Ramazan başlayan kimi xurmanın kilosu 60 manata qalxdı... Mənbə: Bakixeber.com
5-04-2022, 10:23

Aytəkin Kamranqızı: “Xurmaya ən çox tələbat Ramazan ayında olur, tələbatın artması da…”
İslam dünyasında ən müqəddəs ay olaraq Ramazan ayı qəbul edilib. Ramazan ayında insanlar niyyət edərək oruc tutur, ibadət edir, pis əməllər etməkdən uzaq olurlar. Oruc tutanların iftar süfrəsində xurmanın olması tövsiyə olunur. İftarı xurma ilə açmaq insana uzunmüddəli toxluq verir, həddən artıq çox yeyərək mədənin birdən-birə yüklənməsinin qarşısını alır.
Xurma təkcə oruc tutanların deyil, həm də faydalı təsirləri olduğu üçün hər kəsin yeməli olduğu meyvədir. Tərkibində bədənin immun sistemini gücləndirən B1, B2, E, C, A vitaminləri, karbohidratlar, fosfor, kalsium, dəmir, maqneziumu birləşdirən elementlər olduğuna görə tez həzm olunmaya, itirilmiş enerjinin bərpasına, qan təzyiqini normada saxlamağa kömək edir. İnsanlar xurma meyvəsinin saymaqla bitməyən faydalı xüsusiyyələrini həkim məsləhətlərində də eşidirlər.
Xurma Ramazan ayında, digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da ən çox istehlak olunan məhsul sayılır. Hər il Ramazan ayı ərəfəsi bu məhsulun qiymətində cüzi də olsa artım müşahidə olunsa da, bu dəfə xurmanın qiymətində nəzərəçarpacaq artım var. Buna səbəb isə Azərbaycanın ən çox xurma idxal etdiyi ölkə olan İrandan xurma ixracının dayanmasıdır. Bazar və iri supermarketlərdə apardığımız araşdırma da göstərir ki, xurmanın qiymətində, xüsusilə açıq çəkidə satışda daha çox qiymət artımı baş verib. Ötən Ramazanda bir kiloqramı 30 manata satılan xurmanın qiyməti hazırda 60 manata təklif edilir. Satıcılar qiymət artımının səbəbini izah etməyə çətinlik çəksələr də, bahalaşmanın topdansatışda baş verdiyini söylədilər.
Bazarlarda xurmanın qiyməti növünə görə dəyişir. Ən bahalısı Mədinədən gətirilən "Peyğəmbər xurması”, ən ucuzu, həmçinin, ən çox tələbat olan isə karton qutularda satılan "İran” xurmasıdır. Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrail və ayrı-ayrı ərəb ölkələrindən xurma idxal edilir. Hazırda mağazalarda ən ucuz növlü xurmanın kilosu 3-5 manata yaxındır. Lakin qiymətlər getdikcə artır.
“Azərbaycan xurmanın yetişdiyi ölkələrdən iqtisadi baxımdan daha sərfəlisini seçərək müvafiq əlaqələr qurmaqla ölkəmizə xurma idxalının həcmini artıra bilər”
Qeyd edək ki, marketlərdə belə xurmanın qiyməti fərqlidir. Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, xurmaya ən çox tələbat Ramazan ayında olur. Tələbatın artması da qiymətlərin bahalaşmasına təsirini göstərir: “Ramazan ayında xurmanın qiymətini sabit saxlamağın bir yolu da bu məhsulun Azərbaycana başqa ölkələrdən idxal mənbəyinin axtarılmasıdır. İqtisadiyyatda buna şaxələnmə deyilir. Artıq Ramazan başlayandan Azərbaycanda da xurmaya tələbatın artacağı bəlli idi. Ərəb ölkələri ilə iqtisadi əlaqələr qurmaq olar, xurma məhsulunun idxal coğrafiyasını beləcə genişləndirmək lazımdır. Məhsulun idxal coğrafiyası genişləndikcə, şaxələndikcə, ölkə vətəndaşlarının xurmaya olan tələbatını ödəmək üçün İrandan asılı qalmazdıq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan müsəlman ölkəsi olduğundan, xurmanın idxal rüsumunu da azaltmaq lazımdır: “Bu da qiymət ucuzlaşmasına gətirib çıxarar. Bütün bunları diqqətdə saxlamaqla bu gün xurmanın qiymətinin ucuzlaşmasına nail olmaq olar. Xurmanın qiymətində bahalaşmanın bir səbəbi xurmanın yetişmədiyi ölkələrdə bu məhsula tələbatın artmasıdır. Bu ölkələrdə tələbat artdığından, qiymətə təsir göstərir. Ona görə də Azərbaycan xurmanın yetişdiyi ölkələrdən iqtisadi baxımdan daha sərfəlisini seçərək müvafiq əlaqələr qurmaqla ölkəmizə xurma idxalının həcmini artıra bilər”.
Günel CƏLİLOVA