Azərbaycanın iri bankı defolt ərəfəsində

7-05-2015, 23:24           
Beynəlxalq reytinq agentliyi “Moody's İnvestors Service” Azərbaycanın iri banklarından olan “Bank Technique's”in (keçmiş “Texnikabank”) reytinqini aşağı salıb.

Virtualaz.org saytı agentliyin rəsmi saytına istinadən xəbər verir ki, “Moody's” bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqini aşağı salaraq Caa1 səviyyəsində (olduqca yüksək kredit riski, həddən artıq spekulyativ) müəyyən edib.
Bankın baza kredit qiymətləndirməsi üzrə reytinqi isə Caa2 səviyyəsinə endirilib.
“Moody's” bildirir ki, bankın reytinqinin aşağı salınması bu ilin fevral ayında həyata keçirilən devalvasiya nəticəsində “Bank Technique's”in məruz qaldığı ağır itkilərlə bağlıdır. Devalvasiya nəicəsində bankın xarici valyuta üzrə kapital ehtiyatı kəskin azalıb, bu itkinin yerini vaxtında və kifayət qədər doldurmaq mümkün olmayacaq.
Azərbaycanın iri bankı defolt ərəfəsində
Reytinq agentliyi bankın kapital yetərliliyi və Mərkəzi Bankdan ayrılan 15 milyon manatlıq subordinasiyalaşdırılmış borcun tətbiqində normativlərin pozulmasına görə şifahi xəbərdarlıq alıb. Banka öz kapital mövqelərini bərpa etmək barədə xəbərdarlıq olunub.
Agentlik bankın düşdüyü vəziyyətdən çıxması üçün onun nəzarət səhm paketinin mülkiyyətçisinin nizamnamə kapitalını artırmalı olduğunu, lakin bu artımın formasının və həcminin, habelə vaxtının qeyri-müəyyən olduğunu bildirir.
“Moody's” “Bank Technique's”in kapital yetərliliyinin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi normaların altına endiyini bildirir. Agentlik hesab edir ki, “Bank Technique's”in fövqəladə dəstəyə ehtiyacı var.
Bununla belə Mərkəzi Bankın belə dəstək verməkdən imtina etdiyi də qeyd olunur. Nəticədə bankın düşdüyü vəziyyətdən çıxa bilmək üçün iki yolu qalır: subordinasiyalaşdırılmış borc formasında maliyyə dəstəyi və nəzarət səhm paketinin sahibi tərəfindən yatırım.
Beynəlxalq reytinq agentliyi “Bank Technique's”in fevral ayında həyata keçirilən devalvasiya nəticəsində 25 milyon manat həcmində ziyana düşdüyünü bildirir. Agentliyin qiymətləndirmələrinə görə, bankın depozit reytinqinin yaxın 12-18 ayda artması imkanları məhduddur. Əgər bank maliyyə dəstəyi almasa, agentlik onun reytinqini daha bir pillə aşağı salacaq.
Qeyd edək ki, “Moody's” agentliyinin reytinqlərinə əsasən Caa1 və Caa2 reytinqi qiymətləndirməsi aparılan şirkətin olduqca yüksək kredit riski ilə üzləşdiyini və həddən artıq spekulyativ situasiyada olduğunu göstərir. Bundan aşağı səviyyə isə defolta yaxın, yaxud artıq defolt vəziyyəti deməkdir.
“Bank Technique's“in səhmlərinin 78,4421 faizinə “BEAUFORT İNVESTİSSEMENTS S.A.” şirkəti nəzarət edir. Bankın səhmlərinin 21,5579 faizi fiziki şəxslərdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.