Qəzalı məktəblər niyə təmir edilmir? - Təhsil ekspertindən AÇIQLAMA
8-04-2022, 17:25

Bu yaxınlarda Naxçıvanda məktəbin uçması nəticəsində bir neçə nəfər həyatını itirdi. Həmçinin, Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.
Bəs görəsən, aidiyyəti qurumlar bu hadisələr olana qədər hara baxırdı? Niyə həmin məktəblər vaxtında təmir edilməyib? Teref.az-ın məlumatına görə, mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hər il dövlət büdcəsindən məktəblərin tikilməsi və təmiri üçün Təhsil Nazirliyinə vəsait ayrılır:
“Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə modul tipli məktəblərin tikintisinin şahidi oluruq. Lakin region məktəblərində vəziyyət çox pisdir. Bir çox orta ümumtəhsil müəssisələrinin təmirə ehtiyacı olduğu halda onlar təmir olunmur. Həmin məktəblərdə fövqəladə vəziyyətlərdə ciddi problemlər yaranır. Bəzi məktəblər hətta real uçmaq təhülkəsi ilə üz-üzədir. Lakin həmin məktəblərin təmirinə ayrılan pul, təəssüf ki, təyinatı üzrə istifadə olunmur. Təmir zamanı bir çox hallarda keyfiyyətsiz materiallardan istifadə olunur. Qalan pul isə kimlərsə tərəfindən mənimsənilir. Nəticədə Naxçıvanda, Cəlilabadda və digər regionlarda faciəli vəziyyətlərin şahidi oluruq”.
Ekspertin fikrincə, bu məsələdə ən böyük məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür:
“Nazirliyin tərkibində təmir-tikinti işinə baxan şöbə fəaliyyət göstərir. Həmin şöbə öz işinə daha məsuliyyətli yanaşmalıdır. Təmir bərpa işlərini aparan şirkət müvafiq olaraq tender üsulu ilə müəyyənləşir. Şirkətlərə təmir üçün ödəniş edilirsə, keyfiyyətli iş tələb olunmalıdır. Təəssüf ki, biz bu gün tamamilə fərqli mənzərənin şahidi oluruq. Bəzi qəzalı məktəblər isə, ümumiyyətlə, görməzdən gəlinir. Hazırda Azərbaycanda 4443 -ə yaxın orta ümumtəhsil müəssisəsi var ki, onların 500-dən çoxunun əsaslı təmirə ehtiyacı var. Bu, kifayət qədər ciddi rəqəmdir. Görülən işlər kifayət etmir. Respublikanın şimal və cənub bölgələrində elə məktəblər var ki, tam yararsız vəziyyətdədir. Güclü külək o məktəblərin damını uçurmağa kifayət edir. Təəssüf ki, bu gün nazirlik belə məsələləri həll etməkdənsə, lazımsız işlərlə məşğul olur. Yalnız hadisə baş verdikdən sonra məktəb təmir edilir. Faciə olmayana qədər heç kim o məktəblərlə maraqlanmır”.