İcbari tibbi sığortaya qoşulmayan özəl klinikalar bağlanır? - AÇIQLAMA

18-11-2022, 16:45           
İcbari tibbi sığortaya qoşulmayan özəl klinikalar bağlanır? - AÇIQLAMA
Ölkədə icbari tibbi sığortanın tətbiqini təmin etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirmək və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir.

TEREFD.AZ bildirir ki, agentliyin məqsədləri sırasında əhalini tibbi sığortaya cəlb etməklə yanaşı xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək yer alıb.

Qeyd edək ki, 1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir. Artıq ölkədə bir sıra klinika və xəstəxanalar icbari tibbi sığortaya cəlb edilib. Ancaq bu gün bəzi klinikalara müraciət etdiyi zaman vətəndaşlara tibbi sığorta paketi ilə bağlı dəqiq məlumat verilmir. Məsələn, xəstəxanalara müraciət zamanı vətəndaşların bir çoxu “narkoz”un ödənişsiz olduğunu bilmir. Yaxud bəzi özəl klinikaların qəbul şöbəsində icbari tibbi sığortanın keçərli olması ilə bağlı məlumat olsa da, məsələn, analiz üçün yüksək məbləğ tələb edilir.

Vətəndaş tibbi sığortanın keçərli olduğu halda niyə vəsait tələb edildiyini soruşduqda bildirilir ki, “şəxsi sığorta”olmalıdır. Bu gün faktdır ki, əhali heç də icbari tibbi sığorta ilə bağlı ətraflı məlumata malik deyil, xüsusilə də özəl klinikalarda bu proses o qədər də əlçatan deyil.

Özəl tibb müəssisələrinin İcbari Tibbi Sığorta sisteminə daxil olması üçün özləri müraciət edir və onlar hansı şərtlər əsasında qəbul edilir? İcbari tibbi sığortaya daxil edilməyən klinika və xəstəxanalar bağlanacaqmı?

TEREF.AZ yazır ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirdilər ki, qurum 92 özəl tibb müəssisəsi ilə müqavilə bağlayıb:

“Agentlik özəl tibb müəssisələrinin müraciəti əsasında müqavilə bağlanmasını təmin edir. Müqaviləli tibb müəssisələrinin siyahısı mütəmadi olaraq yenilənir. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır: geniş çeşiddə xidmət təklif etmə imkanı, güclü maddi-texniki bazaya, ixtisaslı tibbi heyətə malik olması və s. Məlumat üçün bildirək ki, vətəndaşlara TƏBİB-in tabeliyindəki hər hansı tibbi xidmətin göstərilməsi mümkün olmadıqda bu zaman agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş verilir. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir”.

İcbari Tibbi Sığortaya cəlb edilməyən özəl tibb müəssisələrinin fəaliyyətinin dayandırılmasına gəldikdə isə qurumdan bildirildi ki, bu məsələ agentliyin səlahiyyətinə aid deyil. Qanunda isə icbari tibbi sığortaya cəlb edilməyən özəl xəstəxanaların ləğvi yoxdur və onlar könüllü şəkildə müraciət edirlər. Qeyd edək ki, özəl klinikaların fəaliyyətinə lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.