"Apple"ın süni intellekt dilemması: "Siri"nin" ChatGPT" ilə sınağı
Bu gün, 17:24

Ağıllı telefon sektorunda süni intellektin rolu getdikcə artarkən, ABŞ-ın "Apple" şirkəti rəqiblərinin gerisində qalmaqda ittiham olunur.
Valyuta.az xəbər verir ki, "Samsung", "Huawei", "Xiaomi" və "Google" kimi texnologiya nəhəngləri yeni modellərində süni intellektə böyük sərmayələr yatırarkən, "Apple"ın bu sahədəki susqunluğu müzakirələrə səbəb olub.
Şirkətin hər il təşkil etdiyi "Worldwide Developers Conference" tədbirində bu il bir sıra yeniliklər tanıdılmasına baxmayaraq, süni intellektlə bağlı heç bir təqdimatın olmaması "Apple"ın yarışda geridə qaldığı fikrini gücləndirib. "Apple" proqram təminatı rəhbəri Kreyq Federiqi də çıxışında "Yüksək keyfiyyət standartlarımız səbəbindən bu xüsusiyyətləri istifadəyə vermək üçün daha çox vaxta ehtiyacımız var" sözləri ilə gecikməni etiraf edib.
"Siri" layihəsindəki ləngimələrdən sonra şirkət layihənin rəhbəri Con Ciannandreanı vəzifəsindən uzaqlaşdıraraq, daha əvvəl "Vision Pro" layihəsində çalışmış Mayk Rokvelli yeni rəhbər təyin edib.
"Apple"ın son dövrlərdə süni intellekt sahəsində atdığı ən mühüm addımlardan biri də "OpenAI" ilə əməkdaşlıq olub. Bu çərçivədə "Siri", cavablandıra bilmədiyi mürəkkəb suallarda istifadəçiləri birbaşa ChatGPT-yə yönləndirəcək. Beləliklə, "iPhone" istifadəçiləri "Apple" ekosistemi daxilində dolayı yolla da olsa generativ süni intellekt təcrübəsindən yararlana biləcək.
"Samsung" uzun illərdir süni intellektə böyük investisiyalar qoyur. Şirkətin "Galaxy AI" adlanan texnologiyası istifadəçilərə müxtəlif sahələrdə fərqli imkanlar təqdim edir. İstifadəçilər yan düyməyə uzun basaraq "Google"un "Gemini" süni intellekt köməkçisini bütün tətbiqlərdə işə sala bilirlər.
"Google Pixel" seriyasında "Gemini" inteqrasiyası ilə yanaşı, "Veo 3" modeli sadəcə təsvir əsasında qısa videolar yarada bilir. "Huawei" isə öz "Celia" köməkçisini "Pangu" və "DeepSeek AI" modelləri ilə gücləndirərək daha insanaoxşar cavablar verməsini təmin edib. "Xiaomi" və "Oppo" isə real vaxt tərcümə və mətn xülasəsi kimi funksiyalar təqdim edir.
2025-ci ilin ortalarına qədər keçirilən "DxOMark" testlərində kamera keyfiyyəti üzrə Çinli istehsalçılar üstünlük qazanıb. İyulda satışa çıxan "Huawei Pura 80 Ultra" 175 xal toplayaraq siyahıda birinci yeri tutub. Onu "Oppo Find X8 Ultra" və "Vivo X200 Ultra" izləyib. "Apple"-ın ən yeni modeli "iPhone 16 Pro Max" isə 161 xalla beşinci yerdə qərarlaşıb.
Telefon satışlarında "Samsung" dünya lideri olaraq qalır. 2025-ci ilin ikinci rübündə şirkət 60,6 milyon ədəd telefon satışı ilə birinci, "Apple" isə 46,4 milyonla ikinci olub. "Xiaomi", "Vivo" və "Transsion" isə onları izləyib.
Bununla yanaşı, brend dəyərinə görə "Apple" liderliyini qoruyub. "Brand Finance"ın araşdırmasına əsasən, 574,5 milyard dollarlıq brend dəyəri ilə "Apple" birinci olub. Siyahıda "Microsoft" 461,1 milyard dollarla ikinci, "Google" 413 milyard dollarla üçüncü sırada yer alıb.