Ucuz enerji almağımıza mane olurlar: - “Bu şirkətlər hamısı büdcəyə yükdür”
8-04-2022, 17:06

Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.
Bu, Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatında qeyd edilir. Hesabatda deyilir ki, ölkəmizin, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var və hökumət 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırır.
"Yaşıl hidrogen" siyasəti ilə əlaqədar olaraq isə 2060-cı ildə bu zona sıfır emissiya regionu olacaq.
Hesabata görə, bu sırada Azərbaycanla yanaşı, Avstraliya, Şri-Lanka və Türkiyənin adı yer alıb. Belə ki, Avstraliyanın potensialı 4 963 qiqavatt, Şri-Lankanın imkanları 92 qiqavatt və Türkiyənin potensialı isə 70 qiqavatt olaraq müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan hökumətinin "Yaşıl enerji" ilə bağlı xüsusi strategiyası mövcuddur. Bu siyasətə uyğun olaraq işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji” zonası elan edilib. Həmçinin Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti 240 MVT gücündə külək enerji parkı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti isə 230 MVT gücündə günəş elektrik stansiyası inşa edəcək. Hər iki stansiyanın inşa işlərinin 2023-cü ilin ortalarında yekunlaşaraq istismara verilməsi gözlənilir. Hazırda alternativ enerji ilə bağlı dövlət strategiyasının olmasına, bu istiqamətdə xarici şirkətlərin investisiya qoyuluşuna və külək enerjisi potensialına görə dünyada 2-ci ölkə olmasına baxmayaraq hələ ki, Azərbaycanda adıçəkilən enerjidən geniş istifadə olunmur.
Bunun səbəbi isə müxtəlif amillərlə izah edilir. Onlardan biri kimi göstərilir ki, ənənəvi enerjidən istifadəni geniş saxlamaqda məqsəd daha çox gəlir əldə etmək, dövlət büdcəsinə vəsait toplamaqdır.
Əgər doğrudan da reallıq belə deyilsə, bu potensialdan niyə istifadə edilmir? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, dövlətin bu məsələyə münasibəti dəyişməlr və özəl təşəbbüslərin önü açılmalıdır:
“Yəni vətəndaşlar özləri kiçik ev təsərrüfatlarını belə günəş və külək enerjii ilə təmin etməsi üçün texniki şərtlər asanlaşdırılmalıdır. Dövlət bu gün yükü öz üzərinə götürüb və onun pozitiv nəticələrini görmürük. Məsələn, qardaş Türkiyədə bu texniki şərtlərin verilməsi və faizsiz kerditlərlə təmin olunması vətəndaşlara çox kömək oldu. İndi Antalya, Alanya, Qaziantep kimi bölgələrdə 5 milyona yaxın vətəndaş artıq özü elektrik enerjisi istehsalı ilə məşğuldur, öz təminatını həyata keçirir. Bu da kifayət qədər effektiv yoldur”.
Ekspertin fikrincə, Azərbaycanda da bunabənzər addımlara ehtiyac var:
“Yəni vətəndaşların öz fərdi ev təsərrüfatlarında günəş və külək enerjisindən istifadənin qaydaları asanlaşdırılmalıdır. Nəticə etibarilə Türkiyədə olduğu kimi dövlət tərəfindən faizsiz kreditlər verilə bilər. Vətəndaşlar ev təsərrüfatlarına ya külək generatorları, yaxud günəş enerjisi panelləri düzərək özləri üçün elktrik enerjisinin istehsalını həyata keçirə bilərlər.
Dövlət artıq qalan enerjini, yəni vətəndaşların işlətmədiyi enerjini vətəndaşlardan ala bilər. Bu bir çox ölkələrdə, Çili, Türkiyə və digər dövlətlərdə tətbiq olunan praktikadır. Bu da həmin sahənin inkişafı stimullaşdırır. Yəni vətəndaşda bir maraq yaranır ki, həm özünü elektrik enerjisi ilə təmin edir, istifadə ilə bağlı ödəniş etmir, faizsiz kredit götürür, çox ucuz olduğuna görə asanlıqla həmin krediti bağlayır və artıq qalan enerjini dövlətə satır ki, bu da əlavə gəlir əldə etməyə kömək edir. Belə daha müasir yanaşmalar ortaya qoyulmalıdır ki, Azərbaycanda bu sahənin inkişafında irəliləyiş olsun. İndi bu sahəni dövlət öz üzərinə götürüb, texniki şərtlər və fərdi qaydada bununla məşğul olmaq çətindir, nəticədə Azərbaycan öz potensialından istifadə edə bilmir”.
Ekspertin sözlərinə görə, dövlətin müvafiq qurumları anlamalıdır ki, dünya artıq başqadır:
“Əgər biz doğrudan da alternativ enerjiyə keçidi stimullaşdırmaq istəyiriksə, artıq büdcə və yaxud digər maraqlar ikinci plana keçməlidir. Onsuz da dövlətin inhisarçı, təchizatçı şirkətlər büdcəni doldurmur, əksinə büdcəyə yükdür. Onların əksəriyyətinin böyük miqdarda borcu da var. Çox zaman ili ziyanla başa vururlar. Yəni dövlətə heç bir xeyri yoxdur və dövlət büdcəsindən müxtəlif dotasiyalar almaqla məşğuldurlar”.