Azərbaycanda reklam yayımına bəzi məhdudiyyətlər qoyuldu
3-04-2016, 13:09
Azərbaycan Nazirlər Kabineti “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edib. Resmixeber.az- məlumatına görə, bu qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq edilsin.
Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
Bu Qayda televiziya proqramlarında, açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.
Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.
Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir.
Qaçan sətirlə yayımlanan reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə uyğun olmalıdır.
Televiziya proqramlarında qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır.
Yayımlanan televiziya proqramının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır.
Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.
Qaçan sətirlə verilən elanların, xəbərlərin, anonsların və digər məlumatların yayımı zamanı qaçan sətirlə reklam yayımlana bilməz.
Qaçan sətirlə yayımlanan reklam akustik (səsli) elementlərdən ibarət ola bilməz.
Qaçan sətirlə verilən reklamın (sosial reklam istisna olmaqla) vaxtı televiziyada yayımlanan reklamın ümumi vaxtına daxildir.
Azərbaycan Respublikasının Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının yayımı zamanı qaçan sətirlə reklam verilə bilməz.
Siyasi verilişlərdə və xəbər proqramlarında qaçan sətirlə reklamın yayımlanmasına yol verilmir.
Uşaq verilişlərində və dini proqramlarda alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.
Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş matəm günlərində televiziya proqramlarında qaçan sətirlə reklamın yayımlanması qadağandır.
Birbaşa aid olduğu xidmət, ticarət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə qaçan sətirlə yerləşdirilən elanlar, həmçinin dövlət orqanlarına aid lövhələr reklam daşıyıcıları hesab edilmir.
Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır.
Açıq məkanda qaçan sətirlə reklam yayımlayan qurğular yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğuları üzərində yerləşdirildikdə isə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır.
Reklam, o cümlədən sosial reklamla bağlı sifariş olmadığı halda, reklam qurğusunun reklam mətni olmadan və yaxud təsvirsiz qalmasına yol verilmir.
Qaçan sətirlə reklam yayımlayan qurğuların reklam səthinin aşağı hissəsində reklam qurğusunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və reklam yerinin nömrəsi barədə məlumat yerləşdirilməlidir.
Teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən, qaçan sətirlə yayımlanan reklam
Teatr tamaşası və kino xidməti göstərilərkən, qaçan sətirlə reklam teatrın və kinoteatrın foyesində, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallarda isə onlar başlamazdan əvvəl yayımlana bilər.
Teatr tamaşasının gedişində, kinofilmlərin (əvvəli istisna olmaqla), konsertlərin və digər tədbirlərin nümayişi zamanı qaçan sətirlə reklamın yayımlanması, o cümlədən qaçan sətirlə reklamın yayımlanan filmin kadrına yerləşdirilməsi qadağandır.