Maaş və pensiya artımı təxirə düşür? - AÇIQLAMA

5-08-2022, 18:23           
Maaş və pensiya artımı təxirə düşür? - AÇIQLAMA
Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara öz dəstəyini ifadə edib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur. “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının sentyabrın 5-də keçirilməsi razılaşdırılıb. Qeyd edək ki, neft qiymətləri bahalaşsa da, ölkədə sosial paketlər təqdim edilməyib və əməkhaqqı, pensiyalar, müavinətlərlə bağlı dəyişiklik olmayıb.

OPEC-in hazırkı qərarı gəlirlərə necə təsir edəcək? Dövlətin gəlirləri azalarsa, bu, gözlənilən maaş və pensya artımına, digər sosial layihələrə hansı təsiri göstərəcək? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”ə bildirib ki, OPEC əslində ötən gün ciddi bir qərar qəbul etməyib və hətta proqnozlaşdırılanın altında bazarda mövcud konyuktura uyğun olmayan mərhələli, 100 min barel artırmaqla bağlı qərar qəbul edib:

“Bu qiymətlərə çox da təsir göstərməyəcək. Qiymətlər təbii ki, optimallaşa bilər. Müəyyən mənada korrektələr gedir və neftin qiymətində kiçik də olsa, ucuzlaşmalar baş verir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan üçün neftin optimal qiyməti 60-70 dollardır. Ölkədə neftin bahalaşmasından yalnız bir neçə sektor yararlana bilir. Burada hökumət, ARDNŞ, ABƏŞ-i götürə bilərik. Onun çox cüzi təsirləri əhaliyə gəlib çatır. Ancaq neftin bahalaşmasından bütün əhali itirən tərəfdir. Çünki neft məhsulları istehsal olunan bütün mal və xidmətlərin maya dəyərində əks olunur. Bu isə bahalı mal və xidmətlər deməkdir. Həmin mal və xidmətlərlə bərabər bahalı idxal deməkdir. Yəni Azərbaycan inflyasiyanı daha sürətli şəkildə idxal etməyə başlayır və belə olduğu təqdirdə, milyonlarla vətəndaş bundan itirir. Azərbaycan üçün arzu olunan ssenari neftin optimal qiymətləridir. Bu gün inflyasiya təzyiqləri istiqamətində ən ciddi faktorlardan biri də bahalı neftdir. Biz qısamüddətli dövrdə neftin qiymətində kəskin bahalaşma gördük. Bu, son nəticədə inflyasiyanın təzyiqlərini sürətləndirdi. Ona görə də düşünmürəm ki, OPEC-in qəbul etdiyi bazarlarda qiymətlərə çox ciddi təsir göstərəcək və bu, Azərbaycanda sosial siyasətə hansısa formada təzyiq göstərsin”.

Ekspert deyir ki, növbəti dövrlər haqqında nəsə demək hələ tezdir:

“Çünki müxtəlif faktorlar var. Həm qlobal inflyasya təzyiqləri, həm ABŞ-ın, Qərbin neft hasilatçısı ölkələrə, xüsusilə də Səudiyyə Ərəbistanına təsiri, İranla sövdələşmələrə yenidən qayıtmaqla bağlı planlar və s. daxildir. Ancaq bugünkü situasiyada, OPEC-in qəbul etdiyi qərarın Azərbaycanda sosial-siyasətin icrasına ciddi təsiri olmayacaq. Onsuz da Azərbaycan neftini ötən ilin ötən dövründə baha satıb və burada profisit formalaşdıra bilib. Burada hər hansı ciddi təhlükə görmürəm. Ancaq ciddi inflyasiya var. Bu inflyasiya fonunda sosial paketlər açıqlanmalıdır. Bir çox ölkələr yarımillik sosial paketlər açıqlamaq, indeksləşdirmə aparmaq məcburiyyətində qalıblar. Azərbaycanda buna yaxın düşmürlər. Ola bilsin ki, sabah hər hansı bir passiv sosial siyasəti bununla arqumentləşdirməyə çalışsınlar. Yəni “neft ucuzlaşır” və s. kimi bir görüntü yaradılsın. Bunun özü də çox yalnış bir təsəvvür ola bilər. İndiki şərtlər daxilində neftin 70 dollara qədər ucuzlaşması belə, Azərbaycanda potensial sosial dəstək paketlərinin, indeksləşdirmənin, gəlirlərin optimallaşdırılmasının və inflyasiyanın yaradacağı yoxsulluq təzyiqlərinin azaldılması istiqamətində fəaliyyətlərin icra edilməsinə ciddi təsir göstərmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.