Marketlərdə "toyuq yoxlaması" - Hər şey bahalaşmaya hesablanıb?
27-04-2022, 18:34

Marketlərdə "toyuq yoxlaması"
“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.
Məktubda Dövlət Xidmətindən bir sıra problemlərin aradan qaldırılmasında yardımçı olması xahiş edilib. Burada göstərilir ki, marketlər pərakəndə ticarətdə üstün mövqelərindən istifadə edib istehsalçılarla qeyri-bərabər, onların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar.
Qeyd edək ki, son günlər ölkədə quş əti satışında bir sıra problemlər, o cümlədən qiymətinin artması ilə bağlı məsələlər müzakirələrə səbəb olur. Hazırda bazarda kifayət qədər həm yerli, həm də xaricdən idxal edilən quş əti var. Hətta bu gün bir sıra minimarketlərdə quş ətinin soyuducuda saxlanılmayan, plastik torbalarda toplanmış ayrı-ayrı hissələrinə rast gəlinir ki, həmin hissələrin bəzi sexlərdə digər məhsulların istehsalında istifadə edilməsi ilə bağlı fikirlər səslənir.
Ümumiyyətlə, "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin problemlərlə bağlı müvafiq dövlət qurumuna ünvanladığı müraciətə cavab verilibmi və bu istiqamətdə yoxlamalara başlanılıbmı? Bundan başqa həmin müraciətin “quş ətinin qiymətini artırmaq üçün bir vasitə” olması fikri nə dərəcədə doğrudur? Dia.az-ın məlumatına görə, "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Cebhe.info-ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdiklərini və adekvat cavab verildiyini bildirdi:
“Hazırda şəbəkə marketlərdə yoxlamalar başlayıb. Onların yaratdığı problemlər araşdırılır. Yəqin ki, bununla bağlı yaxın vaxtlarda mətbuata məlumat verəcəklər. Əsas məqsəd burada toyuq ətinin qiymətinin qalxmaması, keyfiyyətli ət istehsalıdır. Burada qiymətlərin qalxmasının əsas səbəblərindən biri də şəbəkə marketlərin toyuq əti istehsalçılarından haqsız faizlər istəməsi, pullarının gecikdirilməsi, zamanında verilməməsi və qaytarılan toyuqların faiz dərəcəsinin yuxarı qalxması ilə bağlı idi. “Bravo” supermarketlər şəbəkəsi istisna olmaqla, yəni burada texniki problem yoxdur, pulu zamanında ödəyirlər. Ancaq digər marektlərin hamısında bu problemi yaşayırırq. Yəni şikayətimiz rəqabət mühitinin qeyri-şəffaf olması ilə bağlıdır”.
Birliyin sədrinin sözlərinə görə, qiymətin qalxması o zaman baş verər ki, yemin qiyməti qalxsın:
“Doğrudur, yemin qiyməti qalxıb. Ona adekvat olaraq az bir faizdə də toyuq ətinin qiyməti qalxa bilər. Ancaq şəbəkə marketləri normal şərait quraraq satışlarını təşkil edə bilsələr, toyuqların qiymətinin qalxmasına heç bir əsas yoxdur”.
Müsahibimiz onu da vurğuladı ki, bu gün həm “Bazarstore”, həm "8-ci km" bazarında, həm də Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) xarici ölkələrdən gələn və qida üçün yararsız olan toyuqlar satılır:
“Əsasən də bunlar Belarusdan gəlir. “Bazarstore”da kənd toyuğu adı altında satışa çıxarılır. Həmin paketin arxasına baxan zaman istehlakçı görəcək ki, Belarusda istehsal olunub. Bunlar 800 qramlıq toyuqlardır və həmin toyuqlar xəstə olduğu halda kəsilə bilər. Buradan aydın olur ki, toyuqlar xəstəlik keçirib və onları kəsəndən sonra ucuz qiymətə Afrika kimi ölkələrə göndərirlər. Təəssüf ki, bizim işbazlar da onu Bakıya gətirirlər. Biz bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişik. AQTA reaksiya verib və ciddi yoxlamalara başlanılıb”.
Kiçik marketlərdə toyuq hissələrinin antisanitar vəziyyətdə saxlanmasına gəldikdə, Birliyin sədri qeyd etdi ki, bu işə AQTA nəzarət edir və bu vacibdir:
“Ümumiyyətlə, “OBA”, “Araz”, “AL” və digər supermarketlərdə soyuducuların texniki problemlərinə hər hansı bir dövlət orqanı tərəfindən ciddi fikir verilməlidir. Yəni tələb olunan dərəcədə soyducu sistem qurulmalıdır. O qurulmayanda qida yararsız olur və onların günahı ucbatından olsa belə, quş əti istehsalçılarının üzərinə atırlar, geri qaytarırlar.
Hətta tanınmış marketlərdən biri işığın keçməsi ilə bağlı böyük bir həcmdə toyuq və digər məhsullar xarab olmuşdu və problemi istehsalçının üzərinə atdı. Həmin faizi istehsalçıdan “çıxdılar” və bu da qeyri-etik davranışdır”.