Azərbaycanda reklama görə dövlət rüsumları - 10-20 DƏFƏ ARTIRILIR – YENİ MƏBLƏĞLƏR
3-12-2021, 09:57

Azərbaycanda açıqa havada reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumu 10 dəfələrlə artırılır.
FED.az xəbər verir ki, bu hazırda Milli Məclisdə müzakirə olunan «Dövlət rüsumu haqqında» qanuna dəyişiklikdə nəzərdə tutulur.
Qanunun 33-1-ci maddəsinə ediləcək - hansı ki, açıq havada reklam yerləşdirilməsinə icazəyə görə rüsumları əhatə edir – dəyişikliklər nəticəsində təkcə rüsumların məbləğinə deyil, onların yığılması tezliyinə və hesablanması qaydasına da aiddir. Nəzərdə tutulan dəyişikliklərin hamısı icazə rüsumunun məbləğinin artımı məqsədi daşıyır.
Beləliklə,
Qanunun hazırda qüvvədə olan 33-1-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun məbləği reklamın 1 kvadratmetrinə görə 5-100 manat arasında dəyişir. Bu məbləğ bütün açıq hava reklamlarına aiddir.
2022-ci ildən isə reklam icazəsi üçün rüsumlar yeni qayda ilə hesablanacaq. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğularının hər kvadratmetrinə icazə rüsumu 100 manat olacaq.
Elektron reklamlarda kvadratmetrə görə 50 manatdan başlayır, reklamın sahəsi artdıqca hər kvadrata düşən məbləğ azalır. Belə ki, sahə 20 kvm-ə qədər olduqda kvadratmetrin qiyməti 50 manat, 50 kvm-ə qədər olduqda 20-dən artıq sahə üçün 15 manat, 100 kvm-a qədər olduqda 10 manat, 100 kvm-dən artıq sahələr üçün isə 5 manat nəzərdə tutulub.
Hərəkətsiz daşıyıcılar, məsələn transparant, körpüüstü reklam, bilbord və sairlərdə 1 kvadratmetrin qiyməti 10-20 manat arasında dəyişəcək.
Maraqlı məqam odur ki, reklamın yerləşdirilməsinə verilən icazə və ona görə ödənilən rüsum 1 illik dövrü əhatə edir, növbəti ilə üçün icazə yenidən alınmalı və yenidən rüsum ödənilməlidir. Bundan başqa, icazə alındığı dövrdə reklamın lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirilsə, yenidən icazə alınmalı və ödəniş edilməlidir. İcazə müddəti 1 ildən az olduqda, icazə xərci – rəklamın qüvvədə olacağı ayların sayına bölünür və həmin müddətə hesablanır.
Digər tərəfdən, hər hansı obyektin giriş hissəsində və ya fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir.
Reklam üçün icazə rüsumunun məbləği ölkənin regionları üzrə fərqlənəcək. Yuxarıda yazıda və aşağıda cədvəldə göstərilən rəqəmlər Bakı şəhəri üçün nəzərdə tutulub. Ölkə üzrə isə rüsuma görə, xüsusi əmsallar müəyyən edilib və regionlarda qiymət daha ucuzdur. Əmsallar Bakı şəhəri üzrə - 1; Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8; Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7; digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5 nəzərdə tutulub.
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri
Bu ilin sonunadək
________________________________
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
1
2
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi
5 manatdan – 100 manatadək
2022-ci ildən etibarən
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
33-1.1. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) - 1 kvadratmetr üçün
100 manat
33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) :
33-1.2.1. 20 kvadratmetrədək olduqda
hər kvadratmetrinə görə 50 manat
33-1.2.2. 50 kvadratmetrədək olduqda
1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat
33-1.2.3. 100 kvadratmetrədək olduqda
1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat
33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda
1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat
33-1.3. Təsvirin dinamik dəyişdiyi daşıyıcılar
(1 kvadratmetr üçün):
33-1.3.1. roller
40 manat
33-1.3.2. prizmatron və s.
17 manat
33-1.4. Hərəkətsiz daşıyıcılar (1 kvadratmetr üçün):
33-1.4.1. transparant, körpüüstü reklam
20 manat
33-1.4.2. ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending)
17 manat
33-1.4.3. bilbord, meqabord
15 manat
33-1.4.4. kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (bu Qanunun 33-1.4.1- 33-1.4.3-cü maddələrində nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)
10 manat