İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavab verdi - MÖVQE
2-06-2022, 18:24

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
Hörmətli KİV nümayəndələri,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 31 may 2022-ci il tarixlərində internet səhifənizdə yerləşdirilmiş “İcbari Tibbi Sığorta xəstələrin seçim hüququnu nəyə görə pozur? – Yeni ALVER MEXANİZMİ" başlıqlı məqalə ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırır.
Məqalədə icbari tibbi sığorta çərçivəsində vətəndaşların TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi xidmətdən yararlanması barədə məlumata aydınlıq gətirmək istərdik.
Məlumat üçün bildirək ki, sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Belə ki, ötən ilin dekabr ayından etibarən “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasında edilmiş dəyişikliklərə əsasən sığortaolunanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası və s. tibb müəssisələri aiddir.
Beləliklə sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə bilirlər. Vətəndaşa tələb olunan tibbi xidmət Xidmətlər Zərfinə daxildirsə şəxsin tibbi xidmətdən icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq yararlanması təmin edilir.
Diqqətə çatdırırıq k, Agentliyin rəsmi internet səhifəsinə (https://its.gov.az/) daxil olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə daha ətraflı tanış olmaq mümkündür. Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi vasitəsilə tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq mümkündür.
Məlumat üçün bildirək ki, poliklinika, Ailə Sağlamlıq Mərkəzləri, kənd/qəsəbə məntəqələrində göstərilən tibbi xidmətlərdən istifadə etmək üçün qeydiyyatda olduğu ərazi üzrə müraciət edilməlidir.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri ilə linkə keçid edərək tanış ola bilərsiniz: (https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf)
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda o, Agentliyin müqavilə bağladığı 57 özəl tibb müəssisəsindən istənilən birinə (https://its.gov.az/uploads/law/118/829126.pdf) yönləndirilir. Özəl tibb müəssisəsi tərəfindən həm ambulator, həm stasionar şəraitdə tibbi xidmət icbari tibbi sığortanın vəsaiti hesabına yalnız müalicə həkimi tərəfindən verilmiş göndəriş əsasında göstərilir. Qeyd edək ki, göndəriş zamanı vətəndaş Agentliyin müqavilə bağladığı istənilən tibb müəssisəsini və ixtisas həkimini seçməkdə sərbəstdir.
Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Qeyd edək ki bu qayda “Tibbi sığorta haqqında” Qanuna əsasən hazırlanıb və sığortaolunanlara Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin göstərilməsi məqsədilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə, o cümlədən özəl tibb müəssisələrinə ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir.
Vətəndaşlar icbari tibbi sığortanın tətbiqi ilə bağlı ətraflı və etibarlı məlumatı, həmçinin yenilikləri Agentliyin rəsmi internet səhifəsindən (https://its.gov.az/) və sosial şəbəkələrdəki səhifələrindən əldə edə bilərlər.