Tikinti materiallarının qiymətinin sabitləşməsi aldadıcıdır - Diqqət!

21-04-2022, 18:23           
Tikinti materiallarının qiymətinin sabitləşməsi aldadıcıdır - Diqqət!
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı tikinti materialları bazarında qiymətlərin sabitləşdiyini bildirib. O qeyd edib ki, tikinti materialları bazarında Ukrayna-Rusiya arasında yaşanan müharibəyə görə, qiymət artımları baş verib: "Müharibə ölkəmizdə tikinti materialları bazarındakı qiymətlərə də təsir edib. Ölkəmizə tikinti materialları əsasən, Kiyev və Kremldən idxal olunur. Savaşa görə, materialların göndərilməsində məhdudiyyətlər yarandığından qiymətlər sürətlə bahalaşıb. 10 apreldən tikinti bazarlarında qiymətlərin stabilləşməsi müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma olmasa da, qiymətlər dəyişməz qalıb. Qiymətlərin stabilləşməsinin əsas səbəbi tələbin qismən aşağı düşməsi ilə bağlıdır. Ayın axırına doğru qiymətlərin dəyişib-dəyişməyəcəyi proseslərdən asılı olacaq". Teref.az xəbər verir ki, iqtisadçı Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, qiymətin düşməyi aldadıcıdır:

"Bəli, alıcılıq qabiliyyəti aşağı düşdüyündən qiymət enə bilər. Amma məsələ ondadır ki, müharibə bitməyib. Ukraynaya çoxlu vaqonlar gedir. Yanacaq, ağır texnika daşınır. Bu isə vaqon tələbatını savaş zamanı artırır. Nəticədə ölkəyə gətirilən, avtomobildən daha ucuz və təhlükəsiz hesab olunan qatarların sayı azalır. Daxildə taxtaya ehtiyac olduğuna görə satıcılar daha çox qazanmaq üçün qiymətləri artırırlar. Bundan əlavə, Rusiya da taxtanın qiymətini qaldırmağa səy göstərir. Çünki savaş çoxlu vəsait tələb edir və tikinti materialının hasili üçün əmək sərf olunur. Ölkədə qiymət artımı baş verdiyindən işçinin də əmək haqqı yüksəlir. Əgər daxildən tikinti materialları digər ölkələrə çox gedirdirsə, indi sanksiyalara məruz qalmış Rusiyadan taxtanı az alırlar. Hətta bəzi ölkələr alışdan imtina edir. Nəticədə bu işlə məşğul olanların sayı Rusiyada azalır. Taxta və bəzi mallar az istehsal olunur. Eyni zamanda nəqliyyat xərcləri də yüksəlir. Amma indi Rusiya ilə İran arasında razılaşmaya görə taxta Azərbaycandan rəsmi Tehrana daşınacaq. Burada Rusiyanın nəqliyyat xərci azalacaq. Çünki bir qatar iki ölkəni taxta ilə təmin edəcək. Lakin Hindistan Azərbaycana tikinti materiallarını ondan almağı təklif edib. Ölkəmiz üçün alternativ imkanlar var. Sadəcə, Hindistan uzaq olduğu üçün nəqliyyat xərci yüksək olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.