Keçini də qoyunun “gözünə qatan” Azərbaycan statistikası - BU NƏDİ BELƏ?

26-04-2022, 16:14           
Keçini də qoyunun “gözünə qatan” Azərbaycan statistikası - BU NƏDİ BELƏ?
Azərbaycanın bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi məlum olub.

Bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (138%), pomidor (131%), meyvə və giləmeyvə (116,3%), nar (112%) üzrə olub. Ən aşağı göstərici isə buğda (57%) və paxlalı bitkilər (60,3%) üzrə qeydə alınıb. Heyvandarlıq məhsulları üzrə ən yüksək göstərici yumurta (100%), qoyun və keçi əti məhsulları (97,3%), ən aşağı göstərici isə donuz əti və ət məhsullarındadır (4,7%). Əsas növ ərzaq məhsulları üzrə təminetmə səviyyəsi ən yüksək meyvə və tərəvəz şirələri (1303,5%), duz (111,3%), marqarin(98%), mineral və qazlı sular (95,9%), unda (95,4%) qeydə alınıb. Bu məhsullar üzrə ən az təminetmə səviyyəsi yarmalar (34,4%) və təmizlənmiş düyü (14,2%) ilə bağlıdır. Qeyd edilən rəqəmlərə baxdıqda Azərbaycanın bir çox məhsullarla özünü tam təmin etdiyi görünür. Maraq doğuran isə odur ki, özünütəminetmə faizi 100 faizdən artıq göstərilən məhsullarla bağlı bazarda kifayər qədər idxal məhsullarına da rast gəlinir.

Əgər yerli istehsal kifayət qədərdirsə niyə bu gün daxili bazarda həmin məhsulların qiyməti gündən-günə bahalaşır?

İdxal qiymətlərinin bahalığını dünya bazar qiymətləri ilə əlaqələndiririksə, yerli istehsalın ondan baha qiymətə olması da təəccüb doğurur. Məsələn, meyvə və giləmeyvə ilə 116 faiz özümüzü təmin ediriksə, bu gün bazarda çiyələyin qiyməti 5 manatdır ki, onun heç də ucuz olduğunu demək olmaz. Yaxud qoz-fındıqla özünü 138 faiz təmin edirsə, bu gün qoz ləpəsinin 18 manata olması da maraq doğurur. Bu gün bahalığın qarşısının alınması üçün yeganə yolu kimi yerli istehsalın qarşısının alınması göstərilirsə, bəs 100 faiz özünütəminetmə məhsulları niyə bahadır, biz özümüzü, yoxsa rəqəmlər bizi aldadır? Teref-in məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, əslində, bu rəqəmlər manipulyasiyadır, yəni ictimai rəyi çaşdırmaq üçün təşkil edilib:

“Ancaq bununla ictimai rəyi çaşdırmaq da mümkün deyil. Bu statistik rəqəmlə isə onlar ictimai rəyi yayındırmaq istəyirlər ki, guya Azərbaycan bir çox ərzaq məhsulları üzrə özünü təmin edir, hətta ixrac da edirik. Həmin rəqəmlərin iqtisadi əsası yoxdur. Sadəcə olaraq, müəyyən tendensiyalara əsaslanır. Məsələn, Azərbaycan pomidor ixrac edir və ona görə də 131 faiz yazırlar ki, guya biz artıq olanı da ixrac edirik. Qoz-fındıqla bağlı bəlkə də tələbatı ödəyirik, ancaq onun hamısı daxildə bazara çıxarılmır. Bu rəqəmlər reallığı əks etdirmir. Ət məhsulları ilə bağlı yerli istehsal tələbatın yalnız 40-45 faizini ödəyir. Digər hissə xaricdən gəlir. Qoz-fındığı az miqdarda idxal edirik və həyati tələbat malları deyil.

Elə ailə var ki, ümumiyyətlə, ilboyu qoz-fındıq almır. Onun üçün vacib deyil və qoz-fındıq almadan da yaşaya bilir. Ona görə də bununla bağlı hökumət istədiyi rəqəmi elan edə bilər. Ancaq ətin özünütəminetmə səviyyətinin 97 faiz olması ağ yalandır. Hələ keçini də qoyunun “gözünə” qatıblar. Guya keçiləri də, qoyunları da sayıblar. Hökumət manipulyasiya rəqəmləri elan etməkdənsə, əməli addımlar atmalıdır. Ölkədə heyvandarlıq və digər tələbat olan kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmalıdır, dəstək verməlidir.

Fermerlərə həm maddi, həm də intellektual dəstək verməlidir ki, ölkədə məhsuldarlıq yüksəlsin, intensiv yolla maddi nemətlər bolluğu yaradılsın. Azərbaycan statistikası elə imic yaradıb ki, o nə istəsə elan edə bilər. Məsələn, sabah elan edə bilər ki, ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına 200 faiz yerinə yetiririk. Artıq Azərbaycan statistikası tam olaraq siyasiləşib.Yəni siyasi təbliğatın qurbanına çevrilib. Ona görə də bu cür anormal rəqəmlər elan edirlər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin oluna bilər ki, əksər məhsullar üzrə yerli tələbatın yarısını ödəyə bilmir:

“Ərzaq təminatı dedikdə bəzən elə başa düşürlər ki, hansısa anbarlar var, ərzaqları həmin anbarlar yığıb saxlayırlar və bununla da təhlükəsizliyi təmin edilir. Xeyr, bu belə deyil. İstehsal nə qədərdirsə, təhlükəsizliyimiz də o qədərdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli tələbatın yarısını ödəyir. Ona görə də bizim ərzaq təhlükəsizliyimiz 50 faiz təşkil edir, yarısı isə xaricdən asılıdır. Xaricdən olsa, gətirəcəyik, olmasa qıtlıq, bahalıq olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.