"Həmin gün bir çoxumuz ”vur Komandir, vur!” deyirdik..." - Ülvi Quliyev

13-05-2021, 17:26           
"Həmin gün bir çoxumuz ”vur Komandir, vur!” deyirdik..." - Ülvi Quliyev
Əminəm ki, heç kim unutmayıb o səhnəni. Paşinyanın başının dəstəsi ilə Şuşada qurduğu kef məclisini nəzərdə tuturam. Bu yadelli keflənib,özünə oxşayanlarla bir yerdə Şuşada sındıra-sındıra rəqs də etmişdi. Həmin gün bir çoxumuz ”vur Komandir, vur!” deyirdik. Yox, demirdik, tələb edirdik. Vura bilərdikmi? Bilərdik! Haqq da, hüquq da, 44 günlük Vətən Müharibəsində olduğu kimi, o vaxt da bizim tərəfimizdə idi. Amma bu gün erməniləri kənardan dəstəkləyənlərin çılçığırı o zaman bağırtı olacaqdı. Nə haqq, nə hüquq, nə də ki tarixi ədalət bağıranların heç umurunda belə olmayacaqdı. Şəxsən mən şübhə etmirəm, yəqin, sizlər də razılaşarsınız ki, o həyasızlara heç kim, heç nə deməyəcəkdi, yenə bizi günahkar çıxaracaqdılar. Necə ki, son 30 ildə ən güclü, ən ədalətli hesab etdiklərimiz belə, onlara gözün üstdə qaşın var demədi, min bir oyununa göz yumdu, kimlərsə açıq-aşkar işğalçının tərəfində dayandı…

Prezident İlham Əliyev 29 ildən sonra “Xarıbülbül” festivalını yenidən Şuşaya qaytardı. Necə ki, qurub-yaratdığı Müzəffər Ordumuzla Şuşanı 28 ildən sonra xalqımıza qaytarıb. O, hər kəsin, dostun da, düşmənin də eşidə biləcəyi səslə qədim Şuşamızdan bəyan etdi ki, bu Qələbənin arxasında xalqımızın iradəsi və onun möhtəşəm birliyi dayanır. Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Şuşada keçirilən festivalı Prezident İlham Əliyev Ləyaqət Bayramımız adlandırdı. Zəfər çalmış milli qürurumuzun Ləyaqətli Bayramı.

Qədim mədəniyyət ocağımız Şuşadan ucalan Bayatı-Şiraz sədalarını təkcə Paşinyan və Köçəryan, təkcə Ermənistan cəmiyyəti deyil, bütün dünya eşitdi. Həqiqətən, söz yarası güllə yarasından betər olurmuş. Komandir deyə müraciət etdiyimiz Ali Baş Komandan İlham Əliyev vurdu, özü bildiyi kimi vurdu. Güllə yarasının sağalma ehtimalı var, bu yaranın isə əsla…

Gəlin, bugünü bizlərə nəsib etdiyinə görə Uca Allaha dualar edib təvəqqe edək ki, öz kölgəsini bundan sonra da xalqımızın və dövlətimizin üzərindən əskik etməsin! Onların hər ikisinə ləyaqət və sevgi ilə xidmət edən Ali Baş Komandanımıza, Müzəffər Ordumuza hər zaman yar olsun! Allah Azərbaycanı sevənləri və Qələbəmizə sevinənləri qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa,uzun ömür versin.

Milli Məclisin deputatı Ülvi Quliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.