ADI ƏSGƏRLİKDƏ, ÖZÜ "AVTOŞLUQ"DA... - Atası vəzifəli şəxs imiş + VİDEO (Yenilənib)

25-05-2022, 00:05           
ADI ƏSGƏRLİKDƏ, ÖZÜ "AVTOŞLUQ"DA... -
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.

Avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.

Məlumata görə, Ə.Məlikovun adı əsgərlikdə getsə də özü Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşırmış.

Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.



Xatırladaq ki, DYP-nin yaydığı məlumatda qeyd olunur ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.

Müdafiə Nazirliyi avtoxuliqanlıq hərəkətləri edən əsgərlə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, "N" nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

"Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycanın qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".

Qeyd edək ki, Ə.Məlikov törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.