Masallı məhkəməsinin hakimindən prezidentə şikayət... - "İşimlə bağlı keçirilmiş məhkəmə prosesi..."
12-05-2016, 12:37
Masallının Rudəkənar kənd sakini Rəhimov İkram Rafiq oğlu rayon Məhkəməsinin hakimi Anar Alməmmədovun və katib Emin Teymurovun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Məhkəmə-Hüquq Surasının sədri Fikrət Məmmədova və Məhkəmə-Hüquq Şurasının üzvlərinə müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:
“Hörmətli Prezident və hörmətli cənab sədr!
Keçən ay Masallı rayon məhkəməsinə müraciət edib iddia qaldırmışdım. Həmin iddiama Masallı rayon məhkəməsində 19 aprel və 2 may tarixlərində baxıldığını zənn etmişdim. Hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən proseslərdən öncə Masallı rayon məhkəməsində katib işləyən Teymurov Emin tərəfindən mənə tələb irəli sürüldü. Həmin tələbdə bildirilirdi ki, hakim Anar Alməmmədova mənim iddiamı təmin etmək üçün 500 manat verməliyəm. Mən ilk öncə heç bir cavab vermədim və hakimlə görüşüb söhbət edəndə məlum oldu ki, tələb yerinə-yetirilməlidir. Bundan sonra prosesi gözlədim və irəli sürülən tələbləri yerinə-yetirməkdən imtina edəcəyimi gizlətdim. Məhkəmənin may ayının 2-si saat 14-00-a təyin olunmuş prosesində hakim Anar Alməmmədov iddiamı təmin etdiyini elan etdi. Ayın 3-ü isə katib Emin Teymurov mənə zəng edərək iddiamın qismən təmin etdiyini və digər tələblərimin rədd edildiyini bildirdi.
Hörmətli cənab Prezident və hörmətli cənab sədr!
Məhkəmənin hakiminin qərar qəbul edib sonra onu dəyişməsi məni narahat etdi. Apardığım araşdırmalar və əldə etdiyim sənədlər göstərir ki, işimlə bağlı keçirilmiş məhkəmə prosesi heç bir qanuna əsaslanmayan özbaşınalığın göstəricisidir. Belə ki, hakim Anar Alməmmədov mənim imzamla olan iddia ərizəmi yox etmiş və özü mənim yerimə ərizə yazmışdır. Həmin yazdığı iddia ərizəsinə mənə məxsus olmayan imza da atmışdır. İndi əlimdə olan və baxılıb qərar qəbul edilən iddia ərizəsində imzanın və yazılan tələblərin mənə məxsus olmadığının şahidiyəm. Mənim imzamla təsdiq edilməyən iddia ərizəsinə Hakim Anar Alməmmədovun və ya kimin imza atdığını deyə bilmirəm. Lakin əminliklə deyirəm ki, iddia ərizəsi hakim tərəfindən dəyişdirilmiş və bu qanunsuzluq mənim iddiamın təmin edilməməsi üçün həyata keçirilmişdir.
Bundan əlavə iddia ərizəmə əlavə vəsadət əlavə edən və imzalayan hakim qarşı tərəflə razılaşdıqdan sonra zalda elan etdiyi qərarı bir gün sonra dəyişmişdir. İlk dəfə elan etdiyi qərara cavabdeh tərəfin etiraz etdiyini görən hakim aldığı rüşvəti geri qaytarmaq istəmədiyi üçün bu addımı atmışdır. Qəbul olunmuş qərarı dəyişdirəndən sonra hakim Anar Alməmmədovla əlaqə saxladım. Anar müəllim mənə bildirdi ki, “burda sən heçnə itirmirsən. Ver Apelyasiya məhkəməsinə qoy iddianı təmin eləsinlər. Mən qorxuram”. Bəs dediyiniz tələbi etsəydim necə qorxmazdınız? Mənim iddia ərizəmi dəyişib yerimə iddianı və imzanı kim təşkil edib suallarıma hakim “bilmirəm dedi”
Hörmətli cənab Prezident və hörmətli cənab sədr!
Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovun və məhkəmənin katibi Emin Teymurovun qanunsuz əməllərindən bu gün mənəvi sarsıntı keçirirəm. Bir hakimin mənim iddia ərizəmi dəyişdirərək adımdan xəbərim olmadan iddia ərizəsi yazması və yerimə imzalaması qanunun kobud şəkildə pozulması deməkdir. Lakin, mənə aid olmayan iddia ərizəsinə imza atması görünür hakim və onun əlaltılarının qanundan qorxmadığını göstərir. Yuxarıda qeyd etdiklərimi və hüquqlarımın kobud şəkildə pozulmasını nəzərə alaraq Sizdən hakim Anar Alməmmədovun və katib Emin Teymurovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün tapşırıq verməyinizi xahiş edirəm.
Sizə öncədən təşəkkür edirəm.
Hörmətlə: Rəhimov İkram Rafiq oğlu
Masallı rayon, Rudəkənar kəndi