Qablaşdırılmış içməli sular krandan doldurulub satılır? - AÇIQLAMA

9-12-2021, 18:43           
Qablaşdırılmış içməli sular krandan doldurulub satılır? - AÇIQLAMA
Suyun insan orqanizminə və həyatına saysız hesabsız faydalarını saymaqla bitməz. Bildiyimiz kimi, suyun insan orqanizminə və sağlamlığına xüsusi və faydalı təsiri var. Lakin burada ən önəmlisi qəbul etdiyimiz içməli suyun keyfiyyətli və təmiz olmasıdır. Azərbaycan bazarında isə qablaşdırılmış formada satılan içməli suyun keyfiyyəti və tərkibi naməlumdur. Hətta bəzən istər marketlərdə satılan, istərsə də evlərə və ofislərə çatdırılan suyun tərkibinin kran suyundan doldurulduğu səsləndirilir. Azərbaycanda elə su təmizləyici filtr və su istehsalçıları şirkətləri var ki, insanların sağlamlığından çox bazar maraqlarına xidmət edirlər.

Maraqlıdır, satışda olan içməli sular krandan qablara doldurularaq satılır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə satılan qablaşdırlmış içməli su analiz edilmir və tərkibi çox vaxt saxtalaşdırılır:

“Mən Dünya Su Konqresinin iştirakçısıyam və orada suyun möcüzəvi bir maddə olduğunu gördüm. Su bütün maddələrdən fərqli olaraq 3 halda olur - qaz, kristal və maye halında. Bütün maddələr soyuqda sıxılır, istidə genişlənir. Əslində içməli suyu analiz etmək üçün o, 300 parametrə ayırd olunub araşdırılmalıdır. Dünyanın heç bir laboratoriyası bunu edə bilmir. Üstəlik elm öyrənməyib ki, hansı insan orqanizminə hansı su lazımdır. Ola bilər ki, bir növ su, məsələn cod su 5 nəfərlik ailənin ikisi üçün uyğun olsun, digərlər üzvləri üçün ziyanlı olsun. Yəni, suyun insana təsiri geniş səviyyədə öyrənilməlidir. Azərbaycan bazarında olan litri 10 manat olan qablaşdırılmış və litri 40 qəpik olan təmizlənmiş suların saxtalaşdırılması ilə bağlı çoxlu şikayətlər var. Bu sual bizə də ünvanlanır və bu da müəmmalı bir məsələdir. Suyun müəmmalılığından istifadə edən su istehsalçıları və su filtri ilə məşğul olanlar öz işlərini görmürlər və istehlakçıları aldadırlar. Heç kəs deyə bilməz ki, bazarda qablaşdırılmış suların hansı təmizlənmişdir, yaxud təmizlənmiş su kimə xeyirdi və ya zərərlidir. Və eynilə də heç kimə məlum deyil ki, bu sular sadəcə krandan doldurulub yoxsa yox. Çünki bu məsələ çox mürəkkəb məsələdir. Buna görə də əmtəə bazarında brend suyun belə saxtaları var, yəni birbaşa krandan yığılmış olanları var və su filtrçiləri də bundan istifadə edərək primitiv təcrübələrlə insanları aldadırlar. Hər gün bununla bağlı bizə şikayət gəlir. Su filtrlərinin təmizlənməsi ilə məşğul olan şirkətlər var ki, təcrübələr edirlər və insanlara bildirilər ki, zəhərli su içirsiz və s. Yəni bu məsələ mücərrəd bir məsələdir. 5 il öncə mən 12 suyun sadə analizini elədim və bir həftə ərzində 3 yerdən məhkəməyə verildim. Beləliklə də su müəmması beləcə də qalır və bir daha qeyd edirəm ki, onun ən müəmmalı cəhəti hansı orqanizmə xeyirli, hansına zərərlidir”.

E.Hüseynov qeyd etdi ki, xaricdən gətirilən qablaşdırılmış içməli suyun da tərkibi saxtalaşdırılır:

“Ola bilər ki, xarici ölkələrdən gətirilən suların da tərkibi birbaşa kranlardan doldurulsun. Çünki heç kəs bunu araşdırmır. Heç bir su istehsalçıları öz bazarını təmizləmək üçün iş aparmır. Əgər su istehsalçıları vicdanla işləsələr, bu məsələni qaldırarlar. Amma təəssüf ki onlar öz sərmayələri ilə məşğuldurlar".

Nuranə Tofiqli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.