Dövlət Komitəsində “gizli əməliyyat” – vəzifəli şəxslər gərginlik yaradıblar

4-05-2015, 16:07           
Dövlət Komitəsində “gizli əməliyyat” – vəzifəli şəxslər gərginlik yaradıblar
Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbə rəisləri "mükəmməl korrupsiya mexanizmi” qurublar.

Mia.az "Reytinq” qəzetinə istinadən xəbər verir ki, komitənin məsul şəxsləri korrupsiya mexanizmini genişləndirmək və daha çox qazanmaq naminə sahibkarlara qoyulan "aylıq” və "illik hesab” planını da son iki aydır artırıblar:

"Bu işin başında isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəalyiyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbələri durur. Onlar açıq şəkildə sahibkarları komitə sədrinin adıyla təhdid edərək, öz məqsədlərinə nail olurlar. Əks halda dövlətin bunlara verdiyi gücdən istifadə edərək, müəssisə rəhbərlərinin başına aşmadıqları oyunlar qalmır”.

Məlumata görə, xidmət əməkdaşları son aylar yanacaqdoldurma məntəqlərinə yönələn "hücumları” da intensivləşdiriblər: "İndi hər yanacaqdoldurma məntəqəsindən "illik birdəfələlik haqq” olaraq 5 min manat, ay ərzində isə 500-1500 manat «aylıq haqq» tələb edirlər. Bu sahədə ən qaba davranış isə Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən həyata keçirilir. Belə ki, Sumqayıt Regional Şöbəsinin əməkdaşı Əhmədağa Məmmədov özünü qoçu kimi aparır. Bu o Əhmədağa Məmmədovdur ki, 2009-cu ilə qədər Sumqayıt şəhər yol polisi idarəsinin rəisi olub. 2009-cu ildə Daxili İşlər Nazirliyi onun rəhbərlik etdiyi idarədə yoxlama aparıb və çox ciddi nöqsanlar aşkarlayıb. Bunu o zaman mətbuata da rəsmi açıqlayıblar. Məhz bundan sonra nazir Ramil Usubov onu nəinki vəzifəsindən azad etdi, hətta polis sistemindən də xaric elədi. Maraqlıdır ki, belə bir adamı Ramiz Həsənovla Əbülfət İmanov əhəmiyyətli bir vəzifəyə götürüblər. Axı, öz sahəsi üzrə neqativ əməllərə yol verən biri ixtisas və təcrübəsinə uyğun olmayan digər sahədə özünü necə doğrulda bilər? Təsəvvür edin ki, o, işlədiyi qurumun sərhədləri daxilində olan bütün obyektlərə «aylıq» və «illik hesab» tətbiq edib. Hətta qanunsuz «hesab» tələbinə boyun əyməyən sahibkarlardan biri ilə əlbəyaxa davadan da qalib ayrılan xidmətin bu əməkdaşına "gözün üstə qaşın var” deyən də olmayıb. Görünür, onun tipli adamlar komitə sədri Ramiz Həsənova və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanova bu gün çox sərf eləyir. Yoxsa, elə onun özünü komitəyə çağırıb, fiziki güc tətbiq edərdilər”.

Mənbə bildirir ki, zaman-zaman komitənin özündə də yığılan rüşvətin bölüşdürülməsində narazılıq yaranır: "Hətta bu narazılığın bəzən əlbəyaxa davaya keçməsi haqda mətbuatda xəbərlər də gedib. Elə 2012-ci ilə qədər komitənin aparat rəhbərinin müavini olan, hazırda isə aparata rəhbərlik edən Elçin Quliyevlə Əbülfət İmanovun əlbəyaxa davaya çıxması haqda deyilənlər də səbəbsiz olmayıb. Görünür, peşəkar vergi əməkdaşı olan Elçin Quliyev Əbülfət İmanovun "katyol”a kələk gəlməsini aşkarlayıb. Yəqin elə bu "xidməti”nin müqabilidir ki, Ramiz Həsənov keçmiş vergi əməkdaşı Elçin Quliyevin çox qısa zaman ərzində sürətlə yüksəlişini təmin edib. İndi o, təkcə aparatın rəhbəri deyil, həm də "qara mühasibatlığa” rəhbərlik etməklə, Əbülfət İmanovla birlikdə komitənin əsas "dayaq”ları sayılırlar. Yəni Ramiz Həsənovun istəyi ilə Elçin Quliyev plan cızır, Əbülfət İmanov isə plana uyğun yığımı təşkil edir. Beləliklə, komitə səviyyəsində korrupsiya genişlənir”.

Sahibkarlar deyirlər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun rəisi Əbülfət İmanovun "yığım kampaniyası” ciddi gərginliyə yol açıb:

«Əbülfət İmanovun rəhbərlik etdiyi xidmət və onun qoçusayağı davranan əməkdaşlarının qanunsuz əməlləri səbəbindən hazırda xeyli iş yerləri bağlanmaq təhlükəsiyə üzləşib. Əgər real vəziyyət belədirsə, o zaman Ramiz Həsənovun, Əbülfət Imanovun və onların adamlarının əməllərinə necə ad verə bilərik? Bu, ölkədə yeni iş yerləri yaratmış sahibkarlardan çox, dövlətə və onun siyasətinə qarşı çıxmaq deyilmi? Əgər sahibkarın səhvi varsa, qanunla tədbir görsünlər. Gedin, dəqiqləşdirin, görək, bu günə qədər nə qədər yanacaqdoldurma məntəqəsinə qarşı rəsmi cərimə tətbiq ediblər? Və niyə məntəqələr arasında ayrı-seçkilik var?».

Müsahiblərimiz xidmət və onun regional şöbəsində baş verən digər xoşagəlməz hallardan da söz açıblar. Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız davam edəcək. Yazıda adları hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.