“Oxumayan şagirdin 11-ci sinfi bitirməsinə ehtiyac yoxdur” – DEPUTAT

16-10-2021, 09:15           
“Oxumayan şagirdin 11-ci sinfi bitirməsinə ehtiyac yoxdur” – DEPUTAT
Fazil Mustafa: “Azərbaycanda ali təhsil fobiyası, hamının diplom alma yarışı gedir”

Razi Nurullayev: “Vəzifəyə düzəldib qeyri-şəffaf yolla varlanmağa nail olmaq daha asandır”

Milli Məclisin bugünkü iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Lahiyə ilə bağlı deputatlar rəy və təkliflərini səsləndiriblər.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda ali təhsil fobiyası, hamının diplom alma yarışı gedir: "Bu mütərəqqi dəyişikliklər sözügedən fobiyanın qarşısının alınmasına kömək edə bilər. Hesab edirəm ki, peşə təhsilində təhsil alan insanların ali məktəbə daxil olmaq imkanı qazanması yaxşı olacaq. Onlar peşə təhsilində ciddi ixtisasa yiyələnməlidir. Bu, ali məktəbə qəbulun asanlaşması deməkdir”.

“Ümumiyyətlə, ali məktəbə qəbulu asanlaşdırmalıyıq. Ali məktəbə girişdə problem olmamalıdır. Çünki onsuz da bizim insanların ticari zəkası çox inkişaf edir. Onlar Ukraynada, Türkiyədə oxuyub, gəlib başqa yollarla diplomu Azərbaycanda tanıda bilirlər”, - deyə F.Mustafa əlavə edib.

Deputat Razi Nurullayev isə bildirib ki, bir neçə ay əvvəl Türkiyə tərəfinin dəstəyi ilə Azərbaycanda iki yeni peşə təhsil müəssisəsinin yaradılması barədə sənəd Milli Məclisdə qəbul olunub: “Bilirik ki, diplomu olmaq yaxşı mütəxəssis olmaq anlamına gəlmir. Təəssüf ki, valideynlər də övladlarına peşə vermək əvəzinə daha çox diplom vermək istəyirlər. Bir sözlə, diplomlu adamı vəzifəyə düzəldib qeyri-şəffaf yolla varlanmasına nail olmaq daha asandır”.

“Düşünürəm ki, oxumayan şagirdin 11-ci sinfi bitirməsinə ehtiyac yoxdur. Niyə dövlət o xərci çəkməlidir? Attestat alır, nə olsun? Nə peşəsi var, nə ali məktəbə daxil ola bilir, nə də ki, iş qurmaq üçün bacarığı var. Təəssüf ki, məktəblərin də mütləq əksəriyyətində nə bacarıq, nə də təcrübə öyrədilir. Bir səbəb də bizdə şagird başına ayrılan dövlət vəsaitinin xeyli az olmasıdır”, deputat vurğulayıb.

R.Nurullayev təklif edib ki, ilk olaraq təhsil sahəsinə ayrılan büdcə vəsaiti ən azı 3-4 dəfə çoxaldılmalıdır: “Təhsilə qoyulan investisiya batmır, qoyulan xərcdən bir neçə dəfə artıq şəkildə qayıdır. Ən vacib məsələlərdən biri peşə təhsilidir. Yanımıza gələn yüzlərlə şikayətçilər də iş tələb edir. Soruşursan ki, nə bacarırsan, nə iş istəyirsən, deyir ki, nə olsa! Nə peşəsi var, nə də öyrəndiyi sahə. Bu boşluğu doldurmaq və ölkəmizdə olan kadr çatışmazılığını aradan qaldırmaq üçün ən azı 50-60 yeni peşə məktəbinin açılmasına ehtiyac var. Bu, minimaldır”.

“Türkiyə dövləti ilə bağladığımız əməkdaşlıq protokolunu digər ölkələrlə də bağlaya bilərik. Türkiyə ilə iki yox, özümüz bütün xərcləri ödəmək şərtilə daha 10 peşə məktəbi yarada bilərik. Vəsait lazımdır, o da var. 450 milyona bank binası tikmək yerinə 30-40 ədəd peşə məktəbi tikmək, təmir etmək və ən çoxu 2 il ərzində 30 min vətəndaşa peşə təhsili vermək olardı. Biz Belarus, Özbəkistan, Qazaxıstan, Polşa, Macarıstan, Bolqarıstan, Yaponiya, İtaliya, Malayziya və digər ölkələrlə bunu edə bilərik”, - millət vəkili fikrini tamamlayıb.

Müzakirələrdən sonra Milli Məclis Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.

Qanun layihəsinə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir. Dəyişiklikdə nəzərdə tutulur ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır. Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.

Müəllif: Anar Bayramoğlu
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.