Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki...

25-01-2021, 07:22           
Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki...
Mütəxəssislər repetitor sisteminin əleyhinə olmasalar da, bunun ziyanlı tərəflərini də vurğulayırlar

Cəmiyyətdə repetitorluqdan yerli təhsil sisteminə daha çox fayda və ya zərər barədə fikir birliyi yoxdur. Bunu Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov AYNA-ya açıqlamasında deyib.

“Bəziləri bunun bütün dünya üçün normal bir praktika olduğunu və necə deyərlər, “kərə yağının sıyığı xarab etməyəcəyini” söyləyirlər. Digərləri, repetitorluq institutu səbəbiylə məktəb təhsilinin deqredasiyaya uğradığına əmindirlər. Məktəb yaşlı uşaqlar üçün lazım olan bütün bilik və bacarıqları orta təhsil müəssisəsi təmin etməlidir. Ancaq məktəblilər tez-tez dərslərə getmirlər və bu zaman repetitorlarla oxumağı üstün tuturlar. Gec-tez təhsil normal rejiminə qayıdacaq və sonra məktəblər yenidən yuxarıdakı səbəbdən zəif davamiyyətlərlə, yarıboş siniflərlə qarşılaşacaq”, - bildirib.

Ekspert repetitorluğun əleyhinə olmadığını, ancaq bu cür dərslərin dərs əvəzinə deyil, məktəb dərslərindən sonra keçirilməsinin daha doğru olduğunu qeyd edib: “Məktəblilərin valideynləri uşaqların ali məktəbə yalnız bir repetitor dərsləri sayəsində qəbul ola biləcəyinə əmindir. Lakin bu, səhv bir yanaşmadır. Heç də bütün ailələrdə repetitor üçün vəsait yoxdur və buna baxmayaraq, bu, ucqar kəndlərdən olan yoxsul ailələrin uşaqlarının ali məktəblərə daxil olmasına mane olmur. Ancaq etiraf etməliyəm ki, ölkədə repetitorluq institutu getdikcə artmaqdadır. Əvvəllər valideynlər yalnız orta məktəbin yuxarı siniflərində uşaqlarına repetitor tuturdurlarsa, indi daha çox uşaq 5-6-cı, hətta ibtidai siniflərdən özəl dərslər alır. Bu, təhsilə mənfi təsir göstərir, çünki bütün fənlər üzrə müəllim tuta bilməzsiniz və ümumiyyətlə, valideynlərin fikrincə, repetitorlar qəbul imtahanları üçün lazım olan fənlərə görə seçilir. Nəticədə uşaq birtərəfli təhsil alır, məktəbin məqsədi isə ona çoxyönlü bir təhsil verməkdir”.

İsrafilovun fikrincə, ixtisaslaşdırılmış buraxılış siniflərinin yaradılması sayəsində orta məktəb şagirdlərinin repetitora ehtiyacları olmamalıdır: “Buna baxmayaraq, repetitorluq institutunun yaxın gələcəkdə arxa plana keçməsi ehtimalı azdır. Repetitorluqla mübarizə aparmaq mümkün deyil və lazımsızdır, lakin bu təzahürə rəsmi münasibət bildirmək lazımdır. Bəziləri, müəllimlərin maddi vəziyyətləri pis olduğundan repetitorluğa getdiyinə inanır. Ancaq bu, belə deyil, çünki indi bir çox müəllim yüksək maaş alır”.

“İndi repetitorluq, əsasən iqtisadiyyatın kölgə seqmentindədir, lakin müəllimlərin vergi ödəməsi və ya lisenziya alması üçün qanuniləşdirilməlidir. Bir qayda olaraq, xüsusi dərslər müəllim və ya tələbənin evində aparılır, amma tam qanuni olaraq məktəbdə keçirilə bilər. Bundan hər kəs xeyir götürəcək - şagirdlər və müəllimlər dərslər üçün başqa yer axtarmaq məcburiyyətində qalmayacaq və məktəb öz divarları daxilində özəl dərslər üçün vəsait qazanacaq. Xatırladım ki, ümumi təhsil qanununa görə, məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ var. Bundan əlavə, bu cür dərslər həm də ona görə yaxşıdır ki, dərs zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün sanitariya və gigiyenik qaydalara riayət edildiyini izləmək məktəbdə daha asandır. Bunu evdə etmək real deyil”, - sədr müavini vurğulayıb.

Ekspert əmindir ki, fərdi dərs verənlərin hamısı müvafiq təhsilə malik olmadığından, müəllimlərin ixtisası məsələsini qaldırmağa da dəyər: “Məktəb müəllimləri diaqnostik imtahan, sertifikatlaşdırma yolu ilə biliklərini sübut edirlər. Eyni şey həm evdə oxuyanlara, həm də kurslarda dərs deyənlərə tətbiq oluna bilər. Ancaq repetitorluq qanuni yoluna qoyulana qədər bu sahədə bir şey etmək mümkün deyil”.

Təhsil mütəxəssisi Nigar Qadaşova da repetitorların fəaliyyətinin leqallaşdırılmasının vacib olduğunu düşünür. Onun AYNA-ya dediyinə görə, repetitorlar vergi ödəyəcəklər və lazım gələrsə, dövlətin dəstəyinə etibar edəcəklər: “Bu vəziyyətdə, müəllimlər haqqında və bəlkə də xidmətlər üçün qiymətlər barədə məlumat verən bir veb sayt yaratmaq mümkün olardı. Orada şərhlər yazmaq olardı və bu, məktəblilərin valideynlərinə seçim etməkdə kömək edərdi”.

“Ancaq bu olmayacaq. Repetitorluğun leqallaşdırılması məktəbin imicinə xələl gətirəcək. Beləliklə, məktəblərin səviyyəsinin o qədər də yaxşı olmadığı, şagirdlərin bilik əldə etməsi üçün yetərli olmadığı rəsmi olaraq tanınacaq”, - həmsöhbətimiz əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.