Az qalırlar ki, ona “Mübarizi niyə döymədin?” səpkisində sual ünvanlayalar.

9-05-2022, 10:54           
Az qalırlar ki, ona  “Mübarizi niyə döymədin?” səpkisində sual ünvanlayalar.
Bir neçə gün əvvəl biz jurnalistləri özünüsenzuraya məcbur edən bəzi səbəblər barədə geniş məqalə yazmışdım. Həmin yazıda toxunduğum məqamların dostumuz Əvəz Zeynallının Mübariz Mənsimovdan götürdüyü müsahibədə bir daha öz təsdiqini tapdığının şahidi oldum.
Söhbət son zamanlar jurnalistin hansısa mövqeyinə, yazdığı məqaləyə, hazırladığı müsahibəyə görə ona qarşı yönələn sosial şəbəkə terrorundan , linc etmə kampaniyasından gedir. Hazırda Əvəz Zeynallı belə halla üzləşib.
Adam öz peşə fəaliyyətini yerinə yetirib, gündəmi silkələyən müsahibəni cəmiyyətin ixtiyarına buraxıb. Həmin müsahibədə Mənsimovun səsləndirdiyi fikirlərlə mənim də ciddi etirazlarım olub və bunu yazmışam. Bunu istənilən adam edə bilər.
Ancaq biz görürük ki, hazırda Mənsimovdan çox Əvəz Zeynallının üstünə gedilir. Az qalırlar ki, ona “Mübarizi niyə döymədin?” səpkisində sual ünvanlayalar.
Yadınızda saxlayın, Əvəz Zeynallı Mübariz Mənsimovla debat formatında qarşılaşmayıb, nə də ki, onunla boks rinqində döyüşmürdü. Onun jurnalist kimi bu məsələdə cəmiyyət qarşısında bir öhdəliyi ola bilər. Yaxşı və maraqlı müsahibə hazırlamaq. Bunu da bacarıb, gerisi təfərrüatdır…
Əvəz Zeynallının yerinə hansısa bir gənc və ya təcrübəsi az olan jurnalist belə halla üzləşsəydi, sizi inandırıram ki, bir daha müsahibə hazırlamazdı. Çünki özü ilə yanaşı, onun ailəsini hədəfə alan yaramazlar da az deyil.
Gəlin, cəmiyyət olaraq jurnalisti nədənsə çəkindirməyə deyil, onu daha yaxşı işləməyə vadar edən stumullaşdırıcı mövqeyimizi artıraq.
Təəssüf ki, bizim cəmiyyət jurnalisti qladiator kimi görmək istəyir. Bunların təsəvvüründə jurnalist yalnız yazmaqla kifayətlənməməlidir, gərək döyüşsün, onun başını patladsınlar, həbslərə düşsün ki, bəzilərinin ürəyindən tikan çıxsın!
Məhəmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.