 90-cı illərin əvvəllərində ərazilərimizin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə dair fakt və materialların dərsliklərdən çıxarılmasına gətirməməlidir. Çünki işğalı və onun ağır nəticələrini bilməyən şagirdin qazanılan qələbənin miqyası barədə təsəvvürləri də yarımçıq olar. Şagird hansı düşmən üzərində qələbə qazanıldığını dəqiq bilməlidir. Heç bir ölkənin və xalqın tarixi yalnız qələbələrdən və ya yalnız məğlubiyyətlərdən ibarət olmur. O xalq və dövlət daim var olur, tərəqqi edir ki, güclü olur, məğlubiyyətin əvəzini çıxır, düşmən üzərində qələbə qazanır və torpaqlarını işğalçılardan azad edir. Bu gün Azərbaycan qalib ölkədir. Tarixdən düzgün ibrət dərsi alanlar irəli gedir.

Ona görə də hesab edirəm ki, ərazilərimizin Ermənistan tərəfindən 30 il ərazində işğal altında saxlanılmasına, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarix və mədəniyyət abidələrinin dağıdılmasına, təbii sərvətlərimizin talan edilməsinə, erməni vəhşiliyinə dair materiallar dərsliklərdə saxlanılmalıdır. Şagirdlər bu tarixi öyrənməli və düşmən üzərində illər sonra hansı zəhmət hesabına qələbə qazanıldığını da bilməlidir. Dərsliklərdə yaşayış məntəqələrinin işğaldan əvvəlki və işğal illərindəki müqayisəli fotoşəkillərinin verilməsi, gələcəkdə bərpa edildikdən sonrakı fotoşəkilllərin daxil edilməsi da faydalı olardı. Belə yanaşma milli ruhu, hərbi vətənpərvərlik, özünə inam, müstəqil dövlətçilik, düşmən üzərində qələbə qazanmaq hisslərini gücləndirər, millətin müqavimət gücünü artırar”.

Bakı Dövlət Universitetinin Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, tarixçi Kərəm Məmmədov da bildirib ki, keçmiş tariximiz, işğal günləri yaddaşlardan silinməməlidir: “Bu gələcək nəsillər üçün lazımdır. Təbii ki, qələbə tariximiz daha önəmlidir. Işğal tarixini yaddan çıxarsaq, gələcəkdə yenidən başımıza bəlalar gələ bilər. Əgər biz 1918-ci ilin 31 mart soyqırımını yaxşı bilsəydik, 1988-ci ildə bu proseslər başlayanda ibrət dərsi götürərdik, bu problemlər başlamamış, elə o zaman qarşısını alardıq. Amma çox təəssüflər olsun ki, tariximizi yaxşı bilmədiyimizə görə bu bəlalar başımıza gəldi və 30 il münaqişənin həllini gözlədik. Ona görə həm işğal tariximizi, həm də qələbə tariximizi bilməliyik. Tarixi unutmaq olmaz. Dərsliklərdə işğal tarixləri barədə, başımıza gətirilənlər barədə şagirdlərimiz, tələbələrimiz öyrənməlidirlər, bilməlidirlər. Yalnız şüarlar kimi, həmin tarix yaxınlaşanda demək yox, ümumiyyətlə, tədris olunmalıdır. Çünki şagirdlərimiz ilk növbədə orta məktəbdə həm məğlubiyyət tariximizi, həm də uğurlarımızı bilməlidirlər. Unutsaq, yenə bizə baha başa gələcək”.

Mövzu ilə bağlı Təhsil Nazirliyi “Yeni Müsavat”ın sorğusuna da cavabda bildirib ki, dərsliklərin Vətən müharibəsindən əvvələ olan reallığı əks etdirməsinə baxmayaraq, distant dərslərdə, eyni zamanda teledərslərdə müəllimlər yeni reallıqlar və Qələbəmiz barədə şagirdlərə məlumat verirlər: “Qeyd etmək istəyirik ki, Vətən müharibəsində əldə olunmuş uğurlar barədə ətraflı faktlar, şəkillər toplanaraq tədrisin məzmununda əks olunacaq. Bütün yeni dərsliklərin məzmunu tədris resurslarının idarə olunmasının məlumat sisteminin elektron səhifəsində https://www.trims.edu.az/ yerləşdirilir və geniş ictimaiyyətə təqdim olunur. Vətəndaşlar nəşrdən əvvəl dərsliklərlə tanış olaraq öz təklif və iradlarını bildirə bilərlər. Yeni dərsliklər müəyyən olunmuş müddət üçün sifariş edilir və mərhələli şəkildə yenilənir”.

Nazirlikdən o da bildirilib ki, dərsliklər nəşriyyatlar və müəllif qrupları tərəfindən Təhsil Nazirliyinin sifarişi əsasında hazırlanır: “Hazırda II və VI sinfin dərsliklərinin təkmilləşdirilməsi istiqamətində işlər tam gücü ilə gedir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.