Yeni dəmiryolu açılır: Çin-Azərbaycan-Almaniyaya! – “Azərbaycan nəqliyyat paytaxtı kimi...”

20-04-2022, 19:57           
Yeni dəmiryolu açılır: Çin-Azərbaycan-Almaniyaya! –
Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrut açır. “Sherg.az” xəbər verir ki, Sian Gömrük İdarəsinin rəsmi saytındakı açıqlamaya görə, bu marşrut həmçinin qarışıq dəmiryolu və dəniz nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər dənizlərindən keçəcək. Sənəddə qeyd olunan məlumata əsasən, 316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola düşüb.

Bildirilir ki, qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək ümumilikdə 11,3 min km məsafə qət edəcək və nəticədə Manhaym şəhərinə çatacaq. Yeni marşrutun əvvəllər Çin-Avropa istiqaməti üzrə az sayda qatarın keçdiyi ölkələri və regionları əhatə edəcəyi və həm Çin, həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacağı bildirilir.

Qeyd edək ki, yüklər Xəzər və Qara dənizi vasitəsi ilə Almaniyaya çatdırılacaq. Çinin bu layihəsi Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu dəhliz üzərindən yükdaşımaların artmasının ölkəmizin iqtisadiyyatının inkişafına, onun dünya ticarət sistemi ilə bağlı inteqrasiyasına daha da müsvət təsir göstərəcək. Sözsüz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolunun bu nəqliyyat layihəsinin reallaşdırılmasında böyük töhfə verib.


Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov izah edib ki, Azərbaycan son illər ərzində nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb:

“Məqsəd ölkəmizi Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizinə çevirmək idi. Artıq bu da, gerçəkləşib. Bunu qarşılıqlı iqtisadi və ticarət əlaqələrini özündə ehtiva edən ölkələr də qəbul edir. Dövlətimiz regionda analoqu olmayan logistika mərkəzidir. Hələ Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Finlandiyadan Hindistana yük ötürüldü. Məhz bizim ərazimizdən keçdi.

İqtisadçı bölgədəki proseslərə toxunub:

“Region ətrafında müharibə və digər hadisələr baş verib. Bunlar yük dövriyyəsinin istənilən halda həyata keçirilməsinə hələ ki, tam şərait yaratmır. Bununla belə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər ölkəmizi nəqliyyat paytaxtı kimi mövqeyinin daha da möhkəmlənməsi üçün şans yaradıb. İran tərəfi ilə razılaşma əldə edildi. Zəngəzur dəhlizi yükdaşımalarının daha da optimal və ucuz həyata keçirilməsinə əlavə zəmin əmələ gətirəcək ”.

P.Heydərov Azərbaycanın bütün proseslərdən əldə edəcəyi nailiyyətləri sadalayıb:

"Tranzit əlaqələrindən müvafiq gəlir əldə edəcəyik. Yükdaşımalarla valyuta gəlirlərimiz formalaşıb. Nəqliyyatla bağlı atılan addımlar maksimal şəkildə səmərəsini verdikcə bunlar daha da artacaq. Eyni zamanda qeyri-neft sektorumuzun inkişafı üçün zəmin yaradacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.