Tələbələr kirayə evlərin qiymətinə yaxın düşə bilmirlər - AKTUAL

24-09-2021, 09:05           
Tələbələr kirayə evlərin qiymətinə yaxın düşə bilmirlər - AKTUAL
Kirayə evlərin bahalaşacağı gözlənilən idi. Adət etdiyimiz mənzərədir çünki. Yeni tədris ili başlamamışdan evlərin qiyməti qalxır. Hansısa bölgədən paytaxta elm ardınca gələcək olanlar pullarını əvvəlcədən hazırlayır. Bilirlər ki, kirəçilər qiyməti qaldırıb. Bununla kirayə ev bazarını “boğmaq”, suçlamaq məqsədi güdmürük. Ümumi bahalaşma varsa, evlərin, o cümlədən kirayə mənzillərin də qiyməti qalxacaq və bu, tamamilə təbiidir. Daşınmaz əmlaka sahib olanlar da pandemiyada müştəri sarıdan korluq çəkib, qazanc əldə edə bilməyiblər. Və indi onların əllərinə düşən fürsəti dəyərləndirməsi qədər də qanunauyğun bir hal yoxdur.

Məsələ kirayə mənzil bazarının başlı-başına buraxılmasıdır. Bundan ən böyük əziyyət çəkən əlbəttə ki, tələbələrdir. Tələbənin aldığı təqaüdü kirayə haqqı, gündəlik xərclərlə tutuşduranda bu pulun bir işə yaramadığı məlum olur. Bu vəziyyətdə tələbə ailəsindən xərclik istəyir. Və ailəsi də maddi sıxıntıya düşür.
"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, kirayə mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8,33 manatdan 8,36 manata yüksəlib. Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində dərslərin açılması da kirayə mənzillərin qiymətinə təsir edib. Hətta tələbələrin bir hissəsi dərslərin bərpa olunması elan olunmazdan əvvəl kirayə mənzillər tutmuşdular. Əmlak üzrə ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat olub.

Kirayə mənzil bazarını, məhz tələbələrin xərclərini yüngülləşdirmək baxımından nəzarət altına almaq mümkündür?

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu məsələ kompleks həll olunmalıdır:

- Vergi ödəyicilərinin vergiyə cəlb olunması ibtidai səviyyədədir. Vahid nəzarət mexanizmi yoxdur. Kirayə mənzil bazarına o zaman nəzarət edilə bilər ki, daşınmaz əmlak sahibləri vergiyə cəlb olunsun, kirayə haqqından dövlətə vergi ödənsin. Amma bu pullar ortada nəzarətsiz dövr edir. Kirayə qiymətlərini də bazar müəyyənləşdirir. Tələbat artdıqca qiymət də artır. Pandemiya dövründə kirayə mənzillər “su qiyməti”nə idi. Əyani tədris bərpa olunur deyə, qiymətlər də qalxdı.

Problemin həlli üçün nə tələb olunur? F.İbrahimov qeyd etdi ki, problemin açarı elə bir qurumun əlindədir ki, həll məsələsi ümidsiz görünür:

- Bu problemlə Təhsil Nazirliyi məşğul olmalıdır. Nazirlik hökumət qarşısında konkret layihələrlə çıxış etməlidir, hökuməti bu işə təşviq etməlidir. Ali məktəblərin yataqxana strukturu bərpa olunmalıdır. Tələbələr də rahat şəkildə yataqxanada qalmalı, dərsləri ilə məşğul olmalıdırlar. Tələbə gedib hardasa kirayə qalır, hamının imkanı yoxdur ki, yaxşı şəraitli, komfortlu mənzildə qalsın. Çox zaman təmirsiz, ucuz mənzilləri kirayələyirlər. Bu da tələbə üçün əlavə sosial yük deməkdir. Tələbə işığın, qazın, suyun dərdini çəksin, yoxsa fikrini dərslərinə cəmləsin? Yataqxana sistemi bərpa olunsa, tələbələrin yükü azalacaq. Mümkündür ki, yataqxanalara görə minimal ödəniş təyin edilsin. Bu məbləğdən də yenə yataqxananın ehtiyacları, kommunal xərclər üçün istifadə edilsin. Hər şey şəffaf olmalıdır. Məlum məsələdir, tələbə yataqxanalarında uzun müddət məcburi köçkünlər məskunlaşdı və bu sistem dağıldı. Lakin son illərdə yataqxana sistemini bərpa edən ali məktəblər də var.

Məsələn, Moskva Dövlət Universitetinin Bakı filialı. Digər ali məktəblər də səy göstərsələr, bu sistemi bərpa edə bilər. Yataqxana tələbəliyin canı-qanıdı. Tələbələrin bir məkanda yerləşməsi, bir-biriylə ünsiyyətdə olması tədrisə də müsbət təsir edir, tələbələrin özünə də.

F.İbrahimov qeyd etdi ki, hazırda hökumətin əlində kifayət qədər imkanlar var:

- Qısa müddətdə olimpiya stadionu, beynəlxalq səviyyəli aeroportlar tikilir. Tikinti indiki dövrdə asan, tez başa gələn işə çevrilib. Yataqxana tikmək niyə çətin olsun ki. Sadəcə, Təhsil Nazirliyi 30-40 ilin müəllimlərini imtahana çəkməyə sərf etdiyi enerjini yataqxana probleminin həllinə sərf etsə, daha uğurlu nəticə əldə edər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.