Təhsil Nazirliyinə imtahan təzyiqi? - “DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır”

18-04-2022, 19:54           
 Təhsil Nazirliyinə imtahan təzyiqi? -
Bu il buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib.

Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası nəticə göstərib. Şagirdlərin bu cür aşağı nəticə qazanması narahatedici məqamdır. Çünki göstərilən rəqəm demək olar ki, hər il daha pisə doğru gedir. Bu da öz növbəsində təhsilimizin səviyyəsi barədə düşündürür. DİA.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya danışan təhsil ekspert Elşən Qafarov bu nəticəsizliyin səbəblərini Dövlət İmtahan Mərkəzində gördüyünü bildirib:

“Ümumi göstərici buraxılış imtahanlarında iştirak edən məzunların təqribən ¼-i qədərdir. Bu kifayət qədər ciddi rəqəmdir. Amma bütün bunların içində biz yenə nəticəni müzakirə edəcəyik.

Buraxılış imtahanları təhsil proqramlarının yerinə yetirilməsinə və təhsil səviyyəsinə görə keçirilməlidir. Əvvəla buraxılış imtahanlarının tədris ilinin bitməsinə 10 həftə qalmış keçirilməsi qəbuledilən deyil. Buraxılış imtahanları konkret olaraq, şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə uyğun olaraq müəyyən edilməlidir. Bu gün Dövlət İmtahan Mərkəzi şagirdlərin bilik və bacarığına uyğun suallar salmırsa, bu o demək deyil ki, açıqlanan rəqəmlərin üzərindən hər hansısa nəticə çıxartmalıyıq. İstənilən halda DİM istədiyi vaxt sualları çətinləşdirir, istədiyi ildə asanlaşdırır. Bununla da Təhsil Nazirliyinə təzyiqləri göstərmiş olur.

Şagirdlərin indikindən 10 dəfə artıq bilik və bacarıqları olsa da, daha çətin suallar yaradacaqlar. Mən demirəm, təhsilin səviyyəsi yaxşıdır, ya da şagirdlərin bilik səviyyəsi yaxşıdır. Amma ən azından bugünkü nəticədən daha yaxşı olması üçün DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır”.

Onun sözlərinə görə, bu səlahiyyətin verilməsi üçün yeni bir mərkəz yaradılmalıdır:

“Test hazırlamaqla bağlı testologiya mərkəzi yaradılmalıdır. DİM imtahanı keçirən texniki, sualları müəyyən edə qurum olmamalıdır. Testologiya mərkəzi sınaqların, aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq, suallar müəyyən etməlidir. Belə olan halda şagirdlərin səviyyəsinə uyğun suallar salınacaq. Bununla da problem həll olunacaq”.

O qeyd edib ki, DİM əslində Təhsil Nazirliyinə qarşı oyun oynayır:

“Hazırkı vəziyyət bir oyundur. Elan olunmuş nəticələrdən də görünür ki, DİM istədiyini edir, əldə etmək istədiyi nəticə də ortadadır. Bu nəticə faciəvi rəqəmdir. Amma bu bir oyunun parçasıdır. DİM-in bu il üçün nəzərdə tutduğu oyunu da baş tutdu. Bununla Təhsil Nazirliyinə təzyiqlər edilir. Bu biznesdir və milyonlarla ölçülür.

DİM ümumtəhsil məktəblərinə cəmiyyətdə etimadsızlıq yaradır. Uşaqda da, valideyində də belə fikir yaranır ki, ümumtəhsil məktəblərində heç nə öyrədilmir, heç bir bilik verilmir. Bəs bilik harada verilə bilər? DİM-in vəsaitlərində, kurslarda. O kurslardan biri də Dövlət İmtahan Mərkəzinindir. Nəticə etibarilə məqsdə odur ki, şagird imtahana hazırlaşmaq üçün DİM-in vəsaitlərini almalı, sınaqlarında iştirak etməlidir ki, sualların çətinlik dərəcəsini bilsin. Bu da böyük gəlir mənbələridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.