"Niyə valideyn məktəbə həm fond, süpürgə, həm də ianə pulu verməlidir?" - HƏQİQƏTƏN DƏ...
6-05-2022, 15:55

Xəbər verdiyimiz kimi, bü günlərdə təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən məktəblərdə könüllü ianə modelinin tətbiq olunacağını bildirib. Nazirin sözlərinə görə, modelin ilk olaraq pilot şəkildə tətbiqi planlaşdırılır. Teref.az-ın məlumatına görə, mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu gün hər bir valideyn üçün orta ümümtəhsil müəssisələri yalnız attestat vermək funksiyası daşıyır.
Valideynlər üçün məktəb şagirdə bilik, savad, təhsil verən yox, yalnız attestat verən müəssisədir. Təhsil müəssisələrində təhsilin səviyyəsi çox aşağıdır, şagirdlərə lazımi səviyyədə təhsil verilmir. Şagirdlər lazımi bilik əldə etmək, imtahanlarda yüksək nəticə göstərmək üçün hazırlıq kursları, repetitorlara üz tuturlar:
“Bu gün ölkənin orta ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti çox aşağıdır. Hazırki vəziyyətdə isə orta məktəblərdə təhsilin keyfiyyətini qaldırmaq mümkün deyil. Orta məktəblərdə təhsilin keyfiyyətini tənzimləmək yalnız o zaman mümkün olar ki, qanunu, şəffaf formada məktəblərə direktorlar təyin olunsun. Direktor seçimi zamanı dostluq, tanışlıq, qohumluq faktorlarına üstünlük verilməsin. Məktəblərdə təcrübəli pedaqoji heyət formalaşdırılsın, təhsilə savadlı, peşəkar, güclü müəllimlər cəlb edilsin. Hazırki vəziyyətdə bu mümkünsüz görünür. Bu səbəbdən də şagirdlərə savad, bilik yox, yalnız attestat vermək funksiyasını yerinə yetirən məktəblərə valideynlərin könüllü ianə etməsi real görünmür”.
Elçin Əfəndinin sözlərinə görə, bu məsələdə valideynlər haqsız da sayılmırlar: “Valideyn övladının bilik əldə etməsi, buraxılış və qəbul intahanlarında nəticə göstərməsi üçün repetitora, hazırlıq kursuna pul ödəsin, yoxsa attestat verməkdən savayı heç bir funksiya yerinə yetirməyən məktəbə ianə etsin”.
Ekspert qeyd edib ki, bu gün məktəblərdə fond pulu, süpürgə pulu adı altında valideynlərdən müəyyən məbləğlər yığılır: “Əgər məktəblərdə könüllü ianə modelinin tətbiqindən sonra da əlavə olaraq fond, süpürgə pulu yığılacaqsa, bu, valideynlərdə daha çox narazılıq yaradacaq. Valideyn niyə məktəbə həm fond, süpürgə həm də ianə pulu verməlidir axı. Əgər belə olarsa onda məktəblərdə könüllü ianə modelinin tətbiq kiminsə maliyyə imkanlarını yaxşılaşdırmaq funksiyasını yerinə yetirəcək”.