QMİ Həcc ziyarəti ilə bağlı gecikmələrə aydınlıq gətirdi

16-04-2022, 08:29           
QMİ Həcc ziyarəti ilə bağlı gecikmələrə aydınlıq gətirdi
“Qardaş ölkə Türkiyəyə də dəvət məktubu hələ getməyib, Ramazan ayı bitən kimi... ”
Yeni növ koronavirus pandemiyasının aktiv fazası keçildikdən sonra Həcc ziyarəti prosesi də qaydasına düşməyə başlayır. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarətinə icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb.

Bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi nazirliyə istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının Həcc və Ümrə ayinlərini icra, Peyğəmbər məscidi və digər yerlər ziyarət edə bilməsi üçün Həccin davamlılığını təşviq etməkdə maraqlı olduğunu əks etdirir.

O da bildirilib ki, bu il krallıqda qəbul olunmuş vaksinlərlə tam peyvənd olunmuş yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcəklər. Onlardan krallıq ərazisinə girməzdən əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etmələri tələb olunacaq.

Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün icazə verilən illik say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.

Bəs görəsən, Azərbaycanda Həcc ziyarətinə hazırlıq nə yerdədir? Artıq əksər ölkələr qadağaları aradan qaldırıb. Səudiyyə Ərəbistanı isə 2 illik fasilədən sonra kvotanı bu il 1 milyon nəfərə çatdırıb. Azərbaycanın kvotası nə qədərdir? Hazırda nə qədər zəvvar müraciət edib? Qiymətlər 1 nəfər üçün necədir?

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri “Yeni Müsavat”a bunları dedi: “Builki Həcc ziyarəti ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanından Azərbaycana rəsmi məktub daxil olmayıb. Rəsmi məktub olmadığı üçün Azərbaycandan Həcc ziyarətinin olub-olmayacağı ilə bağlı fikir bildirmək çətindir. Sizin verdiyiniz bütün sualların cavabı da rəsmi məktubdan sonra bilinəcək. Ondan sonra ictimaiyyətə məlumat veriləcək və Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanılacaq. Bir-iki həftəyə cavab olacaq. Həcc və Ümrə Nazirliyinin yaydığı məlumata görə, 1 milyon kvota ayrılıb. Şərtlər aydınlaşdırılıb, elan edilib. Azərbaycana məktub gələndən sonra bizim nümayəndə dəvət olunacaq, bundan sonra ikinci tərəflə görüşür, müqavilələrə imza atılır, şərtlər müəyyənləşdirilir, kvota müəyyən olunur. Ölkəyə gedib-gələndən sonra qiymətlər müəyyən edilir. Ondan sonra Həcc ziyarətinin başlanması elan edilir. Odur ki, bu prosedurların heç biri hazırda yoxdur”.

QMİ nümayəndəsi, “İddia olunur ki, ölkəmizə Həclə bağlı qadağalar qoyulub, bu doğrudurmu” sualına belə cavab verdi: “Qətiyyən. Səudiyyə Krallığı ilə Azərbaycan Respublikası arasında çox yüksək əlaqələr mövcuddur. İstər siyasi, istər dini cəhətdən çox yüksək əlaqələr var. Bu yaxınlarda da Səudiyyə Ərəbistanından böyük nümayəndə heyəti bura gəlmişdi. Alternativ enerji mənbələrinə aid müəyyən görüşlər keçiriblər. Əksinə, əlaqələr çox yüksək inkişaf edir. Sadəcə Səudiyyə Ərəbistanı Krallığı pandemiyaya görə tərəddüd edirdi. Hər kəs bilir ki, pandemiya heç bizdə də bitməyib. Son zamanlarda yoluxmalar azalıb. Müəyyən qadağalar ləğv olunub. PCR testinin tələbi də iki-üç gün bundan qabaq Azərbaycanda ləğv olunub. Odur ki, pandemiyanın bitməsi ərəfəsində Səudiyyə Ərəbistanı Krallığının rəsmi qurumları da tərəddüd edirdilər. Yalnız keçən həftə məlumat yayıldı ki, 1 milyon kvota ayrılacaq. Bir neçə həftə əvvəl qeyri rəsmi 350 min kvotanın ayrılacağını demişdilər. Qardaş Türkiyəyə də dəvət məktubu hələ getməyib. Ərəb ölkələrində Ramazan ayında bir qədər işlər zəif gedir. Ehtimal ki, Ramazan ayının bitməsini gözləyirlər. Bitən kimi yenilik olacaq, biz bunu gözləyirik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.