Abşeronun icra başçısı 4 aydır ki, fəhlələrin əmək haqlarını vermir…- İDDİA
4-06-2022, 16:54

Adətən yüksək vəzifəyə təyin olunan və ya seçilən şəxslərin vəzifə başında yüz günü tamam olmayana kimi fəaliyyətinə qiymət verməyə tələsmirlər. Söz yox, bu, o demək deyildir ki, onlar həmin müddət ərzində gördükləri işə, verdikləri qərarlara görə tabe olduqları yuxarı təşkilat və rəhbər vəzifəlilər qarşısında məsuliyyət daşımırlar və ya ilk yüz gün ikinci yüz gündən daha önəmlidir. Xeyr, sadəcə belə bir stereotip formalaşıb və ilk yüz gün vəzifəli şəxsin performansının ictimai dəyərləndirilməsi üçün simvolik əhəmiyyət kəsb edir. Müşahidə olunub ki, öz işində şəffaflıq prinsipinə riayət edən şəxslər ilk yüz günün də cəmiyyət önündə hesabatla çıxış edir, kütləvi informasiya vasitələrinə müsahibələr verir və həmin intervülər “Filankəsin 100 günü” sərlövhəsi altında dərc olunur.
Abdin Fərzəliyev may ayına təsadüf edən 100 gününün tamamında belə bir hesabat verməkdən yayındı. Hətta İcra Hakimiyyətinin saytında Abşeron RİH-nin 2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirəsi barədə də məlumat yoxdur. Yəni, heç belə bir müşavirənin də keçirilmədiyini demək olar.
Hərçənd, Abdin Fərzəliyevin ilk növbədə, tez-tələsik gördüyü işlər də az deyil. Bu sırada ən əsası öz qohumlarını, yaxın adamlarını Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil – Kommunal Təsərrüfatı Müəssisəsi mənzil-kommunal istismar sahələrinə yerləşdirməsidir. Qəribədir ki, A.Fərzəliyev MKTB-nin direktoru vəzifəsinə özünün təyin etdiyi Malik adlı şəxsə tapşırıq verərək Müəssisənin strukturlarındakı mövcud işçilərin əksəriyyətinin əmək müqaviləsinə xitam verdirib. 4 aydır ki, onları işlədib nə maaşlarını verir, nə də müqavilələrini təzələyir. İşçilər gileylənirlər ki, insafən İradə Gülməmmədovanın başçılığı dövründə sadə zəhmət adamlarına qarşı belə haqsızlıq edilməyib, istismarçı münasibət sərgilənməyib. Bildirilir ki, Malik bəy vəzifəyə təyin olunandan sonra özü ilə bir gözəlçə gətirib və az qala qərarları da onun əvəzinə həmin katibə verir.
Və əlbəttə ki, Abşeron rayonunun ərazi baxımından paytaxtın Nərimanov rayonundan böyük olduğunu yada salmamaq olmaz. A.Fərzəliyev iş başına keçən kimi rayuonda artıq kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin də qanunsuz olaraq fərdi yaşayış evi və obyektaltı istifadə üçün satılmasına start verilib.
RealMedia.az