Qiymətlər gözləntimizdən daha çoxdur: Qazancımız xərcimizi nə vaxt ödəyəcək?

7-12-2021, 08:43           
Qiymətlər gözləntimizdən daha çoxdur:
“Sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82%, orta pensiya artımı 60% olub. Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq. Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən nazir bildirib ki, əlavə olaraq 1 milyon 100 mindən çox pensiyaçının pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq.

Nazir qeyd edib ki, islahatlarda məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır.

Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq. Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır:

"Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Qeyd edək ki, ilin sonuna çox az vaxt qalıb və hazırkı inflyasiya gözləniləndən yüksəkdir. Eyni zamanda, qiymət artımı yüksələn xətt üzrə davam edir.

Vəziyyətin belə davam etdiyi bir vaxtda inflyasiya və qiymət artımı ilə pensiyanın artımı adekvatdırmı?

İqtisadçı- ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, inflyasiyanın həqiqi həddini Mərkəzi Bank ilin sonunda elan edəcək:

“Ümid edirəm ki, artımlar inflyasiyanın həddində olacaq. Ancaq burada bir amili nəzərə almalıyıq ki, pensiya nəyin hesabına artırılır? Pensiyanı Dövlət Sosial Müdafiə Fondu ödəyir. Yəni hər birimizin maaşından, gəlirindən məcburi sosial sığorta haqqı tutulur və oraya yığılır, oradan da pensiya haqqı ödənir. İndiyədək vəziyyət belə idi ki, bizim ödədiyimiz pensiya haqları pensiyaların ödənilməsinə kifayət etmir. Ona görə də dövlət büdcəsindən DSMF-yə müəyyən transfert olunur, yəni müəyyən vəsait ödənir.

Bu, nəyə görə baş verir? Ona görə ki, illər ərzində ƏƏSMN-in keçmiş rəhbərliyi dövründən Azərbaycanda xeyli sayda saxta pensiyalar var. Yaxud da pensiyaçıdır, ona ödənilən pensiya qanunda nəzərdə tutulandan çoxdur. Ona görə də pensiya ödənişlərini artırmağa vəsait qalmır. Bu gün problem olaraq göstərilir ki, pensiyalar kəsilib. Ancaq başa düşmək lazımdır ki, qanunsuz verilənlər kəsilir. Azərbaycanda pensiyanın qiymət artımından yüksək olması o zaman mümkün olacaq ki, qanunsuz pensiyaların kökü kəsilsin. Bizim ödədiyimizdən vəsait orada çox olsun. Bu gün bəzi qüvvələr hətta buna da mane olur. Azərbaycanda yaxın dövrdə hamını qane edən pensiya məbləğlərinin olmasını gözləmirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.