“5 il əvvəl qadınlar iqtisadi səbəblərdən insan alveri qurbanı olurdular, indi isə...” - Mehriban Zeynalova

21-05-2016, 11:29           

İkimərtəbəli, gözəl təmirli bir villa... Onu həmin həyətdəki gözəgəlimli evlərdən fərqləndirən isə içindəki ağrılı talelərdir. Bəli, burda həyatın şilləsini bu və ya digər formada dadmış qadınlar balaca körpələri ilə (və ya körpəsiz) ayağa durmağa cəhd edirlər. “Ana” deyib, çəlimsiz bir qadına tərəf qaçan balaca körpə hələ də xəbərsizdir ki, onlar niyə evlərindən bura gəliblər.

Əvvəl “başqa xalalarla” qaldıqları evdən yeni evə köçmələrinin səbəbi nədir? Biləcək təbii ki... Aradan 15-20 il keçəndən sonra taleyinə ortaq olduğu anasının gerçək hekayəsini eşidəcək, onunla birgə zamanında gördüyü şiddətin izlərini üzərindən götürməyə çalışacaq. Bacaracaqmı?..

Öncə elan yayıldı - yeni mərkəz istifadəyə verildi!

Bir gün öncə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə vasitəsilə elan etdi ki, artıq yeni ofisə köçüblər. “Ofisimiz 2 mərtəbəli binadır. İkinci mərtəbə sığınacaq üçün, birinci mərtəbə isə işçilər üçün xidmət otaqlarıdır. Artıq 30 nəfəri eyni vaxtda yerləşdirmək imkanımız olacaq. Sosial həssas olan bütün qadın və qızlar üçün sığınacağımız xidmətə hazırdır. Telefonlarımız dəyişməzdir: 408 56 96
408 56 86
511 11 51"

Mehriban Zeynalova: “Bu, yeni modeldir...”

“Yeni Müsavat” daha öncə bir neçə dəfə bu sığınacaqdan, ordakı qadınların hekayəsindən yazılar yazıb, tükürpədici, ancaq filmlərdə görməyə alışdığımız hadisələrin real həyatdakı qəhrəmanlarını təsvir edib. Elandan isə aydın olur ki, daha öncə M.Zeynalovanın şəxsi mənzilində fəaliyyət göstərən sığınacaq evi indi daha yüksək şərtlərlə, qurbanlar üçün bir çox imkanları təmin edən şəkildə fəaliyyət göstərəcək. Daha öncəki məkanı gördüyüm üçün ikisi arasındakı fərqi çözmək də çətin olmadı.

Budur, elanın yayılmasından bir sutka sonra ordayıq. Ətrafda ustalar dolaşır, aparat səsindən qulaq tutulur. Hər şey yenilənir, təmir olunur, sığınacaq evinin konsepsiyasına uyğun qurulur - qapı da, pəncərə də, bütün sistem də... İlkin prinsip də elə budur - təhlükəsizlik. Adı üstündədir axı, bura insan alveri, eləcə də məişət zorakılığının qurbanları üçündür. Bu səbəbdən də onların təhlükəsizliyi ilk sıradadır.

Mərkəzin rəhbəri Mehriban xanımla sığınacaq evini gəzə-gəzə söhbətləşirik. Öncə bizə bu məkanın tarixindən danışır: “Bu sığınacaq hər zaman mövcud olub. Azərbaycanda ilk dəfə 2002-ci ildə sığınacaq açıldı. Uzun illər öz evimi sığınacaq kimi istifadəyə vermişəm. Bu məkan isə icarəyə götürülüb. Niyə biz dəyişiklik istədik? İllərdir fərqli model qoymaq istədik. Arzumuz bu idi ki, Azərbaycanın öz modeli olsun və bu, bütün beynəlxalq standartlara uyğun olsun. Məxfilik, qapalılıq, eləcə də zərərçəkmişlərin tam rahat olması, işçilərlə zərərçəkmişlərin ayrı-ayrı yerlərdə olması baxımdan standartlar olmalıdır. Əvvəlki yerdə işçilərlə zərərçəkənlərin kontaktı olurdu. Bu, arzuedilən deyildi. İndi sığınacaqda qalanlar heç kimlə ünsiyyətdə olmayacaq. Daha doğrusu, öz yerlərində, ikinci mərtəbədə qalacaqlar. Aşağıda isə işçi personalı olacaq”.

Seminar otağı, kitabxana və reabilitasiya məkanı...

Mehriban xanım seminar otağını göstərir. Deyir ki, bura müxtəlif tanınmış şəxsləri, sahibkarları, öz sahəsində ixtisaslaşmış şəxsləri dəvət etməyi planlaşdırırlar. Məqsəd sığınacaq sakinlərində stimullaşdırmanı, özünə inamı artırmaqdan ibarətdir. Sahibkar insan alveri və ya məişət zorakılığı qurbanına nə öyrədə bilər? Təəccübümü gizlətmirəm, Mehriban xanım izahat verir: “Uzun illərin təcrübəsi göstərdi ki, zərərçəkmiş şəxslərin öz iqtisadi gücü olmayınca təkrar həssas qrupa çevrilməsi mümkündür. Doğrudur, biz onları peşə kursuna göndəririk. Amma bəzən iş adamının yanına gedir, müqavilə bağlamırlar, az əməkhaqqı alırlar və sair. Amma bizim modelimizdə belədir ki, zərərçəkmiş burda seminar iştirakçısı olur. O zaman da onun özünü stimullaşdırmaq, kiçik sahibkarlıq fəaliyyətinə cəlb olunma imkanları yaranır ki, bu da ayaq üstə dayanmasına kömək edir. Bu arada biz sığınacaqlar şəbəkəsi arasında memorandum imzaladıq. Mən vahid memorandum hazırladım, bunun əsasında vahid sənədləşmə işi olacaq. Təbii ki, beynəlxalq standartlara istinad edəcəyik. Amma fərqli milli xarakterə və qanunvericiliyə uyğun özəl məqamlara uyğunlaşdırılmış sənədləşmə modeli olacaq. Niyyətim odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən Daxili İşlər Nazirliyinin nümayəndələrini, eləcə də beynəlxalq təşkilatlardan, xarici ölkələrdən gələn qonaqları bura dəvət edib sığınacağı göstərmək istəyirik”.

Birinci mərtəbə mərkəzin işçiləri üçün nəzərdə tutulub. Seminar otağı, kitabxana, psixoloq otağı... ayrı-ayrılıqda yerləşir. İkinci mərtəbə isə qurbanlar üçün. Hazırda mərkəzdə 16 nəfər qalır. Biz orda olduğumuz müddətdə qadınların bir hissəsi tibbi müayinə üçün mərkəzdən kənarda idilər. Otaqları gəzdikcə isə mərkəzdə qalanların çoxunu görürəm. Uşağını yatızdıran məişət qurbanı qadın, zorakılığa məruz qalmış yaşlı ana....

Onların bəzilərinin hekayəsini “Yeni Müsavat” daha öncə yazdığı üçün təkrarçılıq etmək istəmirik. Mehriban xanım sığınacaq üzvləri üçün yaradılan şəraitdən danışmaqda davam edir: “Yer 30 nəfərlik olacaq, çarpayılar isə ikimərtəbəli. O cümlədən dincəlmə otaqları, karantin otaqları da ayrı-ayrıdır. Uşaqlı qadınların otaqları ayrıdır. Bizə yönləndirmə müxtəlif qurumlardan olur. Əvvəllər bizdən xidmət almış insanlar yardıma ehtiyacı olanları bura yönəldir. Jurnalistlərin yönləndirməsi də xüsusən çox olur”.

Sığınacaq evində yaşamağın şərtləri sərtləşdirilib

Müsahibimiz bəzi hallarda insan alveri qurbanları ilə məişət zorakılığı qurbanlarının eyni məkanda saxlanmasına edilən etirazları yada saldı. Dedi ki, bu, insan haqlarının pozulması ola bilər: “İnsan haqlarından danışanda ayrı-seçkiliyin mümkünsüzlüyünü deyirik. Sosial həssas istənilən qadın və qızlara yardım göstəririk. Bəzən deyirlər ki, məişət zorakılığı qurbanları insan alveri qurbanlarının yanında qalmamalıdır. Axı hər ikisi cinayət qurbanıdır. İnsan alveri qurbanı öz xoşu ilə bu yola gəlməyib ki? Bu damğanı vurmaqla ayrı-seçkilik, xidmətdə fərqlilik edərik. Birinin reabilitasiyası bir az çətin ola bilər. Bundan başqa, məişət zorakılığı qurbanlarının çoxu sonradan insan alveri qurbanına çevrilib. Çünki yaxınları dəstək verməyib”.

Bu yerdə isə M.Zeynalova gerçəkdən təəccübümə səbəb olan bir nəticəni səsləndirdi. Dedi ki, artıq qadınların insan alveri qurbanına çevrilmələrinin səbəbi ayrıdır: “Əvvəllər iqtisadi amillər qadınları insan alverinin qurbanına çevirirdisə, son 5 ildəki tendensiya onu göstərir ki, məişət zorakılığı zəminində zərərçəkmiş qadınlar insan alverinin qurbanına çevrilirlər. Bu tendensiyanı bilə-bilə onları ayırmaq olmaz. Məişət qurbanının sonradan ailəyə inteqrasiyası məsələsi var. Bunu da təmin etmək lazımdır. İnsan alveri qurbanının reabilitasiya müddəti uzun keçir. Əgər o, 10-15 gün istismar müddətində qalıbsa, onun deqredasiyası tez pozulur. İnsan alverçisinin etdiyi ideoloji basqı, ona qarşı edilən hərəkətlər, şəxsiyyətin pozulması kifayət qədər travmalara gətirib çıxarır. Bu halda ən azı 6 ay reabilitasiyası gedir”.

Sığınacaq evinə daxil olmanın şərtləri də bir qədər sərtləşdirilib. M.Zeynalova danışır ki, indən belə reabilitasiyaya götürdüyü şəxslərdən ərizə alacaq: “O ərizədə qeyd olunacaq ki, şəxs reabilitasiya prosesində aktiv olacaqsa, onu reabilitasiyaya götürəcəyik. Əksər hallarda şəxslər sığınacağı sadəcə yataqxana hesab edərək burdakı təlimlərdə, reabilitasiya prosesində passiv iştirak edirlər. Bu isə həm iqtisadi, həm də rebilitasiyanın effekti baxımdan yararsız olur. Yeni sənədləşmədə bunu qeyd edirik. Mütəxəssisin bütün tələbini yerinə yetirəcəksə, reabilitasiya davam edəcək. İkinci bir məsələ: reabilitasiyanı dövrə bölmüşəm. Şəxsin tibbi müayinədən keçməsi. Daha sonra sosial işçi onun ehtiyaclarını müəyyən edir. Hüquqi psixoloji yardıma ehtiyacı olub-olmadığını müəyyən edən cədvəl hazırlanır. Ay yarım hüquqşünas və psixoloq onunla işləyir. Sonra şəxs peşə kurslarına getmək istəyirsə, biz onu yönləndiririk. İki ay müddətində peşə kursundan sonra əmək fəaliyyəti ilə məşğul olacaq. Daha iki ay qala biləcək. Əlinə müəyyən kapital yığmasını gözləyəcəyik. Biz göstərmək istəyirik ki, çox kiçik kapitalla vəziyyətdən çıxmaq mümkündür”.

“İmkanımız pis olanda peraşki bişirib satırdıq”

Müsahibimiz deyir ki, “kiçik kapitalla vəziyyətdən çıxma” modelini “Təmiz Dünya” mərkəzi olaraq daha öncə tətbiq ediblər və bu, uğur qazanıb: “O biri ofisdə maddi durumumuz çox pis olanda, kommunal xərcləri ödəyə bilməyəndə peraşki bişirib satdıq. Sonra popkorn satdıq. Bu, adi bir şeylərdir ki, kiçik sahibkarlıq üçün bunu etmək mümkündür. Çörək, şirniyyat bişirməklə dolanmaq mümkündür”.

Bəs sığınacağa gələn qadınlar hansı hallarda ordan uzaqlaşdırılır? Şərtlərə əməl etmədikdə, ya?..

M.Zeynalova: “Sığınacağa təhlükədə olan, azyaşlı uşaqları ilə küçədə qalmış qadınlar, insan alverindən zərər çəkmiş qadınlar götürülür. Bəzən zəng vururlar ki, evin kirayəsini ödəyə bilmirəm, gəlib orda qalmaq istəyirəm. Bu, heç cür mümkün deyil. Buranı yataqxana kimi görmələrini istəmirəm. Elə adamlar adaptasiyada oturmaq istəmir və riayət etmirlər. Davranışları ilə sığınacaq sakinlərinə zərər verirlər. Ona görə də biz burda qalanlardan insan haqlarına uyğun olan, amma daxili nizam-intizam qaydaları tərtib edirik. Şəxs o vaxt sığınacaqdan çıxarıla bilər ki, sığınacaq daxilində aqressiv olsun, içəridə konflikt yaratsın, sığınacaq qaydalarına tabe olmasın”.

Sonda... Bu da həyatın zərbəsini görmüş qadınların ümid yeri, yeni, təmirli, normativlərə uyğun sığınacaq evi. Ayağa durmaq, yenidən büdrəməmək üçün psixoloq, həkim, sosioloq, sahibkar... seminarları, reabilitasiya kursları, əmək, əmək, yenə də əmək... Amma bundan öncə güclü iradə. Əks halda bunların heç bir faydası olmur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.